İlham Əliyev bu şəxslərin maaşlarını 100 faiz artırdı - SƏRƏNCAM
Prezident İlham Əliyev "Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında" sərəncam imzalayıb.
"ENA"nın xəbərinə görə, sərəncamda deyilir:
Koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə çətin vəziyyətdə olan şəxslərə və tənha yaşayan 65 yaşdan yuxarı vətəndaşlara sosial xidmətlər göstərilməsinin səmərəli təşkili məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsinə cəlb edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 1 (bir) misli miqdarında müddətli əlavə müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bu Sərəncamın 1-ci hissəsi ilə müəyyən edilən müddətli əlavənin şamil olunacağı işçilərin əhatə dairəsini və əlavənin ödənilmə müddətini müəyyən etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.