Ətin bahalaşmasının kökündəki "yem faktoru"
Son günlər ətin qiymətinin bahalanması əslində davam edən ardıcıl bahalaşmanın zəncirlərindən biridir. Artıq mal əti 15, qoyun əti isə 17-18 manata satılır. Bahalaşmanın kökü isə ölkədə yanacaq, xüsusən də qazın, suyun qiymətinin qalxmasından sonra başladı.
İqtisadçı Rövşən Ağayevin sözlərinə görə, süd-ət-yem paritetinin müntəzəm olaraq hesablanması, bu paritetin süd və ətin qiymətinin formalaşması üçün baza kimi diqqətdə saxlanması vaxcibdir. Beynəlxalq təcrübədə südün qiymətinin o həddi optimal hesab edilir ki, süd-yem pariteti 1:1,5 həddində olur. Yəni, fermer satdığı 1 litr südlə 1,5 kq yağlı yem ala bilir. Hazırda Azərbaycanda süd zavodları kəndlilərdən südü maksimum 45 qəpiyə alır. Bu o deməkdir ki, gərək 1 kq kolorili yemin qiyməti 30 qəpiyə olsun. Amma bazarda real vəziyyət necədir?
“Fermerlərdən və satış şəbəkələrindən topladığım məlumata görə, təsərrüfatlarda geniş istifadə edilən arpa yarmasının hər kq-ı minimum 60 qəpik, xüsusi tərkibli kolorili yemlərin qiyməti 0.8 manatdır - yəni orta hesabla 0.7 manat. Yəni fermer satdığı südün qiymətilə 1.5 kq əvəzinə 0,6 kq yem ala bilir”.
R.Ağayev bildirir ki, eyni paritet ətə münasibətdə də mövcuddur - 1 kq ətin qiyməti 20 kq kolorili yemin qiymətinə ekvivalent olarsa, ətçilik rentabelli çalışa bilər. Hətta son bahalanma nəzərə alınmaqla, bu paritet qoyun ətinə münasibətdə 15-ə, mal ətinə münasibətdə 12-yə bərabərdir. Yəni optimal hesab olunan həddən xeyli aşağıdır.
Ölkədə yem kifayət qədər bahadır. Ətin qiymətini ucuzlaşdırmaqla bərabər yemin də qiymətini necə ucuz etməyin yolları barədə ciddi düşünmək lazımdır. Əks halda insanlar imkan tapdıqca başqa sahələrə qaçacaq, aqrar sektorda qalmayacaq. Sadəcə indi alternativ yoxdur - fermerçilik icbari əməyi xatırladır.
Yeri gəlmişkən, hələ ötən ilin əvvəlindən soyanın kəskin bahalanması xüsusilə də yerli quş istehsalçıları üçün ciddi problemlər yaradır. İstehsalçıların bir qismi hətta müəssisələrini bağlayıblar. Bunun kökündə də məhz yemin qiymətinin baha olması dayanır.