COVAX Azərbaycanı müvafiq vaksinlə təmin edə bilməyəcəyini bildirib – Agentlikdən açıqlama
“Bu günlərdə COVAX tətəfindən daxil olmuş məktubda Azərbaycanı yaxın zamanda müvafiq vaksinlə təmin edə bilməyəcəkləri bir daha qeyd olunub.
ENA.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova deyib. Onun sözlərinə görə, COVAX təşəbbüsü çərçivəsində ölkələrin müvafiq peyvəndlə təmin olunmasına dair verilən vədə hazırkı dövrədək əməl olunmayıb.
Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizə sahəsində Azərbaycanı örnək dövlətlərdən biri kimi göstərmişdir. Bu gün Azərbaycanda vaksinasiya prosesi ilə əlaqədar tələb olunan bütün infrastruktur yaradıldığı halda, ölkəmizə qarşı bu münasibəti yanlış hesab edir, təsisatın məram və məqsədinə zidd olduğunu bildiririk.
COVAX-ın bütün üzv ölkələrlə əməkdaşlığının ədalətli şəkildə davam edəcəyinə, növbəti mərhələdə təxirə salınmadan başqa üzv ölkələrlə bərabər Azərbaycanın da peyvəndlə təmin olunacağına inanırıq”.