Birja

Neftin qiyməti sülh danışıqları ümidləri fonunda ucuzlaşıb (27.10.2026)

Dünya bazarlarında neftin qiyməti ABŞ və İsrailin İrana qarşı müharibəsinin başa çata biləcəyinə dair ümidlər fonunda oktyabrın 27-də azalıb. Bununla belə, Səudiyyə Ərəbistanına hücumların davam etməsi qiymətlərin enişini məhdudlaşdırıb.

ENA.az xəbər verir ki, Bakı vaxtı ilə saat 04:00-a yaxın “Brent” markalı neftin fyuçersləri 0,57% ucuzlaşaraq bir barel üçün 115,15 dollara, ABŞ-ın WTI markalı nefti isə 0,43% azalaraq 101,32 dollara düşüb. “Brent”in qiyməti son altı ayın maksimumuna yaxın səviyyədə qalır.

Bazar iştirakçılarının diqqəti Yaxın Şərqdə diplomatik təmaslara yönəlib. Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan nümayəndələri bazar ertəsi Tehranda İran rəsmiləri ilə görüşərək regionda gərginliyin azaldılması və danışıqlar üçün kanalların yaradılması məsələlərini müzakirə ediblər. İran dövlət mediasının məlumatına görə, tərəflər sülh və təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Müharibənin başa çatması ehtimalı enerji təchizatında fasilə risklərini azaltsa da, İranla əlaqəli husilərin Səudiyyə Ərəbistanına hücumları regionda sabitliyin bərpasına dair gözləntiləri zəiflədir.

Fevralda başlayan münaqişə dünyanın enerji təchizatının təxminən beşdə birinin daşındığı Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinə ciddi təsir göstərib. Ötən həftə “Brent”in qiyməti tanker hücumları və təchizatla bağlı narahatlıqlar fonunda bir barel üçün 117 dolları ötüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)