Azərbaycanın maliyyə sektorunda hədəflərin yerinə yetirilmə səviyyəsi açıqlanıb

Azərbaycanın bank sektorunda aktivlərin həcminin 2024-cü ildə llik əsasda 8 % artırılması hədəflənsə də, faktiki artım 19 % təşkil edib.
Bu barədə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) Strategiya və layihə idarəetməsi departamentinin direktoru Fuad Cəfərov bildirib.
"Kredit portfeli üzrə baza ilinə nəzərən 10 %-lik artım hədəfi ilə müqayisədə 36 % artım qeydə alınıb. Biznes kreditləri üzrə isə baza ilinə nəzərən planlaşdırılan illik 6 %-lik artım əvəzinə 35,7 %-lik nəticə əldə olunub", - F. Cəfərov qeyd edib.
Onun sözlərinə görə, milli ödəniş sistemi üzrə iqtisadi subyektlər tərəfindən aparılan əməliyyatların həcminin 5 % artırılması hədəfinə qarşı faktiki artım 62,5 % olub.
"Təbii ki, icra prosesində bəzi hədəflər üzrə geriqalma halları da müşahidə edilib. Məsələn, mikro, kiçik və orta bizneslərə verilmiş kreditlərin həcmi üzrə baza ilinə nəzərən illik əsasda 15 %-lik hədəfə qarşı yalnız 11,5 % artım qeydə alınıb ki, bu da hədəfə tam uyğunluğun təmin olunmaması deməkdir", - departament direktoru vurğulayıb.
F. Cəfərov hesab edir ki, sığorta sektorunda isə hüquqi çərçivənin təkmilləşdirilməsi və ümumilikdə institusional inkişafa yönəlmiş islahatların keçirilməsi sektorda müsbət dinamikanı şərtləndirib: "Belə ki, sığorta bazarının həcmində 10 %-lik hədəfə nəzərən 10,7 % artıma nail olunub".