İcbari tibbi sığorta necə işləyəcək?
Hazırda Mingəçevir, Ağdaş, Yevlax və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda pilot layihə olaraq həyata keçirilən icbari tibbi sığortanın 2019-cu ildə bütün ölkə üzrə tətbiq olunacağı gözlənilir.
İcbari tibbi sığorta nədir?
Qeyd edək ki, icbari tibbi sığorta əhalinin sosial müdafiəsi formasıdır və sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər sistemidir. İcbari tibbi sığorta eyni zamanda sığorta olunanlara baza zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verir.
İcbari tibbi sığortanın məqsədi səhiyyə sahəsində mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etməkdir.
Prezidentin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanına əsasən, Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati əraziləri pilot ərazilər olaraq təsdiq edilib. Layihə Ağdaş rayonunun inzibati ərazisində həyata keçirilir, habelə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda davam etdirilir.
Şərtlər və imtiyazlar
Artıq icbari tibb sığortanın şərtləri təqribən də olsa müəyyənləşib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) sığorta haqqının illik 120 manat (aylıq 10 manat) olmasını təklif edib. Bu barədə danışan İTSDA-nın mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova deyib ki, qeyd edilən məbləğ bir çoxlarının düşündüyü kimi qanuni qüvvəyə minməyib:
“Agentlik təklif edib ki, illik sığorta haqqı adambaşına 120 manat civarında olsun. Bəzi təbəqələr də sığorta haqqı ödəməkdən azad edilsin. Bunlara əlillər, uşaqlar, pensiyaçılar, əyani təhsil alan tələbələr daxildir”.
Məsələ ilə bağlı baş nazirin müavini Əli Əhmədov jurnalistlərə bildirib ki, icbari tibbi sığorta zamanı səhiyyənin maliyyələşməsinin ağırlığı əsasən büdcənin üzərinə düşəcək:
"Maliyyələşmənin əsas ağırlığı büdcənin üzərinə düşəcək. Başqa sözlə, bu gün səhiyyəyə ayrılan büdcə vəsaitinin müvafiq hissəsi icbari tibbi sığorta fonduna istiqamətlənəcək".
İşəgötürənlərin, yəni şirkətlərin bu prosesə pul ayırmasının vacibliyinə gəlincə, Ə.Əhmədov bildirib ki, işçinin xəstələnməsi və işə çıxmaması müəssisəyə onun müalicəsindən daha baha başa gəlir və bu vəziyyətdə ən yaxşı üsul mütəşəkkil formada icbari tibbi sığortadır.
“Hesab edirəm ki, işəgötürənlər əməkhaqqının 2 - 2,5 faizi miqdarında icbari tibbi sığorta ödəmələrini həyata keçirməklə işçilərinin sağlamlığına və dolayısı ilə öz müəssisəsinin daha çox itkilərdən qorunmasına nail olunduğuna anlaşma ilə yanaşacaqlar. Hazırda Azərbaycanda orta aylıq əmək haqqının 441 manat olduğunu nəzərə alsaq, vətəndaşlar icbari tibbi sığorta fonduna orta hesabla 5-10 manat ödəyəcəklər”.
Əli Əhmədovun sözlərinə görə, icbari tibbi sığortaya pul ödəməklə insanlar həm özlərinin, həm də ailəsinin daha etibarlı tibbi xidmətlər almasını təmin etmiş olacaqlar”.
İcbari tibbii sığortanın maliyyə mənbələri
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Monitorinq, təhlil və aktuari departamentinin rəhbəri Araz Nəsirov Modern.az-a bildirib ki, müasir dövrdə tibbin sürətli inkişafı, yeni texnologiyaların tətbiqi səhiyyə xərclərinin artmasına gətirib çıxarıb:
“Bir çox ölkələrdə səhiyyənin maliyyələşməsi, artan səhiyyə xərclərinin qarşılanması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu sahəyə ayrılan vəsaitlərin dövlət büdcəsindən – vahid mənbədən asılılığının azaldılması, maliyyə sabitliyinin qorunması üçün mövcud maliyyə mənbələrinin çeşidləndirilməsinə və yeni mənbələrin axtarışına zərurət yaranır.
Hazırda səhiyyə sahəsində ənənəvi mənbələr – sığorta haqları, vergilər, dövlət büdcəsindən daxilolmalar və s. mövcuddur. Ənənəvi mənbələrlə yanaşı, bir sıra ölkələr tütün, spirtli içkilər, yanacaq və digər istehlak mallarına rüsumların tətbiqindən alternativ maliyyə mənbəyi kimi uğurla istifadə edirlər. Beynəlxalq təcrübədən də görünür ki, dövlətlər artıq səhiyyənin dövlət büdcəsi hesabına maliyyələşdirilməsindən imtina edərək icbari tibbi sığorta sisteminə keçirlər. İcbari tibbi sığorta həmrəylik prinsipinə əsaslanan sosial layihədir. Burada dövlətlə yanaşı, vətəndaşlar da sığorta haqqı formasında müəyyən məbləğlər ödəyərək səhiyyənin maliyyələşdirilməsində iştirak edirlər. İcbari tibbi sığorta hazırda səhiyyənin maliyyələşməsində ən effektiv və dayanıqlı sistemdir”.
İcbari tibbi sığortanın dünya təcrübəsi
İTSDA rəsmisi icbari tibbi sığortanın tətbiq edildiyi dünya ölkələrilə bağlı fikirlərini də bölüşüb:
“İcbari tibbi sığorta sisteminin ən uğurla tətbiq edildiyi ölkələrə Estoniya, Almaniya, Türkiyə və digər ölkələri misal göstərmək olar. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, adambaşına düşən səhiyyə xərci 800 dollardan çox olan Estoniyada əmək haqqından 13 faiz sığorta haqqı tutulur. Almaniyada tutulan sığorta haqqı isə 14.6 faiz təşkil edir və adambaşına düşən səhiyyə xərcləri 3900 dollara yaxındır. İcbari tibbi sığortanın tətbiqi ilə səhiyyə sistemində köklü dəyişikliklərə nail olan Türkiyədə əmək haqqından tutulan sığorta haqları 12.5 faiz həcmindədir. Əmək haqqından tutulmalarla yanaşı, rəsmi iş yeri olmayan, özüməşğul əhalidən isə sabit sığorta haqqı toplanır”.
Əmək haqqı artdıqca, sığorta haqqı da artır...
A.Nəsirov qeyd edib ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üçün ilkin olaraq əmək haqqından 1faiz işəgötürən və 2 faiz işçi tərəfindən olmaqla sığorta haqqı tutulması təklif olunur:
“Özüməşğul əhalidən isə illik 120 manat sığorta haqqı toplanılması nəzərdə tutulur. İcbari tibbi sığorta sistemi dövlətlə yanaşı əhali tərəfindən də maliyyələşdiyi üçün səhiyyə xərclərinin qarşılanmasında daha dayanıqlı maliyyə resursları formalaşdırır. Səhiyyə xidmətlərinin keyfiyyətinin artması ilə xidmətlərə olan tələbatın artması İTS-nin maliyyə mənbələrinin dayanıqlılığının artırılması, inflyasiya risklərinin nəzərə alınması, yeni maliyyə mənbələrinin cəlb olunması zərurəti yaradır. Bu istiqamətdə görülən işlərdən Litvada tətbiq olunan mexanizmi nümunə göstərmək olar. Litvada özüməşğul əhalidən toplanan sabit sığorta haqqı minimum əmək haqqına indekslənib. Bu, ölkədə minimum əmək haqqının artması ilə sığorta haqqının da artması deməkdir.
Ümumdünya Səhiyyə Təşkilatı səhiyyənin maliyyələşməsində yeni innovativ üsullar da təklif edir. ÜST-nin apardığı təhlillər göstərir ki, sağlamlığa zərərli olan tütün, spirtli içkilər, havanın çirklənməsinə təsir edən avtomobil yanacağı və buna bənzər bir çox məhsullar və xidmətlərə xüsusi vergilərin tətbiq olunması səhiyyə sahəsinə yeni maliyyə resursları cəlb etməyə imkan verir. Tütün, spirtli içki və digər sağlamlığa mənfi təsir edən məhsullara vergi tətbiq olunması bu məhsullarının qiymət artımına gətirib çıxardır ki, bu da müəyyən dərəcədə həmin məhsulların satışı və müştəri kütləsinə təsir edir və bu məhsulların yaratdığı fəsadların sayı azalır.
Beləliklə, əsas məqsəd müxtəlif mənbələrdən kifayət qədər maliyyə vəsaitləri toplamaqla dövlət büdcəsindən (vahid mənbədən) asılılığın azaldılması, daima artmaqda olan səhiyyə xərclərinin yetərincə qarşılanması üçün gəlirlərin də mütənasib artması və əhalinin maliyyə riskləri də qorumaqla tibbi xidmətlərə əlçatanlığının təmin edilməsidir. Aktiv satınalma, tibb təchizatçılarının ödənilməsində qabaqcıl və digər ölkələrdə sınaqda keçmiş ödəniş metodlarının tətbiqi və müxtəlif dərəcədə kombinasiyası səhiyyə xərclərinin daha səmərəli şəkildə xərclənməsinə şərait yaratmaqla yanaşı, səhiyyənin maliyyələşdirilməsinə dayanıqlığı təmin edəcək”.
Baza zərfinə daxil olan tibbi xidmətlər və tarifləri
Baza zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığorta olunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur.
Baza zərfinə daxil olan tibbi xidmətlər və tariflər Prezidentin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanı ilə təsdiq edilib. Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində tədbiq olunan icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin sayı 1829-dur:
- İlkin səhiyyə xidməti – 18
- Təcili və təxirəsalınmaz tibbi yardım xidməti - 6
- Ambulator xidmət – 480
- Stasionar xidmət - 677
- Laborator xidmət – 459
- Fizioterapiya – 23
- Həyati vacib, dəyəri yüksək olan xidmətlər – 166
Siyahı və tariflərlə bağlı daha ətraflı aşağıdakı linkdə tanış ola bilərsiniz:
http://its.gov.az/site/assets/files/1644/tminatlar.pdf
Baza zərfinə daxil olmayan tibbi xidmətlər
Baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı və tarifləri Azərbaycan Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanı ilə təsdiq edilib. Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı və tariflərini təqdim edirik: