Bank

Hansı bankların “ölü aktivləri” daha çoxdur: TƏHLİL+İNFOQRAFİKA

Azərbaycanda ümumdaxili məhsulda kredit portfelinin həcmi 30-40 faizi keçmir. Bu qonşularımızla müqayisədə belə zəif göstərici olduğundan hökumət kreditləşmə ilə bağlı xüsusi tədbirlər hazırlayır. ENA.az bu ilin birinci rübü üzrə bankların kredit portfelinin təhlilini apararkən məlum oldu ki, aktivlərin böyük hissəsi doğrudan da passiv şəkildədir və likvid vəsaitlərin iqtisadiyyata buraxılmasında problemlər var. 

Eləcə də bax: Hansı banklar “qırmızı bayraq” qaldırıblar?:CƏDVƏL+TƏHLİL

 

Bu mənfi dinamika xüsusən 2018-ci ilin əvvəlində daha çox idi və həmin dövrdə banklar pullarını qiymətli kağızlara yatırırdılar. 2019-cu ilin əvvəlindən isə rəqəmlərin yaratdığı mənzərə çox dəyişib. Bankların çoxunda kredit portfeli artmağa başlayıb və qiymətli kağızların alışı azalıb. Lakin ölkənin ən böyük korporativ Bankı olan PAŞA Bank da isə əksinə qiymətli kağızların alışı 5,2 dəfə artıb, kredit portfelinin aktivlərdəki payı isə azalıb. 

 Bankların aktivlərini yerləşdirməkdə belə bir gediş etmələrinin səbəblərini izah etməyə çalışacağıq. İlk növbədə isə rəqəmlərin yaratdığı mənzərə ilə tanış olun. 

 

Cədvəldən görünür ki, banklar aktivlərinin bir hissəsini qiymətli kağızlar portfelinə diversifikasiya ediblər, ya da böyük ehtimalla ölü aktiv qismində saxlayırlar. 2018-ci ildə kredit portfelinin hələ də zəif olması devalvasiyadan sonra ölkə iqtisadiyyatında kredit ödəmə qabiliyyətinin qeyri-stabil olması, aşağı düşməsi və bankların bu yöndə ehtiyatlı yanaşma strategiyası ilə bağlıdır. 

Aktivlərdə kredit portfelinin payı 60 faizdən yüksək olan banklara Premium Bank, Express Bank, Atabank, Xalq Bank, Günay Bank, Muğanbank, Bank of Baku aiddir. Aktivlərinin həcmində kredit məhsullarının həcminə görə ən pis vəziyyət isə Azərbaycan Beynəlxalq Bankı (22,9%), PAŞA Bank (27,3%)  və Yapı- Kredi Bank Azərbaycanda (30,6%) qeydə alınır. 

Bəs, aktivlərdə kredit portfelinin aşağı səviyyədə olması nə deməkdir? Maliyyəçi Ramin Rəhimov hesab edir ki, bu ilk növbədə iqtisadiyyatın stimullaşdırılmasını ləngidir, pulun tədavül sürətini aşağı salır. “Düzdür, pulun tədavül sürəti əsasən Mərkəzi Bankın funksionnallığından asılı olsa da biz görürük ki, istər Mərkəzi Bank, istərsə də Maliyyə Nazirliyi tərəfindən qiymətli kağızlara tətbiq edilən faiz dərəcəsinin bir qədər cəlbedici olması bankları sövq edir ki, əsasən risksiz olan qiymətli kağızları seçərək, investisiya etsinlər. Bu həm potensial gəlirlərinin sabit olması, həm də aktivlərini qorumaq üçün nəzərədə tutulur. Sistem əhəmiyyətli bankları analiz etsək, Paşa Bank, tam xarici kapitallı AccessBankın kredit göstəriciləri düşüb.  AccessBank yarananda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini dəstəkləmək üçün nəzərdə tutulmuşdusa, hazırda kredit portfelinin ümumi aktivlərdə həcmi 60 faizə çatmır. Bu isə onu göstərir ki, banklar daha çox konservativ yanaşma həyata keçirirlər. 

Bank of Baku, Premium Bank və Xalq Bankın aktivlərində kredit portfeli yüksəkdir. Bunların arasında Premium Banka fərqli yanaşmaq istərdim, çünki onun kredit portfelinin həcmi yüksək olsa da, məlumdur ki, bu bank bazarda sırf əhali üçün kreditləşmə həyata keçirmir, əsasən öz müştərilərinin və istifadəçilərinin, əmək haqqısı öz bankından maliyyələşən əməkdaşlarının kreditləşməsini edir. Ümumilikdə hələki banklar bazarda passiv kreditləşmə siyasəti həyata keçirirlər, bu isə sərt monetar siyasətin alətlərindən biridir və inflyasiya səviyyəsinin qorunmasına xidmət edir. 

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 21 bankın kredit portfelinin artmasına gəlincə, “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin sədri Ceyhun İbrahimovun ENA.az-a verdiyi açıqlamaya görə, bu, dövlət qiymətli kağızlarınını gəlirliyinin aşağı düşməsi ilə əlaqədardır. 

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 21 bankın kredit portfelinin artmasına gəlincə, “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin sədri Ceyhun İbrahimovun ENA.az-a verdiyi açıqlamaya görə, bu, dövlət qiymətli kağızlarınını gəlirliyinin aşağı düşməsi ilə əlaqədardır. Belə ki, Maliyyə Nazirliyinin dövlət istiqrazları və Mərkəzi Bankın notları üzrə gəlirlilik 7-8 faizə düşüb. Bu isə bəzi bankları qane etmədiyindən gəlirlərini artırmaq üçün məhz kreditləşmədə aktivlik göstərməyə başlayıblar. 
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department