Meta-nın səhmləri süni intellekt xərclərinin artırılması fonunda 7%-dən çox ucuzlaşıb
“Facebook”, “Instagram” və “WhatsApp” platformalarının sahibi “Meta” şirkətinin səhmləri süni intellektə investisiyaların artırılması planından sonra 7%-dən çox ucuzlaşıb.
ENA.az xəbər verir ki, şirkətin rəhbəri Mark Zukerberqin süni intellekt sahəsinə daha böyük vəsait yatırılacağını açıqlamasından sonra investorların xərclərin artması ilə bağlı narahatlıqları güclənib. Səhmlərin qiyməti 648,26 dollara qədər geriləyib.
“Meta” 2026-cı il üzrə kapital xərcləri proqnozunun aşağı həddini 130 milyard dollardan 135 milyard dollara yüksəldib. Şirkət kapital xərclərinin il ərzində 135–145 milyard dollar təşkil edəcəyini gözləyir. İcarə, hesablama infrastrukturu və enerji müqavilələri də daxil olmaqla gələcək xərclər üzrə öhdəliklər isə 825 milyard dollara çatıb.
İnvestorların narahatlığını artıran digər amil şirkətin sərbəst pul axınının mənfiyə düşməsidir. “Meta” üçüncü rübdə 2,12 milyard dollar mənfi sərbəst pul axını qeydə alıb. Halbuki ötən ilin eyni dövründə bu göstərici 10,63 milyard dollar müsbət olub. Bu, şirkətdə on ildən artıq müddətdə ilk belə haldır.
Bununla yanaşı, “Meta”nın borcları üzrə kredit defolt svoplarının (CDS) dəyəri də rekord səviyyəyə yüksəlib. Bu göstərici investorların şirkətin artan xərcləri və süni intellekt investisiyalarının gəlirə çevrilməsi ilə bağlı riskləri daha diqqətlə qiymətləndirdiyini göstərir.



















