MALİYYƏ

Devalvasiya, yoxsa 20 milyard dollarlıq itki? – Azərbaycan nəyi seçəcək? - ŞƏRH

“Ölkəmizdə büdcənin icrası baxımından fərqli vəziyyət yaranıb. Xüsusən də dövlət büdcəsinin təxminən yarısını formalaşdıran Dövlət Neft Fondunun vəsaitlərinin idarəsi baxımından. Bu vəziyyətdə fondun vəsaitləri tam olaraq nəzərdə tutulan şəkildə icra olunmalıdır ki, dövlət büdcəsi qarşısında öhdəçiliyini yerinə yetirə bilsin. Hökumət nəzərdə tutub ki, neftin qiyməti 55 dollar olarsa, Neft Fondu öz öhdəliklərini büdcə qarşısında icra edə biləcək. Amma indiki qiymət nəzərdə tutulandan həddindən artıq aşağıdır”.

Eləcə də bax: Rubl çökdü: Son 4 ildə görünməmiş bahalaşma baş verdi

ENA.az xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Rövşən Ağayev söyləyib. Onun sözlərinə görə, fondda vəsaitlər azalırsa, hökumətin bircə yolu qalır, o da 2010, 2016 böhran illərində etdiyi kimi Neft Fondunun ehtiyatlarını xərcləmək:

 

 

“Yəni hökumət iki baxımdan çətin vəziyyətdədir: bir tərəfdən bu qiymət qalarsa, büdcənin öhdəliklərini icra etmək üçün ehtiyatlara əl atmalıdır, digər tərəfdən isə valyuta bazarının ehtiyacları qarşılanmalıdır. Yəni, bizim tədiyyə balansının qeyri-neft kəsiri həddindən artıq böyükdür. Son illərdə baş verənləri qiymətləndirsək, görəcəyik ki, neftin qiyməti 45 dollardan aşağı düşəndə, tədiyyə balansı mənfi zonaya keçir. Yəni, 45 dollardan nə qədər aşağı olursa, ehtiyatlardan balansın sabitləşdirilməsi üçün bir o qədər pul götürmək lazım gəlir. İndi isə bundan da qat-qat aşağı qiymət var. Bu qiymət ilin sonuna qədər davam edərsə, həm dövlət büdcəsinin öhdəliklərinin icrası, həm də tədiyyə balansının sabitləşdirilməsi baxımından ehtiyatdan 7-10 milyard dollar xərclənə bilər. Amma iş bununla bitsəydi, vəziyyət kifayət qədər yaxşı olardı. Ölkə daxilində manat yığımları var. İnsanlar o manat yığımlarını da valyutaya çevirirlər. Bank sektorunun, ev təsərrüfatlarının, eyni zamanda, biznes sektorunun ehtiyacları var. İdxalçılar borc götürüb dollarla mal alır, manatla satırlar. Yenidən onu dollara çevirib, sahiblərinə qaytarmaq lazımdır. Üstəlik, dövlət şirkətləri xaricdən kredit alıblar. Zamanı çatır, ödəməlidir, amma bu şirkətlərin hamısı valyuta ilə işləmir. Məsələn, ən böyük şirkət “SOCAR”dır, ama gəlirinin 75%-i manatladır, cəmi 25%-i xaricdən formalaşır. Beləcə, gəlirin böyük hissəsi manatla olduğu halda, borcunu valyuta ilə qaytarmalıdır. Yəni neftin cari qiymətində bizim üçün iki baxımdan tələ var”.

 

R.Ağayevin fikrincə, ən önəmli məqamlardan biri hökumətin bu qədər valyuta ehtiyatlarının itirilməsinə razı olub-olmayacağıdır:

 

“Biz tənzimlənən bazarda deyilik. Rusiyadakı, Qazaxıstandakı kimi üzən məzənnə rejimi olsaydı, vəziyyət fərqli olardı. Rubl və təngə idarə olunan da olsa, üzən məzənnə rejiminə keçiblər. Neftin qiyməti qalxanda, məzənnə - rubl və ya təngə bahalaşır, neftin qiyməti düşəndə, ucuzlaşır. Azərbaycanda isə fiks olunmuş məzənnə rejimidir. Buna görə də hər kəsin gözü hökumətdədir. Hökumət hansı qərarı verəcək? Mərkəzi Bank hansı addımı atacaq? Hamı bunu gözləyir”.

 

İqtisadçı-ekspert vurğulayıb ki, hazırkı vəziyyət olduqca mürəkkəbdir:

 

“Neftin qiymətinin bu şəkildə qalması, iqtisadiyyat üçün böyük həcmdə valyuta ehtiyatlarının itkisi deməkdir. Hökumət 2015-ci ildən sonra 15 milyard dollar itirmişdi, amma 2016-19-cu illərdə bunu bərpa elədi. Buna yenidən gediləcəkmi? Məlumdur ki, iqtisadiyyat hələ də 2015-ci ildə baş verən devalvasiyanın şokundan ayılmayıb. Özünüz gördünüz ki, nə qədər böyük sosial paket qəbul olundu, nə qədər kredit qaytarıldı. Təkcə kreditlərin qaytarılmasına 1 milyard ayrıldı. Yəni, hökumət onsuz da, vəziyyəti düzəltmək üçün kifayət qədər vəsait xərcləyib. Təzədən devalvasiyaya getmək həmin problemləri bir də yaratmaq deməkdi. Və yenə də o problemləri həll etmək üçün küllü miqdarda vəsait xərcləməlisən. Bəlkə sabah bu xərcləmələr üçün imkan olmayacaq. Belə olsa, çox ciddi sosial gərginlik yarana bilər. Yəni devalvasiya ölkədə ehtiyatları qorumaq baxımından zəruri addım olsa da, sosial vəziyyətin sabitliyi və biznes mühitinin inkişafı baxımından ciddi risk daşıyır. Üstəlik, biz idxaldan asılı ölkəyik. Bu o deməkdir ki, devalvasiyaya gedəndə sən o infilyasiyanı idxal edəcəksən. Yəni, aldığın məhsulları manatla daha baha alacaqsan və bu da ölkədə sosial gərginliyi artıracaq”.

 

R.Ağayevin sözlərinə görə, hökumət belə bir seçim qarşısındadır; yenidən devalvasiyaya gedib, 2015-ci ilin şokundan ayılmamış neft təsərrufatlarını, əhalinin biznesini, bank sektorunu bir daha çöküşə sürükləsinmi, yoxsa 15 milyard dolları bir ildə itirsinmi?

 

 

“Fikrimcə, hökumət bu prosesin 1-2 ilə başa çatacağını, yenə də 15-18, maksimum 20 milyard ehtiyat xərcləməklə vəziyyətdən çıxa biləcəyini düşünsə də, bu qərarı verməyə bilər. Amma görsə ki, proses uzun çəkəcək, yumşaq devalvasiya xəttini tutması mümkündür. İndidən hansı addımı atacağını proqnozlaşdırmaq çox çətindi. Proses yeni başlayıb. Hələ qiymət cəmi bir həftədir düşüb”.

 

Ekspert yaxın ərəfədə neftin qiymətinin artacağını düşünmədiyini də söyləyib:

 

“Çünki koronovirusun yayılması ilə bağlı dünya iqtisadiyyatında ciddi problemlər yaranıb və neftə tələbat hər gün azalır. Son 15 ildə ilk dəfə 2009-cu ildə 1% azalmışdı. Neftə tələbatın azalması isə o deməkdir ki, onun qiymətinin qalxması ehtimalı yoxdur. Amma neftin qiymətinin bir sabitləşmə nöqtəsi var ki, o bizim üçün indikindən daha əlverişli ola bilər. Məsələn, 35 dollarla 40 dollar arasında bizim üçün ciddi fərq var. Brend markalı neftin qiyməti gəlib 41-42 dollar arasında qərarlaşsa, bu o deməkdir ki, biz öz “Azərlight” neftimizi 44-45 dollara satacağıq. Bu isə hökumət üçün çox cüzi ehtiyat itkisi olar. Cüzi itkilər isə devalvasiya zərurətini aradan qaldıra bilər”.

 

“Bəs Azərbaycan hökuməti nə etməlidir” sualının cavabında isə iqtisadçı, hazırki durumda təmkinli davranmağın vacib olduğunu deyib:

 

“Ən azından, 10-15 gün qlobal iqtisadi gedişlər, koronavirusla bağlı başlayan proseslər, OPEK-Rusiya münasibətləri izlənilməli, bundan sonra ciddi qərarlar verməlidir”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)