Azərbaycandakı türk bankı ehtiyatlarını artırıb
“Ziraat Bank Azərbaycan” ASC 2018-ci ilin doqquz ayını 1 milyon 604 min manat xalis mənfəətlə başa vurub.
Bİ.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 500 min manat azdır. Başqa sözlə, “Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti 2 dəfə azalıb.
Bankın maliyyə hesabatlarına əsasən, cari ildə faiz gəlirləri 8 milyon 306 min manatdan 9 milyon 596 min manata, qeyri-faiz gəlirləri isə 3 milyon 19 min manatdan 3 milyon 467 min manata yüksəlib. Lakin gəlirlərin artması ilə bərabər xərclər artdığı üçün əməliyyat mənfəəti 4 milyon 525 min manatdan 4 milyon 358 min manata düşüb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının tələbi ilə bank ehyiyata ayırmalarını 2 dəfədən çox artırıb. Nəticədə əməliyyat mənfəətinin 2 milyon 516 min manatını aktivlər üzrə ehtiyat saxlanılıb. Bank üçüncü rübdə 237 min manat mənfəət vergisi ödəyib.
30 Sentyabr 2018-ci il tarixində “Ziraat Bank Azərbaycan” 215 milyon 460 min manat cəmi aktivlərə malik olub. Bunun 95 milyon 50 min manatı müştərilərə verilən kreditlərdir. Halbuki, ötən ilin eyni dövründə bank 167 milyon 796 min manat cəmi aktivlərə, 70 milyon 173 min manat kredit portfelinə sahib idi.
2018-ci ilin 3-cü rübünün sonunda bankın "Nastro" hesablarında 31 milyon, qeyri-rezident banklarda 27 milyon manatdan çox vəsaiti var.
“Ziraat Bank Azərbaycan” 147 milyon 839 min manat cəmi öhdəliklərə və 67 milyon 621 min manat cəmi balans kapitalına malik olub.