“Microsoft” 60 min əməkdaşına könüllü işdən ayrılma təklif edir
ABŞ-ın texnologiya nəhəngi “Microsoft” xərclərə nəzarət etmək və işçi qüvvəsini yenidən formalaşdırmaq məqsədilə təxminən 60 min əməkdaşına könüllü işdən ayrılma proqramı təklif edir.
ENA.az xəbər verir ki, proqram ABŞ, Kanada, Hindistan və Böyük Britaniyada şirkətin müəyyən bölmələrində çalışan əməkdaşları əhatə edəcək.
“Microsoft”un insan resursları üzrə rəhbəri Emi Koulmanın əməkdaşlara göndərdiyi məlumata əsasən, proqramda iştirak etmək hüququ olan şəxslərə şirkətdən ayrılmaq üçün maliyyə dəstəyi və karyera planlaşdırılması imkanları təqdim olunacaq. Proqram könüllüdür və bütün bölmələrə şamil edilmir.
Şirkətin təxminən 223 min əməkdaşı var. Beləliklə, təklif qlobal işçi qüvvəsinin dörddə birindən çoxunu əhatə edə bilər. Bununla belə, neçə nəfərin proqramdan yararlanacağı hələ məlum deyil.
Bu addım “Microsoft”un süni intellekt infrastrukturuna böyük həcmdə investisiya yatırdığı dövrə təsadüf edir. Şirkət 2026-cı il üçün kapital xərclərini 175 milyard dollar səviyyəsində proqnozlaşdırıb. Könüllü ayrılma proqramı xərclərin optimallaşdırılması və işçi qüvvəsinin dəyişən biznes ehtiyaclarına uyğunlaşdırılması səylərinin bir hissəsi kimi qiymətləndirilir.


















