Bank

Azərbaycanda nağd pulun dövriyyədəki həcmi artıb - 6 AYIN NƏTİCƏSİ

2025-ci il iyulun 1-nə Azərbaycanda pul bazası 24 milyard 130 milyon manat olub. Yanvarın 1-nə bu göstərici 23 milyard 717 milyon manat idi və bu dövrdə pul bazasının 20 milyard 916 milyon manatı məhz AZN ilə ifadə olub. Bu ilin altı ayının nəticələrinə görə, pul bazasının 21 milyard 471 milyon manatı Azərbaycanın milli valyutasındadır. 

Göründüyü kimi, ümumi pul bazası 1,7%, manatla olan pul bazası isə 2,6% artıb. Başqa sözlə ifadə etsək, ilin sonundan bəri bankların likvidliyində çətinliklər bu ilin fevral ayında manatla olan pul bazasının 19 milyard 842 milyon manata düşməsilə daha da daralmışdı. Görünür, yanvar-mart aylarında ölkədə olan bahalaşmanın və onun yaratdığı inflyasiyanın təsirini azaltmaq üçün Tənzimləyici manatın həcmini azalatmaqla onun dəyərini artırmaq yolunu seçib. Lakin sonrakı dövrdə manat qıtlığının yaratdığı yan təsirlər nəticəsində pul bazasının artmasına yaranan ehtiyac səbəbindən ötən altı ayda dövriyyəyə əlavə 555 milyon manat daxil edib. 

Pul bazasının 18 milyard 92. milyon manatı dövriyyədə olan nağd pullardır. Beləliklə, pul bazasının 75%-i nağd pullardır və xatırladaq ki, 2024-cü ilin sonuna bu 73,6% idi, başqa sözlə, nağd vəsaitlər artıb. Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsindəki son azalma ilə də pul siyasətini yumşaltdığına informasiya dəstəyi vermiş oldu. Niyə informasiya dəstəyi, çünki hazırda ölkəmizdəki uçot dərəcəsi bazara birbaşa deyil, dolayısı ilə təsir göstərə bilir. 

Qeyd edək ki, Pul bazası — ölkədə dövriyyədə olan nağd pul və kommersiya banklarının Mərkəzi Bankdakı ehtiyatlarının (hesablarında saxladıqları vəsaitlər) cəmi deməkdir.

Başqa sözlə, pul bazası iqtisadiyyatda ən əsas, ilkin pul kütləsini göstərir və Mərkəzi Bankın birbaşa nəzarət etdiyi pul miqdarıdır.

Pul bazasının tərkibinə adətən daxildir:

  1. Nağd pul – dövriyyədə olan kağız və metal pullar, hansı ki, pul çıxartmaq səlahiyyəti yalnız Mərkəzi Banka aiddir.

  2. Bank ehtiyatları – kommersiya banklarının Mərkəzi Bankdakı məcburi və könüllü ehtiyatları.

Pul bazası pul təklifinin əsasını təşkil edir. Mərkəzi Bank pul bazasını dəyişməklə (məsələn, pul çap etməklə, ehtiyat normativlərini dəyişməklə, banklara kreditlər verməklə və ya açıq bazar əməliyyatları ilə) bütün pul dövriyyəsinə təsir göstərir.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)