Azərbaycan Beynəlxalq Bankı dövlət büdcəsinə 80 milyon manat ödəməlidir: 3 ay vaxtı var
“Azərbaycanın bank sektorunda kövrək olsa da dayanıqlıq bərpa edilib”, - deyə ölkənin maliyyə sektorunu təmsilçiləri hesab edirlər ki, bir neçə bank var ki, sistemin vəziyyəti sırf onların göstəricilərdindən çox asılıdır. Bunlardan elə birincisi Azərbaycan Beynəlxalq Bankıdır və bu səbəbdən də ilin yekunlarına dair bu bankın hesabatını daha dərindən təhlil etmək qərarına gəldik.
2019-cu ildəki İLKlər
Azərbaycan Beynəlxalq Bankının 2019-cu il üzrə bir neçə ilklərini qeyd etmək istərdik. Deməli, ötən il ABB bölüşdürülməmiş zərər yığımından canını qurtardı və ilk dəfə olaraq, bankın bölüşdürülməmiş mənfəəti meydana çıxdı. Təbii ki, burada hazırki menecment komandasının çox böyük əməyi var. Əvvəllər daha çox biznes kreditləri və korporativ bankçılıq, xüsusən də dövlət müəssisələrilə işləyən ABB bu il ilk dəfə pərakəndə məhsulları ilə önə çıxdı. Hərçənd bu hökumətdə müsbət amil kimi qarşılanmasa da, etiraf olunmalıdır ki, bankın mənfəətə çıxmasında məhz istehlak kreditlərindən əldə etdiyi faiz gəlirlərinin xüsusi yeri var, çünki bu portfelin həcmi kifayət qədər – 53% artıb. 2019-cu ildə bank beynəlxalq imicini düzəltmək məqsədilə səhmdarlarına divident ödənişi etdi və təbii ki, bu vəsaitlər bölüşdürülməmiş mənfəətdən formalaşdı. Bundan başqa, 2019-cu ildə ABB borc qiymətli kağzılarının bir qismini geri aldı və bu da öhdəliklərində öz əksini tapdı.
Aktivlərdə nə baş verib?
2019-cu ilin sonuna ABB-nın cəmi aktivləri 16,3% artaraq 9 mlrd. 223 mln. 361 min manatdır. Aktivlərin tərkibində nağd pul vəsaitləri o cümlədən bloklaşdırılmış nağd vəsait 2 mlrd. 771 mln. 400 min manat təşkil edir. Ötən ilin sonunda isə bu rəqəm 1 mlrd. 445 mln. 757 min manat idi. Əslində bloklaşdırılmış vəsait o deməkdir ki, bank həmin vəsaitdən heç bir halda istifadə edə bilməz. Üstəlik, hər zaman kassada həmin vəsait qədər pul olmalıdır. Lakin burada bank nağd vəsaitləri ümumi qeyd etdiyindən bloklaşdırılmış vəsaitin həcmini tam dəqiqliklə görmək mümkün deyil. Bir il əvvəlki dövrlə müqayisədə isə həmin göstəricinin həcmi 52% artıb. Bank qiymətli kağızlara yatırdığı vəsaiti il ərzində 321 mln. manat azaldıb. Əvəzində banklar və digər maliyyə institutlarına verdiyi kreditlərin həcmini 3 mln. 350 min manat artırıb.
İstehlak kreditlərini 63% artırıb
Müştərilərə verilən kreditlərin həcminə və tərkibinə baxsaq, görmək olar ki, ümumilikdə portfelinin həcmi 23,5% və ya 451 mln. manat artaraq 2 milyard 374 milyon 985 min manat olub.
Artım əsasən istehlak kreditlərinin həcminin artması ilə bağlıdır. Bankın istehlak kreditlərinin həcmi 508 mln. 754 min manat təşkil edir, bu isə ötənilki göstəricidən 63% çoxdur. Bankın biznes və daşınmaz əmlak kreditlərinin həcmində də artım var, məsələn, 2019-cu ilin sonuna ABB-nin biznes kreditləri üzrə portfeli 1 milyard 251,183 milyon manat təşkil edib və bu o deməkdir ki, il ərzində 22% artım var. Bundan başqa, 2019-cu ildə bankın daşınmaz əmlak kreditləri üzrə portfeli 6,9% böyüyüb və 615 milyon 47 min manat təşkil edib.
Hüquqi şəxslərin hesabları böyüyüb
Bankın öhdəliklərində daha çox artım hüquqi şəxslərin depozitlərində qeydə alınıb. İl ərzində depozitlərdə 29.3% və ya 1 mlrd. 229 mln. manat artım olub. Hesabat dövrünün sonuna deposit portfelinin həcmi 5 milyard 635,109 milyon manat təşkil edib. Bunun 4 milyard 447 milyon 504 min manatı hüquqi şəxslərin, 1 milyard 187 milyon 605 min manatı isə fiziki şəxslərin payına düşür. Hesabat dövrünün sonuna bankın ümumi öhdəlikləri 7 milyard 883,741 milyon manata bərabərdir və artım 16,4% təşkil edir.
80 milyondan çox vergi ödəməlidir
Maraqlı faktlardan biri odur ki, bankın cari vergi öhdəlikləri ötən bir ildə 69 mln. 675 min manat artıb və nəticədə 72 mln. 661 min manata yüksəlib. Yəni bu o deməkdir ki, bank 72 milyon manatdan çox vergi ödənişini bəyan edib, lakin ödəmədiyindən öhdəliklərində oturub. Bu ödəmənin müddəti isə 2020-ci ilin mart ayında bitir. Eyni zamanda, maliyyə hesabatı ilə vergilərin hesablarının arasında 8 mln. 138 min manat fərq yaranıb ki, bu da ABB-nin təxirə salınmış vergi öhdəliyi kimi 8 mln. 138 min manat təşkil edir və bu vəsaiti də bank ödəməlidir.
Həmçinin 2019-cu ilin əvvəlinə bankın 152 mln. 197 min manat bölüşdürülməmiş zərəri olduğu halda, bank bütün il ərzində gəlirlə işlədiyindən zərərləri bağlayaraq 119 min manat bölüşdürülməmiş mənfəətə çıxıb.
Xarici valyuta satışından gəliri artıb
Pul hərəkətinə görə, bankın əsasən kreditlərdən formalaşmış alınmış faizlər üzrə gəliri 23 mln manat artıb və 104 mln. 950 min manat olub. Maraqlıdır ki, bankın ödənilmiş faizlər üzrə xərcləri kəskin azalaraq bir il ərzində 39 mln. 357 min manatdan 9 mln. 633 min manata düşüb. Niyə, bu suala cavab tapmaq üçün hesabat tam əhatəli deyil.
Diqqətçəkən göstəricilərdən biri də xarici valyuta ilə əməliyyatlardan gələn gəlirlərin artaraq 18 mln. 313 min manata çatmasıdır. Bankın əməliyyat aktivlərindən bir il ərzində 105 mln. 761 min manat azalma qeydə alınıb. Bu ötənilki göstəricidən 3 dəfə azdır. Əməliyyat öhdəliklərində də azalma baş verib və 325 mln. manata düşüb. Dövrün əvvəlində pul vəsaitlərinin həcmi 2 mlrd. 436 mln. manat təşkil edib və il ərzində 322 mln. manat artım olub nəticədə dövrün sonuna pul vəsaitləri 2 mln. 758 min manata yüksəlib.
Bank vəsaitlərini yaxşı idarə edir
31.12.2019-cu il tarixə bankın nizamnamə kapitalı 1mlrd. 224 mln. 477 min manat, məcmu kapitalı 1 mlrd. 233 mln. 189 min manat təşkil edir. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlərin həcmi isə 3 mlrd. 421 mln. 949 min manatdır. Məcmu kapitalın adekvatlıq əmsalı 33.04 faizdir, bu isə o deməkdir ki, normadan (10%) çox yüksəkdir və bank vəsaitlərini yaxşı idarə edir. 2019-cu ilin əvvəlinə bankın zərəri 152 mln. 197 min manat təşkil edib və il ərzində 152 mln. 316 min manat mənfəət əldə edildiyindən yekunda 119 min manat mənfəət meydana çıxıb. Bankın ümumi ehtiyatları 2019-cu ilin əvvəlinə 89 mln. 245 min manat olduğu halda ötən 12 ayda ehtiyatların həcmi 25 mln. 779 min manat artaraq müddətin sonuna 115 mln. 23 min manata çatıb.
Ehtiyatlarını azaldıb
“Azərbaycan Beynəlxalq Bankı” ASC 2019-cu ili 302 milyon 316 min manat xalis mənfəət ilə başa vurub. Ötən il ABB-nin gəlirləri 585 milyon 352 min manatolub ki, bu da illik müqayisədə 10,2% çoxdur. Xərcləri isə 12% artaraq, 263 milyon 83 min manat olub. Bank xüsusi ehtiyatlara ayırmalarını 59% azaldaraq 53 milyon 267 milyon manata salıb. Ümumiyyətlə, kredit portfeli üzrə ehtiyatların həcmi də azalıb. Bankın istehlak kreditləri artdığı halda, ehtiyatları azaltması özü maraqlı nüansdır və görünür ki, bank verdiyi kreditlər üzrə riskləri yüksək hesab etmir.