Bill Qeyts: Süni intellekt 20 illik iqtisadi və sosial təlatümə səbəb ola bilər
“Microsoft”un həmtəsisçisi Bill Qeyts süni intellektin inkişafının qarşıdakı 20 il ərzində iqtisadi və sosial həyatda ciddi dəyişikliklərə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
ENA.az xəbər verir ki, Qeyts “Decoder” podkastında çıxışı zamanı süni intellektə əsaslanan iqtisadiyyata keçidin əmək bazarını dəyişdirəcəyini və insanların cəmiyyətdəki rolu ilə bağlı suallar yaradacağını bildirib.
Onun sözlərinə görə, bu keçid dövründə həm qazananlar, həm də itirənlər olacaq və cəmiyyət mümkün rifah dövrünə çatmazdan əvvəl ciddi sarsıntılarla üzləşə bilər.
Qeyts süni intellekt və robot texnologiyalarının gələcəkdə ev tikintisi, ərzaq istehsalı və hətta cərrahiyyə kimi sahələrdə insanların gördüyü fiziki işlərin böyük hissəsini yerinə yetirə biləcəyini qeyd edib.
O, eyni zamanda hökumətlərin və cəmiyyətin texnologiyanın sürətli inkişafına kifayət qədər hazır olmadığını vurğulayıb. Qeyts kibertəhlükələrə və bioloji risklərə qarşı daha güclü dövlət nəzarətinin və texniki təhlükəsizlik tədbirlərinin vacibliyini bildirib.
Onun fikrincə, ən əlverişli ssenaridə belə süni intellektin inkişafı bəşər tarixinin ən böyük dəyişikliklərindən birinə səbəb ola bilər.



















