Rəsmi

Palata daha bir qurumda "Yeyinti" aşkarladı

 Hesablama Palatası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentində həyata keçirilmiş auditin nəticələrini açıqlayıb.

Palatada verilən məlumata görə, Hesablama Palatasının Kollegiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinə dövlət büdcəsindən ayrılan xərclərin və “Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu”nun daxilolmalarının və xərclərinin icrasına dair auditinin nəticələri üzrə auditor hesabatını müzakirə edərək təsdiqləyib.

Audit Ətraf Mühitin Mühafizəsi Departamentində və seçmə qaydada tabeli idarələrində, Fondun vəsaitinin xərclənməsi üzrə Nazirliyin aparatında həyata keçirilib və ümumilikdə 17 082,6 min manat məbləğində vəsaiti əhatə edib.

Fondun gəlir və xərclər smetası tərtib edilərkən mədaxil mənbələri ayrı-ayrılıqda proqnozlaşdırılmayıb, əvvəlki illərdən istifadə olunmamış qalıq vəsaitlər gəlir və xərclər smetasının gəlirlər hissəsində öz əksini tapmayıb, müvafiq qanunvericilikdə müəssisələr (istehsalatlar) tərəfindən təbii ehtiyatlardan istifadənin və ətraf mühitə təsir edən tullantıların həcmini özündə əks etdirən hesabatların tam alınması təmin olunmayıb, respublika ərazisində fəaliyyət göstərən müəssisələrin yalnız müəyyən hissəsinə təbii ehtiyatlardan istifadəyə görə haqq və çirkləndirici maddələrin ətraf mühitə atılmasına görə ödəmə üzrə bildiriş göndərilib, eləcə də 2017-ci ildə Bakı şəhərində yalnız sənaye sahəsi üzrə fəaliyyət göstərən müəssisələrin sayı Bakı şəhəri ərazisində bütün sahələrdə fəaliyyət göstərən bildiriş göndərilmiş müəssisələrin sayından çox olmuş və ətraf mühiti əhəmiyyətli dərəcədə çirkləndirmə ehtimallı müəssisələrin yalnız bir qismi tərəfindən hesabat verilib.

Mövcud resursların Fonda toplanılmasında təbii sərvətlərdən istifadəyə görə haqq və çirkləndirici maddələrin ətraf mühitə atılmasına görə ödəmə üzrə subyektlərin (ödəyicilərin) məlumat sistemi (bazası) formalaşdırılmamış, eləcə də müəssisələr (istehsalatlar) üzrə texnoloji proseslərə uyğun ekoloji normaların yol verilə bilən həddini özündə əks etdirən ekoloji pasportların alınmasına və ekoloji pasportlarda göstərilən yol verilə bilən həddə riayət olunmasına tam nəzarət edilməyib, bu sahədə Nazirliyin müxtəlif idarələri üzrə fəaliyyət tam koordinasiya olunmuş formada təşkil edilməyib, ödənişi gecikdirilən haqq və ödəmələrə cərimələr hesablanmamış və həmin ödəmələri verməli olan subyektlərdən ödənişi gecikdirilmiş məbləğlərin alınması üzrə zəruri tədbirlər görülməyib, ətraf mühitin mühafizəsi sahəsində nəzarətin həyata keçirilməsi üçün yaşıllıqların kadastrı və uçotu üzrə məlumat sistemi mövcud olmayıb, bu sahədə müvafiq qurumlarla əlaqəli fəaliyyət formalaşdırılmayıb.

Ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinin pozulması üzrə cərimələr tətbiq edilərkən faktiki vəziyyət bir sıra hallarda tam araşdırılmadan protokollar tərtib edilərək qərarlar çıxarılsa da, cərimələr düzgün tətbiq olunmayıb, bəzi hallarda cərimə məbləğinin azaldılması üçün cərimə hüquqi şəxsin əvəzinə fiziki şəxsə tətbiq edilib, 8 halda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərə fiziki şəxs kimi cərimə hesablanıb, bəzi hallarda ekoloji ekspertiza rəyi almadan yaşıllıq ərazisi kimi nəzərdə tutulmuş torpaq sahəsində avtomobillərə texniki xidmət və ticarət binasının tikintisi işlərinin aparılması faktına görə fiziki şəxsə cərimə az tətbiq edilib.

Fondun daxilolmalarına görə borcların subyektlər (ödəyicilər) üzrə adlı siyahısının uçotu aparılmayıb və müvafiq hesabatlarda əks etdirilməyib, borclu fiziki və hüquqi şəxslərlə hesabat dövrlərinin sonuna borcları təsdiq edən üzləşmə aparılmamış və borcların tam alınması (yığılması) təmin olunmayaraq artıb.

Departament üzrə konsolidə olunmuş maliyyə hesabatları tərtib olunmayıb, Fonda daxilolmalar üzrə 01.01.2018-ci il tarixə hesabatlarda əks olunmuş borc təsnifləşdirilməyib, Fondun xərcləri üzrə maliyyə hesabatları ilə büdcə hesabatları arasında uyğunsuzluq mövcud olub.

Hesablama Palatasının Kollegiyası qərar qəbul edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentində və Fondun vəsaitlərinin xərclənməsində yol verilmiş nöqsanların aradan qaldırılması, o cümlədən iqtisadiyyatın müxtəlif sahələri üzrə müəssisələr (istehsalatlar) tərəfindən texnoloji proseslərə uyğun fəaliyyət üzrə ekoloji normaları özündə əks etdirən ekoloji pasportların tərtibinin və Departament tərəfindən təsdiqinin , ekoloji pasportlarda göstərilən ətraf mühitə təsirə dair ekoloji normaların yol verilə bilən həddinə riayət olunmasının, ətraf mühitə təsirə dair uçotun tam aparılmasının, təbii ehtiyatlardan istifadəyə görə haqq və çirkləndirici maddələrin ətraf mühitə atılmasına görə ödəmə üzrə subyektlərin (ödəyicilərin) əhatə dairəsinin dəqiq müəyyən olunmasının və müvafiq ödəmələrin hesablanılaraq tam məbləğdə “Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu”na köçürülməsi üçün zəruri tədbirlərin görülməsinin ciddi nəzarətdə saxlanılması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 mart tarixli 122 nömrəli qərarı ilə təsdiq edilmiş təbii ehtiyatlardan istifadəyə görə haqqın məbləğinin, ödəmə tətbiq edilən çirkləndirici maddələrin siyahısının və ödəmə normativlərinin məbləğinin təkmilləşdirilməsinin məqsədəuyğunluğuna baxılması, eləcə də nöqsanlara yol vermiş vəzifəli şəxslər üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada zəruri tədbirlərin görülməsi məqsədilə qərarın və qərarla təsdiq edilmiş Auditor hesabatının surəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)