Azərbaycana nə qədər pul baratı gəlib, nə qədər çıxarılıb? - İNFOQRAFİKA
2022-ci ildə ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 6.1 mlrd.$ kəsir, qeyri-neft-qaz sektoru üzrə isə 0.6 mlrd.$ profisit olub. Nəticədə ilkin gəlirlər balansında kəsir 4.2 dəfə artaraq 5.5 mlrd.$ təşkil edib. İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 8.6 mlrd.$ formalaşıb.
Bunun 82%-ini, yəni 7 mlrd.$ Azərbaycandan xaricə ödənişlər olub. Bu məbləğin isə əsas hissəsini (6.1 mlrd.$) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 5.9 mlrd.$ beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (348.3 mln.$), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (340.1 mln. $) və digər ödənişlər (274.6 mln.$) təşkil etmişdir.
Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 4.5 mlrd.$ məbləğində qiymətləndirilib. Daxilolmalar 3.7 mlrd.$, ödənişlər isə 0.8 mlrd.$ təşkil edib.
Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 96.7%-ni xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 2.3%-ni ölkəyə gətirilən humanitar malların və digər yardımların həcmi, 1%-ni isə digər daxilolmalar təşkil edir.
Ölkəyə göndərilən pul baratlarının həcmi 3.2 dəfə artaraq 3.6 mlrd.$, ölkədən köçürülən pul baratlarının həcmi isə 0.5% artaraq 0.7 mlrd.$ olmuşdur. Nəticədə pul baratları üzrə 2.9 mlrd.$ müsbət saldo yaranıb.
Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 3 mlrd.$-dır (6.5 dəfə artım).