Azərbaycanda əhalinin gəlirləri 6.7%, qiymətlər isə 6% artıb

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda əhalinin adambaşına düşən nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 6.7 faiz artımla 4 177.2 manat təşkil edib.
ENA.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ölkədə iyunda qida, xidmət və yanacaq xərclərinin illik qiymət dəyişməsini ölçən istehlak qiymətləri indeksi 6 faiz artım göstərib. Öncəki ayda illik qiymət arımları 6.3 faiz idi. Yəni ölkədə son bir ildə ümumi olaraq pulun alıcılıq qabiliyyəti 6 faiz azalıb. Bununla belə, DSK-nin hesablamalarına əsaslansaq əhalinin real gəlirlərindəki artım qiymət artımlarını üstələyib.
Ümumilikdə 10 milyon 239,1 min əhalisi olan ölkədə nominal gəlirlər illik 7.2 faiz artımla 42 milyard 747.8 milyon manat yüksəlib.
Pərakəndə ticarət dövriyyəsi 3.8 faiz illik artımla 29 milyard 642 milyon manata, əhaliyə göstərilən ödənişli xidmətlər 9.5 faiz artımla 6 milyard 864.1 milyon manata çatıb.
Əhalinin banklardakı əmanətləri, 2025-ci il 01 iyun vəziyyətinə görə 15 milyard 63 milyon manat olmaqla illik 10.1 faiz artıb. Kredit qoyuluşları, 2025-ci il 01 iyun vəziyyətinə 30 milyard 188.8 , milyon manatla illik 13.9 faiz artıb.
Ölkədə orta aylıq nominal əməkhaqqı, 9.1 faiz illik yüksəlişlə 1 095 manat olub.