BİZNES

Azərbaycanda bahalaşmanın ömrü niyə uzun olur?

Azərbaycanda məhsul və xidmətlərin bahalaşmasında xarici faktorların da böyük rolu var. Çünki ölkəmizə idxal olunan məhsulların sayı kifayət qədərdir və həmin məhsulların bahalaşması nəticədə yerli topdan və pərakəndə bazara çıxan məhsulların qiymətinin artmasında özünü göstərir. Bu isə inflyasiyanın yüksəlməsi deməkdir və əsas funksiyası inflyasiyanı məqbul dəhliz aralığında saxlamaq olan Azərbaycan Mərkəzi Bankı açıqlamalarında idxal inflyasiyasını qeyd edir.

Diqqət çəkən maraqlı faktlardan biri odur ki, idxal olunan məhsulların bahalaşması bazarda dərhal özünü göstərir və bir müddət sonra dünya bazarında ucuzlaşma baş verdiyi halda, biz bunu “cibimiz”də daha gec hiss edirik.

ENA.az-ın bununla bağlı sualını cavablandıran Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib ki, idxal inflyasiyasının artımının ümumi göstəricilərdə daha uzunmüddətli əksini tapması onun baha qiymətə alınması və satışının uzunmüddətli davam etməsi nəticəsində baş verir. Yəni, baha alınan buğda satılıb bitənə qədər bazara baha qiymətə çıxır.  

Amma bu da faktdır ki, səbəb yalnız bu deyil. Azərbaycan bazarında xüsusən də bir neçə məhsul üzrə ciddi inhisarçılıq mövcuddur. Məsələn, ölkəyə gətirilən buğda da vəziyyət belədir. Buğda və un idxalında ən böyük pay Karat Holdinqə məxsusdur.

Bundan başqa, ucuz alınan məhsulların bahalaşmaya reaksiyası daha sürətli olur və dünya bazarında baş verən artıma “əsaslanan” idxalçılar ucuz aldıqları məhsulları dərhal baha qiymətə satmağa başlayırlar. Analoji yanaşma isə ucuzlaşma olduğu halda baş vermir, baha alınıbsa, satılanadək baha satılır.

Bəzi məhsullar və xidmətlər üzrə ümumiyyətlə yerli istehsal olmadığı üçün bu halda idxaldan asılılıq inflyasiyaya daha ciddi təsir göstərir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)