MALİYYƏ

Hərraclarda tələb sıfırdır: Azərbaycanda dollar ucuzlaşacaqmı?

Azərbaycan Mərkəzi Bankının təşkil etdiyi son 2 valyuta hərraclarında banklar tərəfindən heç bir sifariş təqdim edilməyib. Bu o deməkdir ki, hərraca çıxarılan dolları heç bir bank almaqda maraqlı olmayıb. Yəni, hərraclarda bankların dollara tələbi yaranmayıb.

Səbəb nədir? Manat dollara nisbətən möhkəmlənə bilərmi?

ENA.az-ın məlumatına görə, Milli Məclisin deputatı Vüqar Bayramov deyir  ki, dollara tələbin azalmasının bir neçə əsas səbəbləri var.

“Əvvəla, mövsümi olaraq dollara tələbin azalması müşahidə olunur. Bu daha çox idxal əməliyyatlarının həcmi ilə bağlıdır. İlin ilk ayında idxalın həcminin azalması dollara tələbi də aşağı salır. Ötən ilin ilk 11 ayında idxalın həcmi 12 milyard 881 milyon dollar olub.  Bu idxalın həcmində 1,2 faiz artım deməkdir. İdxal dollara əsas tələb yaradan faktordur. İdxalın həcminin dəyişməsi xarici valyutaya tələbi müəyyənləşdirir”- deyə Bayramov bildirir.

Digər tərəfdən, əhalinin də dollara tələbi azaltmaqdadır. Deputat deyir ki, burada iki mühüm məqam var: birincisi, dollar alışına limitlər qalmaqdadır. Bu da dollar alışına birbaşa təsir göstərir. İkincisi, manatın uzun müddət stabil qalması dollar yığımlarına tələbi azaldıb.  Banklarda əhalinin 11 milyard 753 milyon manatlıq depozitinin 7 milyard 139 milyon manatı milli, 4 milyard 603 milyon manatı isə xarici valyutada saxlanılır.

Manatın məzənnəsinin dəyişməsinə gəldikdə isə, Mərkəzi Bankın məzənnə siyasəti üçün manatın güclənməsi deyil, mövcud kursu qoruyub saxlamaq daha prioritet görsənir.

Azərbaycanda hələlik üzən məzənnə siyasətinə keçilmədiyi üçün manatın kursuna Mərkəzi Bank intervensiya alətləri ilə birbaşa təsir edə bilir.

“Bu baxımdan, mövcud məzənnə siyasəti manatın kursunun möhkəmlənməsini hədəfləmir. Qlobal bazarlardakı volatilliyi nəzərə alsaq kursda istənilən dəyişikliyin orta və uzun müddətli dövrdə əks təsirləri ola bilər. İndiki halda, Mərkəzi Bank üçün hədəf mövcud kursu qorumaq daha prioritet olaraq qalmaqdadır”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)