Yol polisinin fəaliyyətinə yenidən baxılmalıdır - SIĞORTA ŞİRKƏTLƏRİNDƏN TƏKLİFLƏR
Azərbaycanda sığorta bazarının inkişafı üçün yol polisinin fəaliyyətinə yenidən baxılmalı, bəzi hallarda cərimələr tətbiq edilməli və digər yeniliklər işə salınmalıdır.
Bütün bunlar «Azərbaycan Sığortaçılar Assosiasiyası» (ASA) İctimai Birliyinin sığorta bazarının inkişafı üçün hökumətə və Maliyyə Bazarlarına Nəzarət Palatasına ünvanladığı təkliflərdə nəzərdə tutulub.
«Azərbaycan Sığortaçılar Assosiasiyası» (ASA) İctimai Birliyinin sədri Mustafa Abbasbəyli sədri Mustafa irəli sürdükləri təkliflər haqqında geniş məlumat verib.
Onun sözlərinə görə, ASA bütün aparıcı sığorta növləri üzrə sığorta analizləri aparıb, hər sığorta növününün zəif və müsbət tərəflərini müəyyən edib, hər biri üçün ayrıca təkliflər verib. Bundan əlavə, sığorta növlərini ayırmadan bütün sığorta bazarı üçün ümumi təkliflər də verilib.
ASA rəhbəri bildirib ki, müraciətdə icbari sığorta ilə bağlı yeni təkliflər yer alıb. Belə ki, Assosiasiya 2 yeni icbari sığortanın tətəbiqini təklif edib. Bunlardan biri həkimlərin peşə məsuliyyəti, digəri isə inşaat risklərinin sığortasıdır.
M.Abbasbəyli bildirib ki, təkliflərdə bütün sığorta növlərinin potensialı göstərilib. Məsələn, ASA-nın hesablamalarına görə, əmlakın icbari sığortası ilə bağlı 150 mln. manatlıq yığım potensialı var, halbuki hazırda bundan 5 dəfə az, 30 mln manat yığılır: «Bu 30 milyonluq yığımı 150 milyona çatdırmaq üçün müəyyən işlər görülməlidir. Bunun üşün də cərimənin artırılması, cərimə mexanizminin işlənilməsi, inteqrasiya var və s. tələb olunur».
Bundan başqa, yeni təkliflər digər sığorta növlərinə də aiddir. Məsələn, həyatın yaşam sığortasında təklif var ki, işçi şirkətin razılığı olmasa belə bu sığorta növünə qoşula bilsin.
Bundan başqa, hazırda həyat sığortasındakı qaydalara görə, işçi sosial sığorta haqlarının 22%-lik hissəsini yalnız o zaman götürə bilərdi ki, buna işəgötürən icazə versin. ASA isə təklif edir ki, bunun üçün heç bir icazə tələb olunmasın. Yəni, işçi sosial sığorta haqqının həm öz hissəsi, həm də şirkət tərəfindən ödənilən hissəsindən faydalana bilsin.
Aparılan analizlər göstərib ki, bu təkliflər qəbul olunsa, hazırda aparıcı olmayan sığorta növləri üzrə də ciddi irəliləyişlər əldə edilə bilər. Məsələn, hesablamalar göstərib ki, Azərbaycanda təkcə kasko sığortanın potensialı 500 mln manatdan çoxdur, halbuki hazırda bundan qat-qat az yığılır (2018-ci ilin yanvar-noyabr ayları üzrə göstəriciyə görə, Azərbaycanda kasko sığorta üzrə yığımlar 25,8 milyon manatdır), tibbi sığortada isə potensial 700 mln manatı keçir (11 ayın nəticələrinə görə, 75,1 milyon manat olub), yaşam sığortasının potensialı 1 mlrd manata yaxındır. M.Abbasbəyli bildirir ki, potensial ciddi olsa da hələlik yığımlar çox aşağıdır: «Bunlar ciddi rəqəmlərdir, amma biz çox cüzi rəqəmlərdəyik. Yaşam sığortası 200 mln manatdır, amma potensialı ən azı 1 mlrd manata yaxındır».
Assosiasiyanın təkliflərində qanunvericiyə dəyişikliklər də yer alır. Əsas təkliflərdən biri yol polisinə aiddir: «Biz orada təklif etimişik ki, Dövlət Yol Polisindən (DYP) arayışların alınması elektron qaydada olsun. Etimad məsələsi həll edilsin. Bizim təkliflər qəbul olunsa bazar xeyli artar».