"Pozuntuya yol verənlərə qarşı tədbir görülmür" - MÜSAHİBƏ
Pozuntu aşkarlanmış təşkilatların rəhbərləri tərəfindən dövlət vəsaitinə cavabdeh şəxslərə qarşı nöqsanların xarakterinə və həcminə uyğun tədbirlər görülmür
ENA.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, "Milli Məclis" jurnalına müsahibəsində bildirib. Həmin müsahibəni təqdim edirİk:
Hesablama Palatasının fəaliyyətinə dair Hesabatını 6-cı cağırış Milli Məclisə seçilmiş yeni millət vəkillərinin qarşısında ilk dəfə təqdim etdiniz. Bu Hesabat, onunla bağlı millət vəkilləri tərəfindən aparılan müzakirələr və Hesabata münasibətdə fərqlilik nədən ibarətdir?
Hesabat həm İqtisadi siyasət, sənaye və
Millət vəkillərinin çıxışları bizdən daha sərt olmağımız və qətiyyətli addımlar atmağımız, artıq xərclərin bərpası ilə bağlı tədbirlərin gücləndirilməsinə köklənmişdir. Son illər aparılan nəzarət tədbirləri nəticəsində Hesablama Palatası tərəfindən 130,0 mln.manatdan çox vəsaitin həm pul, həm də natura şəklində bərpasına nail olunmuşdur. Eyni zamanda, bu dövrdə ümumilikdə 35 material hüquq-mühafizə orqanlarına göndərilmişdir. Bu materiallar da kifayət qədər maliyyə tutumludur və hüquq-mühafizə orqanları tərəfindən müvafiq hüquqi qiymət verilərək, məqsədəuyğun tədbirlər görülmüşdür. Əlbətdə ki, millət vəkillərinin bizim hesabatlara daha praktik və tələbkar yanaşmaları dövlət vəsaiti üzərində parlament nəzarətinin güclənməsinə səbəb olar.
Hesabatın hazırlanması və təqdimatı dövründə ölkədə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında korrupsiya və rüşvətxorluqla bağlı hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirləri aparıldı.
Bəli, bu addımlar ölkə başçısının dəfələrlə etdiyi xəbərdarlıqlarından, tapşırıqlarından nəticə çıxarmayan vəzifəli şəxslərə münasibətdə qəti mövqeyinin ifadəsidir. Ölkədaxili müxtəlif səviyyəli görüş və tədbirlərdə çıxışlarında Cənab Prezident korrupsiya ilə mübarizə istiqamətində prinsiplərini daima səsləndirir, eyni zamanda, dövlət vəsaitlərinin, xüsusilə əhalinin sosial rifahına ayrılan vəsaitlərin mənimsənilməsi ilə bağlı barışmaz siyasətini bəyan edir.
Bir məsələni qeyd edək ki, nəzarət orqanlarının fəaliyyəti ayrı-ayrı sahələri əhatə edir və hər bir nəzarət orqanının bu fəaliyyətin icrasında istifadə etdiyi metodlar fərqlidir. Hesablama Palatasının funksiyaları dövlət vəsaitlərinin istifadəsinə nəzarətlə bağlıdır və biz bu sahədə milli qanunvericiliyin bizə tanıdığı səlahiyyətlər çərçivəsində hərəkət edirik. Biz nəzarət fəaliyyətimizi beynəlxalq standartlara əsaslanan metodologiyaya uyğun qurur, nəzarəti dövlət vəsaitlərinin istifadəsi ilə bağlı mövcud qanunvericiliyin tələbləri əsasında tərtib olunan sənədlər üzrə həyata keçiririk.
Dövlət başcısı tərəfindən verilən tapşırıqların əsas məğzi dövlət vəsaitlərinin düzgün istifadəsi və vətəndaşlarla münasibətin sağlam əsasda qurulmasıdır. Hesablama Palatası tərəfindən aparılan nəzarət tədbirlərində çoxsaylı pozuntular aşkar edilir və kifayət qədər böyük məbləğdə vəsaitlərin artıq və əsassız icra edildiyi müəyyən olunur.
Ölkə rəhbərinin vəzifəyə təyin olunan hər kəsə, eləcə də hal-hazırda rəhbər vəzifələrdə çalışan şəxslərə yönəlmiş bu tapşırıqlar əsas vəzifə kimi qəbul edilməli, rəhbərlik və idarəetmə bu prinsiplər əsasında qurulmalıdır. Cənab Prezidentin tələb və göstərişləri, həmçinin dövlət maliyyəsi sahəsində şəffaflığın təmin edilməsi iə bağlı verdiyi tapşırıqlar indiki dövrdə xüsusilə önəmlidir. Hər bir rəhbər şəxs dövlət maliyyəsinin idarə edilməsi üçün çox ciddi daxili nəzarət sistemi qurmalı, vəsaitlərin qənaətli istifadəsi sahəsində əməli addımlar atmalıdır ki, sonradan hər hansı neqativ halların yaranmasına yol verilməsin. Bir narahatedici faktı da deyim ki, pozuntu aşkarlanmış təşkilatların rəhbərləri tərəfindən dövlət vəsaitinə cavabdeh şəxslərə qarşı nöqsanların xarakterinə və həcminə uyğun tədbirlər görülmür. Təsəvvür edin ki, 20-25 min manat məbləğində artıq vəsait icrasına yol vermiş şəxslərə qarşı, mən hələ daha böyük məbləğləri demirəm, heç bir intizam tədbirinin görülməməsinə nə ad vermək olar? Həmin məsul şəxslərin çox rahatlıqla fəaliyyətlərini davam etməsi və növbəti illərdə də həmin pozuntuların təkrarlanması, görülən işlərə mənfi təsir etməsi fonunda müəssisə rəhbərlərinin bu şəxslərə qarşı davranışlarını anlamaqda suallar doğurur.
Vüqar müəllim, təkrarlanan nöqsanların qarşısının alınması üçün hansı addımların atılması vacibdir?
İlk olaraq deyim ki, son illərdə aparılan tədbirlər və tədbirlərin nəticələri üzrə təhlillər göstərir ki, dövlət vəsaitlərinin icrasını tənzimləyən normativ-hüquqi aktların yenilənməsinə, təkmilləşdirilməsinə, ümumiyyətlə bu bazanın genişlənməsinə ciddi zərurət var. Qanunun fəaliyyətə deyil, fəaliyyətin qanuna uyğunlaşması lazımdır. Vəsaitlərin səmərəli və nəticəli istifadəsi, ilk növbədə, həmin vəsaitlərin qanunauyğun istifadəsindən keçir. Bu baxımdan həmin vəsaitlərin istifadə istiqamətlərinin düzgün müəyyənləşdirilməsinə şərait yaradan, norma müəyyən edən hüquqi baza nə qədər geniş və əhatəli olarsa, vəsaitlər bir o qədər də qanunuyğun icra edilər. Normativ-hüquqi bazanın təkmilliyi, həmçinin vəsaitlərin icrası üzərində nəzarətin də fəaliyyətinə yardımçı olur, bu fəaliyyətin effektivliyini yüksəldir. İkinci əsas məsələ, dövlət maliyyə nəzarətinin bütün mərhələlərində vahid yanaşma və bir-birini tamamlayan daxili və kənar nəzarət sistemlərinin əlaqələndirilməsi ilə bağlıdır. Nəhayət sonuncu istiqamət, hər bir təşkilatın fəaliyyətinin nəticə göstəriciləri əsasında qurulması, strateji sənədlərdəki hədəflərə uyğun müəyyən edilməsi və fəaliyyətlə bağlı mütəmadi hesabatlılığın təşkili və məsuliyyətin adekvatlığından keçir.
Hal-hazırda dövlət büdcəsinin 2019-cu ildəki icrasına dair hesabatın müzakirələri gedir. Büdcənin icrası ilə bağlı nə demək olar?
Ümumilikdə 2019-cu ilin büdcəsinin icrası ilə bağlı Hesablama Palatasına daxil olmuş sənədlər əvvəlki illərin analoji sənədindən fərqlənmir. İlk olaraq qeyd etməliyəm ki, sənədlər mövcud qanunvericiliyin tələblərinə əsaəsn uyğun tərtib edilmiş və təqdim olunmuşdur. Hesablama Palatası olaraq, səlahiyyətlərimiz çərçivəsində və dövlət büdcəsinin il ərzində icrası ilə bağlı bizə göndərilmiş hesabat məlumatları əsasında apardığımız təhlillərə əsaslanaraq tərtib etdiyimiz rəydə büdcə parametrləri ilə bağlı gəldiyimiz qənaət və müvafiq tövsiyələr əks olunmuşdur. Həmin qənaətlərlə razılaşıb-razılaşmamaq, verdiyimiz tövsiyələri qəbul edib-etməmək artıq parlamentin və hökumətin səlahiyyətləri daxilindədir, qanunvericilik və icra hakimiyyəti orqanlarının qənaətidir. Diqqətə çatdırmaq istərdim ki, cari təcrübə icra edilmiş dövlət büdcəsinin tam audit edilməsinə imkan yaratmır. Belə ki, büdcə vəsaitlərini istifadə edən qurumlar tərəfindən maliyyə hesabatlarının tərtib edilməsi ilə bağlı müəyyən edilmiş son tarix rəyin təqdim edilməsi zamanı həmin hesabatların dürüstlülüyünün, göstəricilərin həmin hesabatlarda dəqiq əks etdirilib-etdirilməməsinin yoxlanılmasına imkan vermir və bu, dövlət büdcəsinin icrası üzrə qanuna dair hazırlanmış sənədin də rəy olaraq tərtibinə mane olur. Bu baxımdan, dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinin müzakirəsinin daha gec tarixlərdə, bir çox ölkələrdə, hətta MDB-yə üzv dövlətlərdə olduğu kimi, növbəti ilin dövlət büdcəsi layihəsinin müzakirə edildiyi müddətə təyin edilməsi məqsədəmüvafiqdir. Belə yanaşma, həmçinin növbəti ilin büdcə parametrləri üzrə millət vəkillərinə daha çox məlumatlar əsasında qərarların qəbul edilməsinə şərait yaratmış olar.
Sonda, istərdim ki, Hesablama Palatası fəaliyyətinin gücləndirilməsi və daha effektiv olması üçün nələr etməlidir, bu barədə fikirlərinizi bölüşəsiniz.
2018-ci ildə qəbul edilmiş Qanun şübhəsiz, özündən əvvəlki normativ sənəddən fərqlənir. Lakin bu qanuna ali audit orqanları ilə bağlı dünyada qəbul edilmiş bəzi səlahiyyətlərin və maddələrin əlavə olması zərurəti yaranmışdır. Bu baxımdan hal-hazırda fəaliyyətimizi tənzimləyən qanuna bir sıra dəyişikliklər və əlavələr də hazırlamışıq. Həmin təkliflərin qəbulu, fikrimizcə, ümumilikdə maliyyə nəzarətini gücləndirməklə son nəticədə maliyyə inzibatçılığı sisteminin təkmilləşdirilməsinə yardımçı olar. Bu istiqamətdə, ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanlarından, beynəlxalq təşkilatlarla iş birliyindən də istifadə edilir. Hazırladığımız dəyişikliklər dövlət vəsaitlərinin nəzarətlə əhatə dairəsinin genişlənməsi, verilən qərarların nəticəliliyinin yüksəldilməsi, parlament nəzarətinin möhkəmlənməsi və institusional çərçivənin artırılması ilə bağlıdır. Digər bir istiqamət kimi, inzibati resursların məhdudluğunu vurğulamaq istərdim. Müqayisə üçün bir faktı göstərim ki, hal-hazırda, Hesablama Palatasının inzibati resursları illik büdcəsi, büdcə təşkilatlarının sayı və digər analoji göstəriciləri bizim ölkədən bir neçə dəfə az olan Gürcüstan, Qırğızıstan və Moldovadanın uyğun funksiyalı qurumunun ştat sayından kifayət qədər azdır. İnzibati resurslar təşkilatın vəzifə və funksiyaları ilə uyğun olmalıdır ki, ondan tələb olunanı qarşılaya və ölkədə aparılan islahatlara adekvat töhfəsini verə bilsin.