Azərbaycanda rəqəmsal SİM kartın tətbiqi üç-dörd ildən sonra başlaya bilər - "Bakcell"in baş direktoru
Azərbaycanda e-SİM-in (rəqəmsal SİM kart) tətbiqi üç-dörd ildən sonra başlaya bilər.
ENA.az xəbər verir ki, bunu özəl olaraq Trend-ə Bakcell şirkətinin baş direktoru Rayner Ratgeber deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan bazarında e-SIM texnologiyasını dəstəkləyən o qədər də çox cihaz yoxdur:
"Sözsüz ki, e-SIM gələcəkdə olacaq və biz bazarın ehtiyac duyduğu xidmətləri təqdim etməli olacağıq. Şirkətimiz buna hazır olmalıdır. Güman edirəm ki, yaxın illərdə bu məsələ o qədər də aktual olmayacaq. Bu prosesi ləngidən əsas problem şəxsin qeydiyyatı və şəxsiyyətinin müəyyənləşdirilməsidir. Bu layihə hətta inkişaf etmiş Avropa bazarlarında elə də ciddi rol oynamır".
O, həmçinin qeyd edib ki, telekommunikasiya sənayesi uzun illərdir ki, yalnız texnologiyaya diqqət yetirir və əksər telekommunikasiya şirkətləri son vaxtlar 3G və 4G şəbəkələrinin təkmilləşdirilməsi üzərində işləyiblər:
"Koronavirus pandemiyası zamanı insanların xidmətlərimizə nə qədər ehtiyacı olduğunu anladıq. Hesab edirəm ki, şirkətin superşəbəkəsi olmalı və eyni zamanda müştərilərinin yanında olmalıdır. 2020-ci ildə sərtləşdirilmiş karantin rejimi kontekstində və müharibə dövründə abunəçilərimiz arasında ünsiyyətin nə qədər vacib olduğunu gördük. Bu təcrübə mənim üçün böyük dərs oldu və biz texniki imkanlarımızı daha da təkmilləşdirilməsi üzərində çalışırıq. Bundan əlavə, MyBakcell tətbiqindən istifadənin təkmilləşdirilməsinə və sadələşdirilməsinə yönəlmiş xidmətlərin rəqəmsallaşdırılması üzrə irimiqyaslı investisiya layihələrimiz var"
Qeyd edək ki, elektron SIM kart rabitə cihazına quraşdırılmış çipdir. e-SİM texnologiyası mobil şəbəkələrə qoşulmaq üçün ənənəvi SİM kartların istifadəsindən imtina etməyə imkan verir.