“Aqroparklar haqqında Nümunəvi Əsasnamə” təsdiq edilib
Prezident İlham Əliyev “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.
ENA.az xəbər verir ki, fərmana əsasən, “Aqroparklar haqqında Nümunəvi Əsasnamə” “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmana əsasən hazırlanıb və aqroparkların yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyir. Aqroparklarda “Sahibkarlıq fəaliyyəti haqqında” qanunla qadağan edilməyən, innovativ texnologiya və üsulların tətbiqi yolu ilə rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması və xidmətlərin göstərilməsi, o cümlədən məhsulların saxlanılması, çeşidlənməsi və satışı ilə bağlı sahibkarlıq fəaliyyəti həyata keçirilir.
Aqropark innovativ texnologiya və üsullar əsasında rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması, aqrar-sənaye komplekslərinin inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi; iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi; aqrar-sənaye istehsalı sahəsində yerli və xarici investisiyalar üçün əlverişliliyin artırılması; əməkqabiliyyətli əhalinin aqrar-sənaye istehsalı sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb. Aqropark dövlət, bələdiyyələr və sahibkarlıq subyektləri tərəfindən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlarda yaradılır. Aqropark üçün nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahəsi idarəedici təşkilatın daimi istifadəsinə həmin torpaq sahəsini icarəyə vermək hüququ ilə ayrılır. Aqroparkın fəaliyyətinə xüsusi və bələdiyyə mülkiyyətində olan torpaq sahələri Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq bağlanılan icarə və ya alqı-satqı müqavilələri əsasında cəlb edilir. Aqroparkın fəaliyyətinin təşkili, idarə olunması və inkişaf etdirilməsi Azərbaycan Respublikasının qanunlarına və bu sahədə yaranan münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara, həmçinin aqroparkın əsasnaməsinə və inkişaf konsepsiyasına uyğun olaraq dövlət tərəfindən yaradılan aqroparka münasibətdə idarəedici təşkilat tərəfindən, özəl aqroparka münasibətdə isə həmin aqroparkın qeydiyyata alınması barədə təklif göndərən sahibkarlıq subyekti və rezident (rezidentlər) tərəfindən həyata keçirilir.
Dövlət tərəfindən yaradılan aqroparkın əsasnaməsi idarəedici təşkilat tərəfindən, özəl aqroparkın əsasnaməsi isə idarəedici təşkilatın rəyi nəzərə alınmaqla, həmin aqroparkın qeydiyyata alınması barədə təklif göndərən sahibkarlıq subyekti tərəfindən təsdiq edilir. Aqroparkın əsasnaməsində onun vəzifələri, orada həyata keçiriləcək sahibkarlıq fəaliyyəti növləri, aqroparkın aidiyyəti dövlət orqanları, habelə yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı münasibətləri və digər məsələlər müəyyən edilir. Aqroparkın rezidenti aqroparkda sahibkarlıq fəaliyyətini Azərbaycan Respublikasının qanunlarına və idarəedici təşkilatla bağladığı müqaviləyə uyğun həyata keçirir. Aqroparkda fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslər bu Əsasnamə ilə müəyyən edilmiş qaydada aqroparkın rezidenti kimi qeydiyyatdan keçərək “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsini almalıdırlar. Aqroparkın rezidentinin aqroparkda həyata keçirdiyi investisiya layihəsi barədə məlumatlar qeydiyyat şəhadətnaməsinin əlavəsində göstərilir.
Aqropark barədə məlumatlar idarəedici təşkilat tərəfindən Reyestrə daxil edildikdən sonra 2 il ərzində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair heç bir müqavilə bağlanılmadıqda və ya əvvəl bağlanılmış müqavilələr qüvvədən düşdükdə aqroparkın qeydiyyatı ləğv edilir və ona dair məlumatlar Reyestrdən çıxarılır. Aqroparkın qeydiyyatının ləğv edilməsi haqqında qərar qəbul edildiyi tarixdən 1 ay sonra qüvvəyə minir. Qərar qüvvəyə mindiyi gün aqroparka dair məlumatlar Reyestrdən çıxarılır.