30 yaşında universitetə getmək gecdir? Bəs 40 yaşında?
Yetkin yaşda təhsil peşəni dəyişməyə, karyerada irəliləməyə, yeni biliklər qazanmağa və başqa ölkəyə köçdükdən sonra cəmiyyətə uyğunlaşmağa kömək edə bilər. Ancaq bu qərarı verməzdən əvvəl məqsədi, xərcləri və vaxt imkanlarını real qiymətləndirmək lazımdır.
Yetkin yaşda yenidən oxumaq nəyə görə faydalıdır?
Britaniya Ali Təhsil Statistika Agentliyinin məlumatına görə, 2024–2025-ci tədris ilində magistratura və digər ali təhsildən sonrakı proqramlarda oxuyanların 35 faizi 30 yaşdan yuxarı olub. Yetkin yaşda təhsilə qayıtmaq üçün bir neçə səbəb var:
- Peşə dəyişikliyi: yeni sahəyə keçmək və ya mövcud ixtisası genişləndirmək.
- Karyera inkişafı: bəzi vəzifələr üçün tələb olunan diplomu əldə etmək.
- Bilik və bacarıqlar: işdə çatışmayan nəzəri və praktiki bilikləri tamamlamaq.
- Şəxsi maraq: insanın sadəcə sevdiyi sahəni daha dərindən öyrənmək istəyi.
- Yeni sosial əlaqələr: xüsusilə başqa ölkəyə köçdükdən sonra peşəkar və şəxsi çevrə yaratmaq.
Bununla belə, məqsəd yalnız yeni bir bacarıq öyrənməkdirsə, universitet həmişə ən uyğun seçim olmaya bilər. Bəzi hallarda qısamüddətli kurslar və müstəqil təhsil daha sərfəli nəticə verə bilər.
Universitetə qəbul üçün nə etmək lazımdır?
İlk növbədə seçilən proqramın qəbul şərtləri diqqətlə araşdırılmalıdır. Əgər namizədin ali təhsil diplomu yoxdursa, magistraturaya qəbul daha çətin ola bilər. Bununla belə, bəzi universitetlər əvvəlki peşə təcrübəsini nəzərə alaraq istisna qərarı verə bilirlər.
Hazırlıq zamanı aşağıdakı məsələlərə diqqət yetirmək lazımdır:
- Seçilən proqramın tələb etdiyi bilik və bacarıqları müəyyənləşdirmək.
- Çatışmayan bilikləri əvvəlcədən tamamlamaq.
- Xarici dil və akademik yazı bacarıqlarını inkişaf etdirmək.
- Diplom, attestat və digər sənədlərin tanınması və tərcüməsi üçün vaxt ayırmaq.
- Motivasiya məktubunda niyə məhz indi təhsil almaq qərarına gəlindiyini və əvvəlki təcrübənin buna necə kömək etdiyini izah etmək.
Qəbul prosesinə təxminən bir il əvvəl başlamaq məsləhət görülür. Müxtəlif universitetlərin tələblərini, sənədlərini, son müraciət tarixlərini və təhsil haqlarını bir cədvəldə müqayisə etmək də faydalıdır.
Təhsil nə qədər' başa gəlir?
Unutmayın ki, təhsilin real qiyməti universitetin elan etdiyi təhsil haqqından daha yüksək ola bilər. Yaşayış, nəqliyyat, dərs materialları, sığorta və viza xərcləri də nəzərə alınmalıdır. İş saatlarını azaltmaq lazım gəlirsə, itirilən gəlir də ümumi xərcə əlavə olunur.
2026–2027-ci tədris ili üzrə nümunələr:
|
Ölkə |
Təhsil haqqı ilə bağlı nümunə |
|
Almaniya |
Dövlət universitetlərində bir çox bakalavr və magistr proqramları üçün təhsil haqqı tutulmur, lakin istisnalar və semestr ödənişləri var. |
|
Fransa |
Dövlət universitetlərində magistratura üçün Aİ vətəndaşlarına illik 255 avro, Aİ-dən kənar ölkələrdən gələn tələbələrin əksəriyyətinə isə 3 950 avro göstərilir. |
|
Niderland |
Aİ-dən kənar tələbələr üçün magistraturanın orta illik qiyməti 12 000–30 000 avro aralığında göstərilir. |
Yegəlmişkən, konkret universitet və proqram üzrə ödənişlər, güzəştlər və viza şərtləri fərqlənə bilər. Ona görə də təqaüdə əvvəlcədən arxayın olmamaq, büdcəni maliyyə dəstəyi alınmayacağı ehtimalına əsasən hesablamaq tövsiyə edilir.
İşlə təhsili eyni vaxtda aparmaq mümkündürmü?
Mümkündür, amma bunun üçün vaxtı düzgün planlaşdırmaq lazımdır. Britaniya nümunəsinə görə, əyani təhsil alan xarici tələbələrə tədris dövründə adətən həftədə 20 saata qədər işləməyə icazə verilir. Lakin hüquqi imkanın olması iş və təhsili rahat şəkildə birləşdirməyin mümkün olacağı demək deyil. Reallıqda tələbələrin ödənişli işə həftədə orta hesabla 17 saat sərf etdiyi, dərslər və yol vaxtı ilə birlikdə ümumi yükün həftədə 50 saata çatdığı məlumdur.
Buna görə də qiyabi, yarımştat və ya onlayn proqramlar daha uyğun seçim ola bilər. Bununla belə, onlayn təhsil də həmişə sərbəst qrafik demək deyil: qrup layihələri, müəllimlə görüşlər və təcrübə proqramları iş saatlarına düşə bilər.
40 yaşında öyrənmək daha çətindir?
Araşdırmaya görə, yaş artdıqca yeni məlumatları emal etmə sürəti tədricən zəifləyə bilər. Bununla yanaşı, illər ərzində toplanmış bilik və təcrübə daha yaxşı qorunur. Yəni yaşlı tələbələrin üstünlüyü yeni məlumatları daha sürətli yadda saxlamaq deyil, onları əvvəlki təcrübələri ilə əlaqələndirmək ola bilər.
Əsas çətinliklərdən biri təhsili iş və ailə öhdəlikləri ilə uzlaşdırmaqdır. Uzun fasilədən sonra yenidən tələbə olmaq, akademik yazı qaydalarına qayıtmaq və tapşırıqları vaxtında yerinə yetirmək də əlavə səy tələb edir.
Bununla belə, universitet müəlliminin fikrincə, yetkin tələbələr çox vaxt təhsil məqsədlərini daha yaxşı anlayır və niyə məhz indi oxumaq istədiklərini bilirlər. Bu motivasiya təhsilin çətinliklərini aşmağa kömək edə bilər.
Xaricdə təhsil yeni ölkəyə uyğunlaşmağa kömək edirmi?
Təhsilin miqrantlar üçün iki əsas faydasından birincisi odur ki, yerli universitet diplomu əvvəlki peşə təcrübəsinin yeni ölkənin işəgötürənləri tərəfindən daha yaxşı anlaşılmasına kömək edə bilər. İkincisi, universitet yeni tanışlıqlar və peşəkar əlaqələr yaratmaq üçün mühit formalaşdırır.
Lakin təhsil müəssisəsinə qəbul olmaq uğurlu inteqrasiyaya zəmanət vermir. Xarici tələbələr bəzən əsasən başqa ölkələrdən gələn insanlarla ünsiyyət qurur, yerli cəmiyyətlə əlaqə yaratmaqda çətinlik çəkirlər. Deməli, universitet imkan yaradır, amma nəticə insanın öz fəallığından və yaşadığı ölkənin şəraitindən də asılıdır.



















