Sığorta

"Dövlət biznesin ehtiyaclarını anlamalıdır" - MÜSAHİBƏ

"Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin sədri Azər Əliyevlə müsahibəni təqdim edirik.

- 2008-ci ilin mart ayında Prezident İlham Əliyev sığorta fəaliyyətilə bağlı yeni qanunu təsdiqləyib. Ötən müddət ərzində ölkənin sığorta bazarında hansı köklü dəyişikliklər baş verib? “Diqlas” və başqa ticarət mərkəzlərində yanğın hadisələri, zəlzələ və s. kimi hallar qanunlarda hansı boşluqları üzə çıxarıb?

- 2008-ci ildən başlayaraq bir neçə il ərzində davam edən islahatlara gəlincə, həmin müddət ərzində sığorta münasibətlərinin nizamlanmasına, tənzimlənməsinə dövlət səviyyəsində yeni yanaşma bərqərar olub, bu sahədə beynəlxalq standartlar və prinsiplər əsas götürülüb. Bununla bağlı “Sığorta fəaliyyəti haqqında” qanun, bir qədər sonra da “İcbari sığorta növləri haqqında” qanun əsaslı şəkildə yenilənib, Mülki Məcəllənin sığorta münasibətlərinə dair bölmələrinə də müvafiq dəyişikliklər edilib.

İkincisi, qanunverici təşəbbüslər vasitəsilə ölkənin sığorta bazarının iştirakçılarının, əsas etibarilə də, sığorta şirkətlərinin maliyyə dayanıqlığı artırılıb, kapitalla bağlı tələblər artırılıb, yeni elektron hesabat sistemləri də ortaya çıxan uyğunsuqluqları izləmək, vaxtında aradan qaldırmaq imkanı yaradıb.

Üçüncüsü, həyata keçirilən islahatlar sayəsində nisbətən qısa müddət ərzində sığorta bazarının həcmini 100 milyon manatdan bugünkü 700 milyon manatadək artırmaq mümkün olub. Bu da qətiyyən son hədd deyil.

- Sığorta şirkətlərində xarici kapitalın iştirakı ilə bağlı hədd ləğv olunsa da, iri sığortaçılar tərəfindən bazarda elə bir maraq hiss olunmur. Buna misal kimi AXA-nın ölkədən çıxıb getməsini göstərmək olar. Ölkənin sığorta bazarını əcnəbilər üçün daha cəlbedici hala gətirmək üçün nələr edilməlidir?

- Bizim bazar sərmayə yatırımları üçün marağını itirməyib. Ölkənin iqtisadi imkanları, coğrafi mövqeyi, əhalinin sayı bizim üstünlüyümüzü şərtləndirən amillərdəndir. Lakin, görünür, mövcud idarəetmə aparatının bəzi cəhətləri bazara yeni-yeni əcnəbi sərmayəçilərin gəlməsini müəyyən qədər əngəlləyir, onları çəkindirir. Bu gün Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən həyata keçirilən geniş islahatların bir qismi də dövlətlə özəl sektor arasındakı bir çox əməliyyatlarda şəffaflığı təmin etməyə yönəlib. Məmur özbaşınalığı hallarının qarşısını almaqda başlıca zəmanət olan məhkəmə sistemində də islahatlara başlanılıb. Bütün bu işlər həyata keçiriləndən sonra xarici iri kapital tərəfindən sığorta bazarımıza daha çox maraq göstəriləcəyinə əminəm.

- Bu il uzun fasilədən sonra ilk dəfə həyat sığortası bazarında yeni oyunçu göründü. Bu hadisə ölkəmizdəki həyat sığortasının daha geniş vüsət almasına nə dərəcədə təkan verə bilər? Bu bazarın imkanları, müvafiq gözləntilər barədə nələr deyərdiniz?

- Bazarın imkanları çox genişdir. Hərçənd bu imkanların üzə çıxması üçün də xeyli iş görülməlidir. Əvvəla, bu sahənin inkişafı üçün daha əlverişli şərait yaratmaq üçün tənzimləyici qurum həyat sığortası şirkətlərilə birgə ciddi fəaliyyət göstərməlidir. Yeni oyunçuya gəlincə, həmin şirkətin sığorta bazarında özünü keyfiyyətli xidmətlər göstərən etibarlı tərəfdaş kimi doğruldan “Xalq Bank - Xalq İnsurance” qrupuna daxil olduğunu söyləyə bilərəm.

- Sizcə, orta müddət üçün icbari və könüllü sığorta növləri arasında nisbət necə dəyişəcək? Məsələn, inkişaf etmiş ölkələrdə gördüyümüz kimi, sığorta şirkətləri tərəfindən çarpaz satışlar həyata keçiriləcəkmi, yəni icbari sığorta alan müştərilərə könüllü sığorta məhsulları təklif ediləcəkmi?

- Orta müddət ərzində icbari və könüllü soğorta növləri arasında nisbətin əhəmiyyətli dərəcədə dəyişəcəyini zənn etmirəm. Çarpaz satışlara gəlincə, müxtəlif şirkətlər işlərini müxtəlif cür görür. Bəziləri bu məsələyə ciddi diqqət ayırırsa, başqaları bu istiqamətin gələcəyinə o qədər də etimad göstərmir. Gözləyib görəcəyik.

- Bəs vergi imtiyazlarının tətbiq edildiyi dövrün müsbət təcrübəsi nəzərə alınsa, sığorta bazarında hansı stimullaşdırıcı tədbirlər görülməlidir?

- Özəl sektorla dövlət qurumları arasında qarşılıqlı əlaqələrin keyfiyyəti artırılmalıdır. Arada dialoq olmalıdır. Dövlət biznesin ehtiyaclarını anlamalı, biznes də dövlətin təyin etdiyi strateji xəttə əməl etməlidir.

- Dünyada 300-dən artıq sığorta məhsulu istifadə olunduğu halda, Azərbaycanda bunlar vur-tut 40-dır. Ölkədə sığorta məhsullarının inkişafında öncüllüklər nədir, yaxın illərdə hansı məhsullar bazarımıza yol tapacaq? Həmçinin 2017-ci ildən satışa çıxarılan əqli mülkiyyətin sığortasına nə üçün geniş tələbat yoxdur?

- Dünyada yalnız bir-iki ölkə hüdudlarında tətbiq edilən sığorta növlərini bizə də köçürməyin düzgün olduğu qənaətində deyiləm. Hər halda, hər ölkənin, hər regionun tarixən bərqərar olan özünəməxsus iqtisadi, mədəni, siyasi münasibətləri mövcuddur. Sığorta məhsulları da müvafiq ərazidəki ehtiyaclara, şəraitə uyğun olmalıdır. Ölkəmizdə də tətbiq olunan 40 sığorta məhsulunun uzaqbaşı yarısı geniş istifadə olunur. Əqli mülkiyyətin sığortasına gəlincə, yəqin ki, həmin mülkiyyət növünə əvvəlcə dəyər verməyi öyrənməliyik ki, sonra hər hansı ziyandan qorumaq barədə düşünək.

- Ölkənin sığorta bazarında hansı islahatlar keçirilməlidir? Əksər ölkələrdə sığorta bazarı daha çox vasitəçilərlə fəaliyyət göstərdiyi nəzərə alınsa, bizdə sığorta vasitəçiliyinin təkmilləşməsi istiqamətində hansı tədbirlər görülür?

- Bu, çox aktual məsələdir. Düzgün olaraq qeyd etdiyiniz kimi, dünyada sığorta məhsulları vasitəçilər tərəfindən, yəni sığorta brokerləri və sığorta agentləri tərəfindən satılır. Bunlar bəzən sığorta məhsullarını satmaqdan əlavə həm də sağorta hadisələrini yoluna qoymaqla məşğul olurlar. Bizdə isə, təəssüf ki, vasitəçilik ətrafında bir növ mənfi təsəvvürlər yaranıb. Əfsuslar olsun ki, son bir-iki ildə sığorta vasitəçilərinin, yəni el arasında deyilən agentlərin peşəkarlıq səviyyəsi xeyli aşağı düşüb, onların çoxu nəinki sığortaçılıq haqqında, satdıqları məhsul barədə belə ən təməl biliklərə sahib deyillər. Satış texnologiyalarından bixəbərdirlər, bir çoxları başqa növ sığorta məhsulları satmağa meylli deyil. Bütün bunlar bəzi sığorta məhsullarının vasitəçiliklə satışına qadağa qoymağın zəruriliyi barədə fikirin yaranmasına səbəb olub. Lakin bu, səhv fikirdir, sığorta məhsullarının satışında vasitəçilik mütləq olmalıdır. Sadəcə, vasitəçilərin səriştəsinin artırılması üçün tədbirlər görülməlidir ki, bu da ən əsas olaraq sığorta şirkətlərinin və tənzimləyici qurumun vəzifəsidir.

Sığorta brokerlərilə bağlı vəziyyət, əlbəttə ki, nisbətən ürəkaçandır. Hazırda bazarda keyfiyyətli xidmətlər göstərən bir sıra beynəlxalq sığorta brokerləri fəaliyyət göstərir. Xeyli sayda yerli sığorta broker şirkətləri də açılır. Peşəkarlıq sarıdan hələlik lazımi səviyyədə olmayan belə brokerlər vəzifələri sığorta şirkəti üçün yeni müştəri gətirmək olduğu halda bəzən sığorta şirkətilə müştəri arasında artıq bərqərar olmuş münasibətlərə müdaxilə edirlər. Hər halda bu sahədə müəyyən fəallıq göz qabağındadır.

- Son illər nüfuzlu iqtisadi nəşrlərdə iqtisadiyyatın rəqəmsallaşmasına dair yazılar çoxalıb. Bizim sığorta bazarına bu cərəyanın təsiri necədir? Ölkənin sığorta bazarında rəqəmli texnologiyaların tətbiq ilə bağlı perspektivlər barədə nə deyərdiniz?

- Bu gün rəqəmsalaşma sığorta başda olmaqla iqtisadiyyatın bütün sahələrinə yol tapır. Azərbaycan post-sovet məkanında icbari sığorta bürosu yaradaraq elektron sığorta vəsiqələrinin rəsmiləşdirildiyi ilk ölkələrdən olub. Yaxın bir ay ərzində istehsalatda bədbəxt hadisələrdən icbari sığorta vəsiqələrinin elektron qaydada verilməsinə başlanacaq. Bu istiqamətdə bir ildən artıqdır hazırlıq işləri görülür.

Adını çəkdiyiniz “Diqlas” ticarət mərkəzində yanğın hadisəsindən sonra daşınmaz əmlakın icbari sığortası ilə də bağlı elektron sığorta vəsiqələrinin verilməsi gündəmə gəldi. Belə ki, sığorta vəsiqələrinin olmasına nəzarət sisteminin yaradılmaması, kağız vəsiqələrin istifadəsi bu sığorta növünün yayılmasını xeyli əngəlləyir.

Sığorta sahəsində işgüzar prosesləri elektron müstəviyə keçirmək üçün bəzən qanunlara dəyişikliklər edilməsini tələb edir. Mən bilən, bu istiqamətdə Maliyyə Bazarlarına Nəzarət Palatası böyük işlər görür. Ümumiyyətlə, bu qurumun sığorta bazarındakı vəziyyəti yoluna qoymaq səylərini xüsusi qeyd etməliyəm.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)