AZPROMO: "İxracatçılar bu ilin payızından logistika dəstəyindən yararlana biləcəklər"
cAzərbaycan ixracatçıları sentyabr-oktyabrdan logistika dəstəyindən yararlana biləcəklər.
ENA.az xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı çərçivəsində keçirilən biznes forumda deyib.
Onun sözlərinə görə, Azərbaycanda qeyri-neft-qaz sektorunun şaxələndirilməsi əsas istiqamətlərdən biridir: "İxracatçılarımız bu ilin sentyabr-oktyabr aylarından etibarən hökumətin logistika sahəsində təqdim etdiyi dəstəkdən yararlana biləcəklər. Yəni məhsullarını yeni bazarlara ixrac edən sahibkarların logistika xərclərinin bir hissəsi dövlət tərəfindən qarşılanacaq və ya subsidiyalaşdırılacaq. Hesab edirəm ki, bu, çox vacib addımdır. Çünki biz bu mexanizmi qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən ixracatçılar üçün güclü dəstək aləti kimi qiymətləndiririk. Eyni zamanda, beynəlxalq sərgilərin təşkili, ixrac və idxal missiyalarının həyata keçirilməsi kimi digər mexanizmlər də qeyri-neft-qaz ixracının təşviqində mühüm rol oynayır".
Y.Abdullayev vurğulayıb ki, hazırda qlobal iqtisadi vəziyyət müəyyən çətinliklər yaratsa da, AZPROMO iqtisadiyyatın şaxələndirilməsi istiqamətində fəaliyyətini davam etdirir: "Qeyd etdiyim kimi, neft və qazdan müəyyən asılılığımız hələ də qalır. Lakin iqtisadiyyatın şaxələndirilməsi prosesi davam edir və hesab edirəm ki, biz bu istiqamətdə düzgün yoldayıq".


















