2025-dən 2026-ya: Bankların mənfəətində ən böyük sıçrayış və ən kəskin enişlər – TAM SİYAHI
2026-cı ilin ilk yarısının nəticələri göstərir ki, Azərbaycan bank sektorunda "qaliblərlə digərləri" arasındakı fərq daha da böyüyür. Ən mühüm tendensiya isə odur ki, sektorun gəlirlərinin böyük hissəsi getdikcə daha az sayda bankda cəmləşir. Bu, rəqabət mühitinə, bazar paylarının bölüşdürülməsinə və gələcəkdə bank sektorunun strukturuna dair yeni suallar yaradır.
ENA.az olaraq təhlilimiz göstərir ki, 2026-cı ilin ilk yarısında Azərbaycan bank sektoru mənfəət yaratmaq qabiliyyətini qorusa da, bütün banklar bu artımdan eyni dərəcədə faydalana bilməyib. 2025-ci ilin II rübü ilə 2026-cı ilin II rübünün maliyyə nəticələri əsasında apardığımız müqayisə göstərir ki, sektorun ümumi mənfəəti artıb, lakin banklar arasında fərqlər daha da dərinləşib. Sektorun ümumi xalis mənfəəti 728,8 milyon manata çataraq ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 26% artıb.
Mənfəətin böyük hissəsi yenə ilk iki bankda cəmləşir
2026-cı ilin ilk yarısında ABB 250,6 milyon manat, Kapital Bank 221,8 milyon manat xalis gəlir götürməklə birlikdə 472 milyon manatdan çox xalis mənfəət əldə ediblər. Bu isə sektor üzrə formalaşan ümumi mənfəətin təxminən 65%-nin cəmi iki bankın payına düşdüyünü göstərir. Əgər PAŞA Bank da əlavə olunarsa, ilk üç bankın payı 74%-dən yuxarı olur. Bu isə Azərbaycan bank sektorunda gəlirliliyin də yüksək konsentrasiyaya malik olduğunu göstərir.
Böyük üçlük yenə də bazara hökmranlıq edir
Ən yüksək xalis mənfəəti yenə ABB əldə edib.
|
Bank |
2025 II rüb |
2026 II rüb |
Dəyişmə |
|
ABB |
155,5 mln ₼ |
250,6 mln ₼ |
+95,1 mln ₼ (+61,2%) |
|
Kapital Bank |
154,0 mln ₼ |
221,8 mln ₼ |
+67,8 mln ₼ (+44,0%) |
|
PAŞA Bank |
91,6 mln ₼ |
67,7 mln ₼ |
−23,9 mln ₼ (−26,1%) |
Ən diqqətçəkən məqam ABB ilə Kapital Bankın mənfəətlərini kəskin artırmasıdır. Hər iki bank həm kredit portfelinin böyüməsi, həm də faiz gəlirlərinin artması hesabına bazarda mövqelərini daha da gücləndirib. Xatırladaq ki, bank sektorunda faiz gəlirlərinin artımı mənfəətin əsas mənbələrindən biri olaraq qalır.
Ən böyük sürpriz: PAŞA Bank
Reytinqdə üçüncü yerdə qalsa da, PAŞA Bank ilk onluqda mənfəəti azalan yeganə iri bankdır. 2025-ci ilin ilk yarısında 91,6 milyon manat qazanan bankın mənfəəti bu il 67,7 milyon manata enib. Bu, təxminən 26% azalma deməkdir. Azalmanın mümkün səbəbləri arasında kredit ehtiyatlarının artması, iri korporativ portfeldə marjanın azalması, daha konservativ risk siyasəti, kapital bazarına çıxış (IPO) ərəfəsində ehtiyatlı maliyyə strategiyası ola bilər.
Ən sürətli yüksələn banklar
Faiz ifadəsində ən yüksək artım aşağıdakı banklarda qeydə alınıb.
ABB +61%
Premium Bank +48%
Unibank +149%
TuranBank +128%
Yapı Kredi Azərbaycan +98%
VTB Azərbaycan +92%
Bu banklarda mənfəət artımı əsasən kredit portfelinin genişlənməsi, faiz marjasının yüksəlməsi, problemli kreditlər üzrə ehtiyatların azalması, əməliyyat xərclərinin optimallaşdırılması ilə bağlıdır.
Bank Respublika və AccessBank sabit inkişaf nümayiş etdirir
Bank Respublika 27,9 mln manatdan 34,5 mln manata qalxmaqla 23,7% artım göstərib. AccessBank 20,9 mln manatdan 28,1 mln manatadək, 34,4% artım nümayiş etdirib. Bu iki bank artıq bir neçə ildir ki, yüksək ROE və yüksək gəlirlilik göstəricilərini qoruyan banklar sırasındadır.
Mənfəəti azalan banklar
Ən ciddi geriləmə Xalq Bankdadır (26,6 milyon manatdan 13,5 milyon manata −49%) və reytinqdə ən böyük geriləmələrdən biridir. Bankın aktivlərinin və depozit portfelinin azalması da mənfəətə mənfi təsir göstərib.
Bank Avrasiya 4,4 milyon manatdan 0,9 milyon manata enməklə −79% azalma göstərib. Bank mənfəətini demək olar ki, itirib.
AFB Bank 2,7 milyon manatdan 0,2 milyon manata −93% bu göstərici bankın gəlirliliyinin demək olar ki, sıfıra yaxınlaşdığını göstərir.


















