Meriyanın yeni qurumu hansı işləri görəcək?
Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin qərarına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC yaradılıb.
"BI"nin verdiyi xəbərə görə, qərarda məzərdə tutulub ki, bu qurum paytaxtda bilavasitə tikinti işlərinin aparılması ilə məşğul olmayacaq. Onun əsas fəaliyyəti dövlət vəsaiti hesabına Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində strateji planların hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarətdən ibarət olacaq.
Cəmiyyətin işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilib.
Qərara uyğun olaraq “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin Nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən zəruri tədbirlərin həyata keçirilməsi təmin ediləcək.