Axtar

Tahir Mirkişli: “Maliyyə resurslarının maya dəyəri aşağı salınmalıdır"

2021-ci ildə ölkə iqtisadiyyatı ilə bağlı qanunvericilikdə hansı yeniliklər gözlənilir, ölkənin iqtisadi siyasətində nə kimi dəyişikliklər ola bilər? Bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin müsahibəsini təqdim edirik. 

 

- 2020-ci ili iqtisadiyyatın vəziyyəti baxımından dünya və Azərbaycan üçün necə qiymətləndirirsiniz?

- 2020-ci il hər şeydən əvvəl Azərbaycan Respublikasının dövlətçilik və müstəqillik tarixinə möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsi, işğalçı Ermənistan üzərində qazanılan möhtəşəm hərbi-siyasi-iqtisadi Qələbə ili kimi həkk olundu. Bu qələbə uzun illər ərzində ardıcıl olaraq, boyük işgüzarlıq, peşəkarlıq və ən əsası, milli birlik hesabına Azərbaycanın bütün resurslarının bir dəmir yumruq kimi birləşib düşmənlərmizi məğlub etməsilə mümkün olmuşdur. Bu qələbə 100 illər ərzində görülən və görüləcək işlərdən daha böyükdür. 

2020-ci il üçün iqtisadiyyatımızın əvvəlcədən planlaşdırılmış inkişaf proqnozları yüksək olmuş, 2020-ci ilin 1-ci rübünün iqtisadi göstəriciləri bu proqnozların reallığa yaxın olduğunu göstərmişdir. Lakin 2-cü rübün başlanğıcından etibarən Covid-19 pandemiyasının dünyada, o cümlədən Azərbaycanda geniş yayılması təbii olaraq hökumətin hədəflərini dəyişmiş, dövlət başçısı cənab İlham Əliyevin göstərişi ilə vətəndaşların sağlamlığı əsas meyar kimi seçilmiş, iqtisadi aktivlik planlı şəkildə məhdudlaşdırılmışdır. Ümumilikdə, 2020-ci il bütün dünyada olduğu kimi Azərbaycanda da Covid-19 pandemiyası ilə mübarizə şəraitində keçmişdir.

İl ərzində dünya neft bazarında qiymətlərin kəskin ucuzlaşması iqtisadi böhranın əhatəliyini və kəskinliyini daha da artırmışdır. Böhran dünya əmtəə qiymətlərinin enerji sektorunda 18.3% ucuzlaşması, qeyri-enerji sektorunda 16.1% bahalaşması, dünya ərzaq qiymətləri 6.5% yüksəlməsi, neftin qiymətinin isə 33% düşməsi ilə müşaiyət olunmuşdur. Belə bir şəraitdə qlobal Ümumi Daxil Məhsul 5%-dən çox azalmış, qlobal borclar rekord artım göstərib və qlobal ümumi daxili məhsulun 355%-nə çatıb. 

Beləliklə, 2020-ci ilə Azərbaycan 3 cəbhədə - pandemiya ilə, qlobal böhran və işğalçı Ermənistan ilə mübarizə aparmış və bunun üçün kifayət qədər resurslarını səfərbər edib. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşmış və dünyanın 10 ən islahatçı ölkələri sırasına daxil edilmişdir.

2020-ci ildə ölkəmizdə Ümumi Daxili Məhsul 4.3% azalsa da, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 12,5%, kənd təsərrüfatında məhsul istehsalı 2% artmış, inflyasiya isə 2.8% olub. Xarici ticarət dövriyyəsinin azalmasına baxmayaraq, ticarət saldosu müsbət 3 mlrd. dollar, 2020-ci ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 11,4% artaraq 707 manat təşkil edib.

 

- Azərbaycan hökuməti pandemiyadan zərərçəkən iqtisadi sahələrə dövlət dəstəyi tədbirləri həyata keçirdi. Bu dəstək tədbirlərini nə dərəcə effektiv hesab edirsiniz?

- Dövlət Başçısı cənab İlham Əliyevin və 1-ci vise-Prezident Mehriban xanım Əliyevanın birbaşa rəhbərliyi ilə həyata keçirilən bu tədbilər epidemiyanın yayılma səviyyəsini kəskin azaltmağa və minimum itkilərlərlə üzləşməyə səbəb olmaqla yanaşı, iqtisadiyyatımızın da gözlənilən itkilərinin minimuma endirilməsinə səbəb olmuşdur.

Koronavirus pandemiyası ilə mübarizə sahəsində təxirəsalınmaz tədbirlərin görülməsi üçün qısa bir müddətdə büdcə vəsaitlərinin səfərbər edilərək maliyyə təminatının yaradılması öz təsrini göstərmişdir. Pandemiyanın yaratdığı problemlərə baxmayaraq strateji layihələrin icrası, iqtisadi, sosial və institusional islahatların həyata keçirilməsi, ordu quruculuğu və hərbi potensialın gücləndirilməsi sahəsində görülən işlər öz müsbət nəticələrini vermişdir.

Koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq  məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması üçün dövlət başçısının 19 mart 2020-ci il tarixdə imzaladığı sərəncam ilə əhatəli proqramın icrası bütün subyektlər tərəfindən yüksək qiymətləndirilmişdir. 

Dəstək proqramı çərçivəsində Məşğulluq və sosial rifah tədbirlərinin ölkə əhaisinin demək olar ki, yarısını əhatə etməsi, orta aylıq əmək haqqının 11.4% artması təqdirəlayiq haldır.

Pandemiyaya qarşı iqtisadi tədbirlər paketi çərçivəsində fərdi sahibkarlara, muzdlu işçilərin əmək haqqlarına göstərilən maliyyə dəstəyi, pandemiyanın təsir etdiyi sahələrdə çalışan sahibkarlara əldə etdikləri mənfəətin 75%-i miqdarında güzəştlərin tətbiq edilməsi və digər çoxsaylı güzəştlər iqtisadi mühitə müsbət təsir göstərmişdir. Avropa İttifaqının 2020-ci il Biznes Muhiti hesabatında ölkəmizdə çalışan Avropa İttifaqı şirkətlərinin 75%-nin pandemiya dövründəki Azərbaycan iqtisadiyyatına mənfi təsirlərin minimallaşdırılması istiqamətində həyata keçirilən tədbirləri dəstəkləməsi müsbət haldır. Ümumilikdə bu dəstək tədbirlərindən 300 mindən çox fiziki və hüquqi şəxslər faydalanmışlar.

- Hansı dəstək mexanizm və alətlərini daha uğurlu hesab edirsiniz?

Dəstək proqramının genişliyi və sürətli icrası bütün alətləri səmərəli etmişdir. Həm birbaşa ödəmələr, həm də işçilərin əmək haqqlarının bir hissəsinin ödənməsi, böyük vergi güzəştləri sahibkarlara ayaqda qalmağa böyük dəstək olmuşdur. Maliyyə dəstəyi mexanizmlərinin tətbiq isə iqtisadi subyektlərin maliyyə öhdəliklərində müddətin artırılmasını təmin etməklə yanaşı yeni layihələrdə güzəştli kreditlərə əlçatanlığı təmin etmişdir. Bütün bunlarla yanaşı iqtisadiyyatın daha sürətli inkişafı üçün yeni alətlərə və mexanizmlərə hər zaman ehtiyac yaranır və yeni alətlərin tətbiqi üçün müvafiq işlər də aparılır.

- 2020-ci il həm də Milli Məclisə seçkilər ili kimi yadda qaldı. Ötən bir ildə Parlamentin, xüsusən də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin fəaliyyətində nəyi qeyd etmək istərdiniz?

- 2020-ci il dünyada dövlət idarəetmə sistemləri üçün sınaq ili oldu. İndiyə qədər görünməmiş bir böhranla üz-üzə gələn ölkələr vətəndaşların sağlamlığı və iqtisadiyyatın qorunması üçün mümkün olan bütün vasitələrdən istifadə etməyə çalışdılar.

VI çağırış Milli Məclis qarşısında da mühüm işlər dururdu. Ötən il mart ayının 10-da Milli Məclisin ilk iclasında çıxış edən Prezident İlham Əliyev parlamentin qarşısında olan çağırışları dəqiq təhlil etdi və müvafiq tövsiyələrini verdi. Dövlət başçısı fəaliyyətdə əsas istiqamətlər kimi kəmiyyətə deyil, keyfiyyətə üstünlük verilməsini, müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərməyi, mövcud qanunvericilik bazasını təhlil etməyi və təşəbbüskar olmağı göstərdi. Ötən 1 il ərzində Milli Məclis dövlət başçısının göstərdiyi bu istiqamətlərdə fəaliyyət göstərərək müsbət nəticələr əldə etməyə çalışmışdır.

COVID-19 pandemiyasının geniş yayılması kollektiv orqan olan Mili Məclisin də işinə xeyli təsir edib. Amma buna baxmayaraq, Milli Məclisin işində qısa müddətdə informasiya texnologiyalarının geniş tətbiq olunması işgüzarlığın artırılmasına müsbət təsir edib. Plenar iclaslarda konstruktiv müzakirələrin aparılması, komitə iclaslarında ictimai iştirakçılığın təmin olunması, qanun layihələrinin müzakirəsində üçüncü tərəflərin iştirak etməsi qəbul olunan qanunların keyfiyyətinin artırılmasına xidmət etdi.

Ötən bir il ərzində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 65 qanun layihəsi müzakirə olunub və qəbul edilib. Müxtəlif məsələlərin sahibkarlarla müzakirəsi üçün 4 işçi qrup yaradılıb və geniş təhlillər aparılıb. Mövcud qanunvericilik aktlarının təhlili üçün xarici təcrübədən yararlanmaq məqsədilə geniş araşdırmalara başlanılıb. Qanun layihələrin müzakirəsinin daha əhatəli və inkluziv olması üçün müvafiq addımlar atılıb. İnanırıq ki, görülən bu işlər qəbul edilən qanunverici aktların keyfiyyətinin daha da artırılmasına gətirib çıxaracaqdır.

- Azərbaycan prezidenti “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ini təsdiqləyib. Sənədlə əlaqədar Komitə qarşısına hansı hədəfləri qoyub?

Azərbaycan Prezidenti tərəfindən müəyyən edilən bu prioritetlər iqtisadi siyasət üzrə fəaliyyət göstərən bir komitə kimi bizim fəaliyyətimizin istiqamətlərini müəyyən etmişdir. Qəbul ediləcək bütün qanunverici aktlar bu priotetlərə iqtiqamətlənməli və müəyyən ediləcək milli həfələrə çatmaqda hüquqi çərçivə yaratmalı və iqtisadi subyektləri bu məqsədlərə xidmət etməyə sövq etməlidir. Bu məqsədlə komitədə müvafiq təhlillər aparılır, beynəlxalq təcrübə öyrənilir, mövcud qanunvericilik təhlil olunur, iqtisadi suyektlərlə qanunların icra vəziyyətini öyrənmək üçün mütəmadi görüşlər keçirilir.

 

- Komitənin yaxın və orta müddət üçün fəaliyyət gündəliyi barədə nə deyə bilərsiniz?

- Komitənin iş planı Milli Məclisin plenar iclasında təsdiq olunub. Planımızda 2020-ci ilin Dövlət Büdcəsinin icrasını müzakirə etmək, bəzi məhsulların idxalının və satışının ƏDV-dən azad olunmasını müəyyən edən qanunverici aktlar hazırlamaq, kölgə iqtisadiyyatının azaldılması, dövlət satınalmalarının təkmilləşdirilməsi və s digər məsələlərlə bağı yeni qanunverici aktların qəbulunu planlayırıq.  

 

- Sahibkarlar səbirsizliklə “Rəqabət Məcəlləsi”ni gözləyir. Sənədlə bağlı işlər hansı mərhələdədir?

“Rəqabət Məcəlləsi” böyük bir sənəddir. Əsas məsələ qəbul ediləcək sənədin real işlək mexanizmlərini müəyyən etmək və bunu üçün zəmin yaratmaqdır. Məcəllənin işlənib hazırlanmasını tezləşdirən bir çox qanunverici aktların təkmilləşməsi üzərində iş gedir. Məsələn, dövlət satınalmaları və kölgə iqtisadiyyatının azaldılması üçün qəbul ediləcək yeni qanunlar bu sıradan olan qanunlardandır. Bu kompleks işlərin nəticəsində sonda Rəqabət Məcəlləsi də işlənib hazırlanacaqdır.

- Tahir müəllim, Sizi texnologiyalar, innovasiyaların tətbiqi sahəsində bir ekspert kimi tanıyırıq. Bu gün dünyanın texnoloji inkişafında Azərbaycanın imkanlarını necə dəyərləndirirsiniz?

- Dünya 4-cü sənaye inqilabı dövrünə sürətlə daxil olmaqdadır. Davranış qaydaları, qərar mexanizmləri, iqtisadi reallıqlar sürətlə dəyişir və texnologiyaların hökmranlıq dövrün başlamışdır. Bu reallıqla uzlaşmaq üçün Azərbaycanda da müvafiq addımlar atılır, texnoloji transfer mərkəzləri yaradılır. Əhalinin və ərazinin böyük hissəsini əhatə edən internet infrastrukturu yaradılmışdır.  Texnoloji biliyə yiyələnmək gənclər arasında çox populardır.

Texnologiyaların hökmüran olduğu dövrdə hər bir ölkənin bu inkişafa qoşulmaq üçün bərabər şansları vardır. Amma bunun üçün tələb olunan imkanlar da olmalıdır. İlk öncə insan resursları və insan kapitalının inkişafına nail olmaq lazımdır. Bu istiqamətdə düşünürəm ki, əlavə işlərin görülməsinə ehtiyac vardır. Ölkəmizin texnolji inkişafını daha da sürətləndirən milli hədəflərin müəyyən edilməsinə ehtiyac var. İnanıram ki, Milli Prioritetlər ilə müəyyən olunacaq milli hədəflər bu istiqamətdə lazımi işlərin görülməsinə imkan yaradacaq.

- Bəzi ekspertlər “Qarabağ vadisi” kimi təkliflər səsləndirirlər. İqtisadçı kimi bu barədə nə düşünürsünüz?

- Düşünürəm ki, dünyada artıq bir dəfə reallaşdırılmış ideyaların təkrarlanması bir çox hallarda effekt verməyə bilir. Yeni ideyalar, yeni fikirlər və təkrarsız layihələr uğur qazana bilir. Qarabağda Vətən müharibəsində əldə etdiyimiz qələbə də məhs bu cür yeni və təkrarolunmaz ideyaların tətbiqi sayəsində mümkün olmuşdur. İlk öncə yeni ideyaların mənbəyi olan insan resurs və kapitalının inkişafına maksimum diqqət ayırmaq lazım olacaq. Bu məqsədlə, məsələn, Qarabağ Universitetinin yaradılması, bu unversitetdə daha çox İT yönümlü ixtisasların tədris olunması sonra yeni ideya və layihlərin meydana çıxmasına şərait yaradacaqdır. Qarabağın inkişaf imkanları xeyli çoxdur.

- Azərbaycan Sahibkarlar Konfederasiyasına sahibkarlardan daxil olan məktublarda maliyyə əlçatanlığı məsələsi daim qaldırılır. Sahibkar ucuz maliyyə tapa bilmədiyini bildirir. Bunun üçün nə etmək lazımdır?

- Maliyyə əlçatanlığın genişləndirilməsi üçün dövlət tərəfindən müxtəlif addımlar atılsa da kommersiya banklarında maliyyə dəstəyi şərtlərindən bir çox sahibkarlar şikayət etməkdədirlər. Aparılmış təhlillər göstərir ki, bu sahədə irəliləyişlərə nail olmaq üçün bankların iqtisadiyyatda rolu daha genişlənməli, maliyyə resurslarının maya dəyəri aşağı salınmalı, lüzumsuz xərclər azaldılmalı, banklarda olan likvid vəsaitlərin iqtisadiyyata maneəsiz transmissiyası təmin olunmalıdır. Digər tərəfdən, maliyyə əlçatanlığının yalnız banklar tərəfindən deyil, investisiya fondları tərəfindən də təmin olunmasına nail olmaq lazımdır. Məhz investisiya fondlarının inkişafı bir çox maraq kəsb edən innovativ layihələrin reallaşmasına mühüm dəstək ola bilər.

- Azərbaycanın milli sahibkarlığını necə görürsünüz? Nəyi dəyişməyi təklif edərdiniz?  

Azərbaycanda milli sahibkarlıq hər zaman inkişaf edib. Çətin sınaqlardan çıxıblar. Ölkəmizin güclənməsi yolunda mühüm səy göstəriblər. Bu nəticələrə nail olmaqda dövlət başçısı cənab İlham Əliyevin sahibkarlara olan qayğısı həlledici rol oynayıb.

Dünya sürətlə dəyişdikcə sahibkarlarımız qarşısında da mühüm çağırışlar yaranmaqdadır. Sahibkarlarımız daim yeni ideyaların, texnologiyaların tətbiqinə çalışmalı, əlavə dəyər yaradan sahələrin inkişafına xüsusi diqqət yetirməlidirlər. İnnovativ olmaq, daim axtarışda olmaq, dünya ilə ayaqlaşmaq, rəqabət qabliyyətli olmaq, qanuni fəaliyyət göstərmək – bütün bunlar müasit sahibkarlığın əsas hədəflərindən olmalıdır. Müasir dünyada rəqabətdə qalib gələməyin tək yolu innovativ olmaqdır.

- Müsahibə üçün təşəkkür edirik.

"Biznes Həyatı" jurnalı

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33