Trampın xüsusi nümayəndəsi Moskvaya gedib

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun təyyarəsi Moskva yaxınlığındakı Vnukovo hava limanına enib. Onun gəlişi ilə bağlı məlumatı “İnterfaks” da təsdiqləyib. TASS-dakı mənbənin məlumatına görə, cənab Uitkoffu Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri və Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.
Stiven Uitkoff danışıqlar üçün sonuncu dəfə aprelin 25-də Moskvaya uçub, ondan əvvəl isə aprelin 11-də Sankt-Peterburqda olub. Hər iki dəfə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Bu, ABŞ-nin xüsusi nümayəndəsinin ilin əvvəlindən bəri Rusiyaya beşinci səfəridir. “Reuters” xəbər verir ki, amerikalı diplomat bu dəfə “Rusiya rəhbərliyi” ilə görüşəcək.
İyulun 29-da Donald Tramp Ukraynadakı münaqişə ilə bağlı razılığa gəlmək üçün Rusiyaya 10 gün vaxt verdiyini bildirib. İlkin son tarix 50 gün idi.