Nvidia rəhbəri: Qazaxıstan qlobal süni intellekt mərkəzinə çevrilə bilər
ABŞ-ın çip istehsalçısı “Nvidia” şirkətinin rəhbəri Jensen Huang Qazaxıstanın enerji resursları və ixtisaslı kadr potensialı sayəsində qlobal süni intellekt mərkəzlərindən birinə çevrilə biləcəyini bildirib.
ENA.az xəbər verir ki, Huang bunu Astanada Beynəlxalq Süni İntellekt Mərkəzi Alem.AI-də keçirilən tədbirdə Qazaxıstanın baş nazirinin müavini, süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyevin suallarını cavablandırarkən deyib. Bu, onun Qazaxıstana ilk səfəridir.
Huangın sözlərinə görə, süni intellekt sistemlərinin inkişafı üçün enerji, məlumat və yüksək hesablama gücü vacibdir. O bildirib ki, Qazaxıstan enerji resurslarını süni intellekt hesablama imkanlarına çevirərək yalnız enerji deyil, texnoloji xidmətlər də ixrac edə bilər.
“Nvidia” rəhbəri yerli məlumatların emalının, milli süni intellekt infrastrukturunun yaradılmasının və açıq mənbəli texnologiyaların yerli dillərə uyğunlaşdırılmasının əhəmiyyətini vurğulayıb. Onun fikrincə, Qazaxıstanın elm, riyaziyyat və texnologiya sahələrində ixtisaslı kadrları bu istiqamətdə üstünlük yarada bilər.
Səfər çərçivəsində Huang Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə də görüşüb. Tərəflər süni intellekt və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Görüşün sonunda Tokayev Huangı Qazaxıstanda süni intellektin inkişafına verdiyi töhfəyə görə birinci dərəcəli “Dostluq” ordeni ilə təltif edib.


















