Aqrar

Yağın qiyməti ucuzlaşıb. Qida məhsullarından hansı bahalaşıb?

İyulda 1,3% artan dünya ərzaq qiymətləri avqustda əvvəlki tendensiyasına qayıdıb - FAO-nun (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) icmalına əsasən, onlar aylıq ifadədə 2,1% azalıb.

Dünya ərzaq qiymətləri indeksi avqustda 121,4 bənd təşkil edib ki, bu da iyul ayı ilə müqayisədə 2,1%, 2022-ci ilin mart ayının maksimal səviyyəsindən isə 24% aşağıdır.

“Qeyd olunmuş azalma şəkərin qiymət indeksinin mülayim artması fonunda süd məhsulları, bitki yağları, ətin və taxılın qiymətlərinin aşağı düşməsi ilə bağlıdır”, - sənəddə deyilir.

Taxılın qiymət indeksi avqustda iyul ayı ilə müqayisədə 0,7%, illik ifadədə isə 14,1% azalıb. Qlobal buğda qiymətləri, əsasən Şimal yarımkürəsindəki bir sıra aparıcı ixracatçı ölkələrdən məhsulun güclü mövsümi tədarükü nəticəsində təklifin artması səbəbindən 3,8% azalıb. Qarğıdalı qiymətləri ardıcıl yeddinci aydır ki, ucuzlaşıb və 2020-ci ilin sentyabrından bəri ən aşağı səviyyəyə çatıb.

Düyü qiymətləri isə əksinə, iyul ayı ilə müqayisədə 9,8% artaraq son 15 ilin ən yüksək qiyməti olub. Bu, iyul ayında Hindistanın ağ düyü sortlarının ixracına qadağasından sonra ticarətin pozulması ilə bağlıdır.

Bitki yağının qiymət indeksi avqustda iyulda qısamüddətli artımdan sonra 3,1% azalıb. Bu, dünya bazarında palma, günəbaxan, soya və kolza yağının qiymətinin aşağı düşməsini əks etdirdi. Belə ki, iri ixracatçılardan yüksək təklif fonunda idxal tələbinin zəifləməsi səbəbindən günəbaxan yağının dünya qiymətləri təxminən 8% azalıb.

Ötən ay süd məhsullarının qiymət indeksi 4% azalıb. Azalma ardıcıl səkkizinci aydır ki, davam edir. Ötən ilin avqust ayı ilə müqayisədə bu, 22,4% təşkil edib. Avqust ayında ən çox qiymətcə ucuzlaşmaya tam yağlı süd tozu düşüb ki, bu da mövsümi istehsalın artımı dövründə və Çindən idxal alışlarının azalmasının təsiri altında, xüsusən də Okeaniyadan gələn əhəmiyyətli tədarük həcmi ilə əlaqədar olub.

Qlobal yağsız süd tozu qiymətləri 2020-ci ilin ortalarından bəri ən aşağı səviyyəyə çatıb. Kərə yağı və pendirin dünya qiymətləri də analoji amillərin təsiri altında ucuzlaşıb.

Ətin qiymət indeksi avqustda iyul ayı ilə müqayisədə 3%, illik ifadədə isə 5,4% azalıb. Ən böyük azalma əsasən Avstraliyadan ixrac təklifinin kəskin artması, eləcə də Çindən tələbin zəifləməsi ilə əlaqədar quzu ətinin qiymətləri ilə nümayiş etdirilib. Donuz ətinin qiymətinin aşağı düşməsi ilk növbədə aparıcı idxalçı ölkələrin tələbinin aşağı olması və daxili bazarda satışın azalması fonunda Avropada əhəmiyyətli ixrac təklifi ilə bağlıdır. Quş ətinin qiymətləri, xüsusən də Braziliyadan gələn güclü tədarük səbəbindən aşağı düşüb. Bir sıra aparıcı istehsalçı ölkələrdə kəsim heyvanlarının çox olması və idxal tələbinin zəif olması səbəbindən mal əti ucuzlaşıb.

Şəkərin qiymət indeksi avqustda iyul ayı ilə müqayisədə 1,3%, illik ifadədə isə 34,1% artıb. Bu, əsasən gözlənilən qlobal hasilatı azalda biləcək El Niño hava fenomeni ilə bağlı artan narahatlıqlarla bağlıdır.

Qeyd edək ki, FAO-nun Ərzaq Qiymətləri İndeksi beş əsas ərzaq əmtəə qrupu üzrə beynəlxalq qiymətlərin dinamikasını izləyən orta çəkili göstəricidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)