Banklar müddətli əmanət faizlərini artırıb, amma əmanətlərin həcmi azalır - TƏHLİL

Bankın qazancının pul satmaqdan formalaşdığını nəzərə alsaq, bu o deməkdir ki, bank həm kapital kimi öz pulunu, həm də başqalarından götürdüyü pulu üzərinə faiz qoyaraq sataraq işləyir. Bugün Azərbaycan bankları daha çox Azərbaycan vətəndaşlarından borc götürür və bu bankların cəmi öhdəliklərinin 75%-i və ya 37,353.3 mln. manat təşkil edir.
Azərbaycan Mərkəzi Bankının (AMB) rəqəmlərinə görə, bank sektorunda dövr edən depozit portfelinin 59.7%-i (22,292.6 mln. manat) hüquqi şəxslərin, yəni şirkətlərin vəsaitləridir. Əhalinin əmanətlərinin bu göstəricidə payı nə qədərdir və "müddətli depozit" kimi əhali nə qədər pulu gələcəyə saxlamaq üçün bank sektoruna əmanət edib, bunu oxucularımıza təqdim edirik.
AMB-nin son statistikasına əsasən, ölkəmizdə fiziki şəxslərin əmanətlərinin həcmi 15 milyard 60 milyon manatdır. Bunun 9 milyard 410 milyon manatı müəyyən müddətə qoyulan depozitlərdir. Həmin pulların 6 milyard 244 milyon manatı milli valyutada, 3 milyard 166 milyon manatı isə xarici valyutadadır. Belə çıxır ki, bank sektorundakı bütün depozitlərin yalnız dördə biri və ya 25 %-i əhalinin müəyyən müddətə banklara əmanət etdiyi, gələcəyə saxladığı pullardır.
Daha bir nüans: 2024-cü ilin iyun ayına manatda olan müddətli depozitlərin həcmi 6 milyard 571 milyon manat olub. Başqa sözlə, ötən bir ildə əhali manatda olan müddətli pulların 327 milyon manatını geri çəkib. Baxmayaraq ki, müddətli əmanətlər üzrə bankların verdiyi faizlər artıb. Məsələn, manatla olan əmanətlərdə orta faiz dərəcəsi indi 10,26%-dirsə, 2024-cü ilin eyni dövründə 8,38% idi. Valyutada olanlarda hazırda 3,10% təşkil edirsə, bir il əvvəl 2.57% olub. Yəni bankdan əldə edə biləcəyi qazanc artdığı təqdirdə belə əhalinin müddətli pullarının həcmi azalıb. Və görünür ki, bu kimi amillər də maliyyə sektorunun müddətli pullara ehtiyacını kənardan ödəməsi üçün zəruri addımlar atmasına səbəb olub.
Bu əsnada daha iki maraqlı rəqəmi diqqətinizə çatdırmaq istərdik. Banklarda əhalinin müddətli pullarının həcmi azalsa da, banka pul qoyan insanların sayı artıb. 2024-cü ilin iyun ayına olan göstəriciyə əsasən, müddətli əmanətçilərin unikal sayı 130 min 723 nəfər olubsa, hazırda bu rəqəm 168 min 173 nəfərdir, əlavə 37 min 450 nəfər maliyyə sektoruna gəlib. Buna baxmayaraq, banklardan kənarda qalan nağd pul (M0) artmaqda davam edir. Ötən ilin iyun ayında bu rəqəm 15 milyard 590 milyon manat idisə, bu ilin iyun ayında 16 milyard 513 milyon manata yüksəlib. Göründüyü kimi, ümumi pul kütləsinin 34%-i bank sektorundan kənardadır. Bu isə o deməkdir ki, bu pulların bir qisminin bank sektoruna cəlb olunması likvidliyi artıra bilər, təbii ki, sektorun buna ehtiyacı varsa...hazırki faizlərdən görünür ki, bu ehtiyac var.