Sosial iqtisadiyyat

Müəllimlərin maaşından nə qədər vergi tutulur - HESABLAMA

Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşı 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

Bəs artımdan sonra bütün vergilər çıxıldığı zaman maaşların məbləği təxminən neçə manat oldu?

Sözügedən mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Kamran Əsədov, müəllimlərin maaşlarından hansı vergilən çıxıldığına və ümumilikdə, bütün vergilərin hesablanma qaydasına aydınlıq gətirib:

“İlk növbədə bunu vurğulamaq lazımdır ki, ölkə başçısı tərəfindən müəllimlərin əməkhaqlarının artırılması onların sosial vəziyyətinə müsbət təsir göstərəcəkdir. Məlum artım müəllimlərin əməkhaqlarına 50 – 110 manat aralığında təsir göstərəcək.

Qeyd edim ki, müəllimlərin əməkhaqqından aşağıdakı vergilər tutulur:

Gəlir vergisi – 14%;

Sosial sığorta – 3%;

Həmkarlar ittifaqı – 2%;

İşsizlikdən sığorta – 0,5%

Bunları ümumilikdə hesabladıqda maaşdan 19,5 % tutulmalar olur.

Bunu daha geniş formada izah etsək: Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, 2500 manatadək olan aylıq gəlirlərdən 14% gəlir vergisi tutulur. “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən, əmək müqaviləsi ilə işləyənlər üçün hesablanmış əməkhaqqının 3% miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir. Qeyd olunanlardan əlavə, Həmkarlar İttifaqı Təşkilatı ilə bağlanmış müqaviləyə əsasən, əməkhaqqından 2% üzvlük haqqı tutulur”.

Ekspert vergi tutulmalarında güzəştlərin tətbiq edildiyi halları da qeyd edib:

“Bəzi müəllimlərə vergi tutulmaları zamanı güzəştlərin tətbiq edilməsi də çoxlarına məlumdur: Əməkhaqqı 2500 manata qədər olduqda, ondan ölkə üzrə yaşayış minimumu- 345 manat çıxıldıqdan sonra qalan məbləğdən 14% gəlir vergisi tutulur. Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən, bəzi kateqoriyadan olan işçilərin əməkhaqqından gəlir vergisi güzəştlə tutulur.

Belə ki, I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Güzəştlərlə bağlı məsələyə nümunələr əsasında nəzər salaq: Tutaq ki, müəllimin əməkhaqqı 400 manat təşkil edir.

Gəlir vergisi – (400-345) = 55 * 14% = 7.7 manat.

Sosial sığorta – 400 * 3%= 12 manat.

Həmkarlar – 400 * 2%= 8 manat.

İndi isə müəllimin əmək haqqından vergi faizlərini çıxaq:

400-(7.7+12+ 8)= 372.3 manat.

Beləliklə, vergilər tutulduqdan sonra müəllimin əməkhaqqı 372.3 manat təşkil edir.

İndi isə ona tətbiq olunan güzəştləri nəzərə alaraq, məcburi köçkün müəllimin əməkhaqqı və vergi tutulmalarını hesablayaq: Tutaq ki, məcburi köçkün müəllim 450 manat əməkhaqqı alır.

Gəlir vergisi – (450-345-100)= 5* 14%= 0,7 manat.

Sosial sığorta – 450 * 3%= 13,5 manat.

Həmkarlar – 450 * 2%= 9 manat.

İndi isə məcburi köçkün müəllimin əmək haqqından vergi faizlərini çıxaq: 450 – (0,7+13,5+9) = 426,8 manat.

K.Əsədov vergilərin tətbiq edilməsi ilə bağlı öz narazılığını da bildirib:

"Hesab edirəm ki, müəllimlərin əmək haqlarından vergi tutulması olmamalıdır. Müəllimlərin əmək haqlarından vergi tutulması ləğv edilməlidir. Bu zaman müəllimlər əmək haqqı artımını daha çox hiss edə bilərlər". (AzEdu.az)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)