Ukrayna yenidən Rusiya strateji aerodromlarına zərbələr endirib

Ukrayna Müdafiə Qüvvələri yenidən Rusiya strateji aviasiya aerodromlarına zərbələr endirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Əməliyyat ötən gecə həyata keçirilib.
Qeyd olunur ki, Ukrayna hərbçiləri Saratov vilayətindəki Engels aerodromunu vurub. Strateji bombardmançıların, aviatankerlərin və müşayiət qırıcılarının yerləşdiyi Ryazan vilayətindəki Diaqilev aerodromuna da zərbələr endirilib.
Baş Qərargahın məlumatına görə, Saratov vilayətində ən azı üç yanacaq çəni vurulub, onlarla partlayış qeydə alınıb. Yaxın ərazilərdə yanğınlar olub, qatı tüstü müşahidə edilib.
Ukrayna Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenkonun sözlərinə görə, Rusiya hərbi-sənaye kompleksinin əsas müəssisələrindən biri olan “Miçurinski tərəqqi” müdafiə zavodu da vurulub.
Baş Qərargah həmçinin Rusiya ərazisində və işğal olunmuş Ukrayna ərazilərində yerləşən bir sıra digər mühüm obyektlərə də hücum edildiyini açıqlayıb. Onların arasında Kursk vilayətinin Kulbaki kəndi yaxınlığında rus ordusunun 72-ci motoatıcı diviziyasının 30-cu motoatıcı alayının maddi-texniki təchizat məntəqəsi də var.