“Balkhoorma”nın yaranışı və uğur sərgüzəştləri

Mən, tariyel Mirzoyev, 28 dekabr 1977-ci ildə Bakıda anadan olmuşam. Orta təhsilimi 225 saylı məktəbdə almışam, sonra ABŞ-da Hazel Green High School-da oxumuşam. Ali təhsilimi Qərb Universitetində davam etdirmişəm. Daha sonra Moskva Dövlət Hüquq Akademiyasında təhsil almışam. Təhsil yolum mənə həm yerli, həm də beynəlxalq təcrübə qazandırıb. Hazırda "Balhkoorma" şirkətinin təsisçiyəm.
Ofisimdə oturub Zaqatala-Balakən regionunun geniş meyvə bağlarına baxır, illər öncə qeyri-mümkün görünən bir ideyanın bu gün Azərbaycanın qeyri-neft sektoru üçün ən böyük nailiyyətlərindən birinə çevrildiyini düşünürdüm. “Balkhoorma”nı yaratmaq sadəcə quru xurmanı istehsal edib ixrac etmək deyildi. Bu, bir sahənin inqilabi dəyişiminə təkan vermək, bir regionun iqtisadiyyatını dirçəltmək və Azərbaycanın dünyanın aparıcı quru meyvə istehsalçılarından birinə çevrilməsinə şərait yaratmaq idi. Qarşımıza çıxan çətinliklər və əldə etdiyimiz uğurlar təkcə bir biznes hekayəsi deyil, həm də sosial və iqtisadi təsiri olan bir missiyanın tərkib hissəsi idi.
Necə başladıq?
Azərbaycanın aqrar sektorunun potensialına həmişə inanmışam. Mən ADA Universitetində çalışdığım dövrdə, Universitet Niderlandın kənd təsərrüfatı ekspertiza təşkilatları ilə əlaqələri çərçivəsində geniş bir tədqiqat apardı. Bu araşdırma Azərbaycanın kənd təsərrüfatı sahəsində emal potensialını və ümumi aqrar sənayesinin imkanlarını dəyərləndirirdi. Analizin nəticələri göstərdi ki, ölkədə xurma istehsalı yüksək səviyyədədir və bu sahənin daha effektiv şəkildə inkişaf etdirilməsi üçün yeni emal və ixrac üsullarına ehtiyac var.
Bu ideyanı gerçəyə çevirmək üçün mənə inanıb dəstək olan insanlar var idi. Məhz bu dəstək fabrikimizin inşasına və qabaqcıl avadanlıqların alınmasına imkan yaratdı.
Fabrikimizi qurarkən və meyvələrin qurudulması üçün avadanlıqlar alarkən, biz tərəfdaşlarımız olan Niderland və Koreyanın ən yaxşı təcrübələrindən faydalandıq. Qurutma texnologiyalarının və emal proseslərinin effektivliyini artırmaq üçün hər iki ölkənin qabaqcıl üsullarını öz istehsalatımıza tətbiq etdik.
Azərbaycanın qeyri-neft sektoru yeni formalaşırdı
“Balkhoorma”nın ilk addımları asan olmadı. Fermerlər bu miqyasda qurudulmuş xurma istehsalının effektivliyini dərhal anlaya bilmirdi. Xarici bazarlarda quru xurma tanınmır, Azərbaycanın qeyri-neft sektoru yeni formalaşırdı. Beynəlxalq standartlara cavab vermək, güvən qazanmaq və loqistika problemlərini həll etmək kimi çətinliklərlə üzləşirdik.
Bundan əlavə, loqistika böyük bir çətinlik idi. Biz xurma tədarükünü təmin etmək üçün Azərbaycanın müxtəlif bölgələrindən məhsul toplamalı idik. Fermerlərin məhsullarını vaxtında toplayıb fabrikə çatdırmaq üçün geniş və effektiv nəqliyyat şəbəkəsi yaratmalı olduq.
İxrac prosesləri də asan deyildi. Xurma beynəlxalq bazarlarda çox yeni məhsul olduğu üçün alıcıları onun keyfiyyətinə və üstünlüklərinə inandırmaq lazım idi. Əvvəlcə müştərilər quru xurmanı tanımır və onu bazarlarındakı digər məhsullarla müqayisə edirdilər. Biz uzunmüddət təbliğat işləri apararaq, məhsulumuzun fərqli xüsusiyyətlərini vurğulamalı olduq.
Çətinliklərin öhdəsindən necə gəldik?
İlk olaraq fermerləri həqiqi dəyər qazanacaqlarına əmin etmək lazım idi. Onlarla seminarlar keçirdik, təlim proqramları təşkil etdik və onlara tərəfdaş olduğumuzu göstərdik. Fermerlərin etibarını qazanmaq üçün onlara zəmanətli alış müqavilələri təklif etdik ki, məhsullarını rahat şəkildə sata bilsinlər.
Daha sonra ixrac bazarını araşdırıb Avropa və ABŞ-dan başlamaqla potensial alıcılarla görüşlər keçirdik. Bu bazarlara daxil olmaq üçün lazım olan sertifikatları alaraq Avropanın aparıcı supermarketlərində yer almağa nail olduq. Məhsulumuzu beynəlxalq sərgilərdə nümayiş etdirdik və alıcılara keyfiyyətimizi sübut etdik. Beynəlxalq qida sərgilərində iştirakımız ASK və AZPROMO təşkilatlarının daimi dəstəyi ilə həyata keçirilir. Bu təşkilatların köməyi ilə biz dünya bazarlarında mövqeyimizi gücləndirə bilirik.
İnnovativ yanaşmalar tətbiq etdik: “Balkhoorma”nın məhsullarını daha cəlbedici etmək üçün xüsusi dizaynlı qablaşdırmalar hazırladıq, yeni texnologiyalar tətbiq etdik və məhsulun uzunömürlülüyünü artırdıq. Eyni zamanda, bazarda fərqlənmək üçün premium seqmentə yönəldik və quru xurmanı şokolad və digər əlavələrlə birləşdirərək yeni dadlar yaratdıq. Bu yanaşmalar bizi bazarda rəqabətə davamlı etdi.
“Balkhoorma”nın komandası şirkətin ürəyidir
İllər ərzində biz təkcə güclü bir brend deyil, həm də güclü bir komanda formalaşdırdıq. “Balkhoorma”nın uğurunun arxasında inkişafa açıq, innovativ və peşəkar insanlardan ibarət komanda dayanır. Bu gün “Balkhoorma”nın komandası şirkətin ürəyidir və onların əzmkarlığı, biliyi və təcrübəsi sayəsində biz yeni nailiyyətlərə imza atırıq.
Fəxr edirik ki, Balkhoorma təkcə Azərbaycanda deyil, dünyada quru meyvə sahəsində etibarlı bir brenddir. Rusiya, İsrail, Yaponiya, ABŞ, Kanada, Almaniya, Litva, Türkiyə, Polşa və Avstraliya da daxil olmaqla çoxsaylı bazarlara da məhsullarımız ixrac edilir. Biz artıq dünyanın müxtəlif ölkələrində premium quru xurma seqmentində tanınan bir marka olmağı bacarmışıq.
“Balkhoorma”nın uğuru təkcə bir biznes hekayəsi deyil, həm də sosial təsir yaradan bir təşəbbüsdür. Biz xurma israfını minimuma endirdik, fermerlərə daha stabil gəlir mənbəyi yaratdıq və Azərbaycanın qeyri-neft sektorunun inkişafına töhfə verdik. Regionda yeni iş yerləri açıldı, infrastruktur inkişaf etdi və yerli əhali üçün iqtisadi imkanlar genişləndi. Bundan əlavə, biz öz bağlarımızı salmağa başladıq, beləliklə, məhsul tədarükünün davamlılığını və keyfiyyətin tam nəzarətdə saxlanmasını təmin etdik.
Nəyi daha yaxşı edə bilərdik?
Bugün geriyə dönüb baxanda, bəzi işləri daha sistemli şəkildə etməyin faydalı ola biləcəyini düşünürəm. Xüsusən, bazara daxil olma strategiyalarımızı daha erkən mərhələdə planlamaq və texnologiya tərəqqisindən daha sürətli istifadə etmək mümkün idi.
Eyni zamanda, marketinq strategiyamızı daha erkən mərhələdə daha aqressiv şəkildə qurmaq və brend hekayəmizi daha geniş auditoriyaya çatdırmaq da bizə əlavə üstünlük qazandıra bilərdi. Müxtəlif ölkələrdə distribütorlarla daha erkən danışıqlar aparıb, “Balkhoorma”nın tanınmasını daha da sürətləndirə bilərdik.
Azərbaycanda aqrar sahənin potensialı böyükdür
Hər bir iş qurmaq istəyən gəncə və sahibkara mesajım budur: qarşıya çıxan çətinliklər sizi dayandırmasın. Uğur səbr, inam və düzgün strategiya ilə reallaşır. "Balkhoorma" nümunəsi göstərir ki, Azərbaycanda aqrar sahənin potensialı böyükdür və inandığınız bir ideyanı reallığa çevirmək tamamilə mümkündür.
Ən əsası, böyük məqsədlər qoymaqdan qorxmayın. Hər böyük uğur kiçik bir ideyadan başlayır və bu ideyanı gerçəyə çevirmək üçün ardıcıl və sistemli çalışmaq lazımdır.