Tramp yeni səyahət qadağaları qoydu: “Biz onları istəmirik!"

ABŞ Prezidenti Donald Tramp səyahət məhdudiyyətlərini genişləndirdi və yenidən tətbiq etdi. Çərşənbə günü verdiyi açıqlamada Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Somali, Sudan və Yəmənə tam səyahət qadağası, Burundi, Kuba, Laos, Sierra Leone, Toqo, Türkmənistan və Venesuelaya qismən məhdudiyyətlər tətbiq edib. Bu qadağaların bazar ertəsi, iyunun 9-dan qüvvəyə minməsi gözlənilir.
Tramp administrasiyası bu qərarı milli təhlükəsizlik narahatlıqları və Dövlət Departamentinin hesabatlarına əsaslanaraq verdiyini bildirib. Qadağan olunmuş ölkələrin pasport və səyahət sənədləri ilə bağlı təhlükəsizlik prosedurlarının qeyri-adekvat olduğu və vətəndaşlarının ABŞ-da viza müddətini gecikdirmə nisbətinin yüksək olduğu iddia edilib. Kolorado ştatının Boulder şəhərində viza ilə gələn mühacirlə bağlı son hücuma toxunan Prezident Tramp, hadisənin “düzgün yoxlanılan xarici vətəndaşların ölkəmizdə yaratdığı təhlükəni vurğuladığını” söylədi və əlavə etdi: “Biz onları istəmirik”.
Prezident Tramp bildirib ki, ölkələr öz təhlükəsizlik prosedurlarını təkmilləşdirdikcə siyahı dəyişə bilər və yeni təhdidlər yarandıqca “yeni ölkələr əlavə edilə bilər”.