Prezident Yeni Dövlət Proqramını təsdiqlədi - TAM MƏTN
Prezident İlham Əliyev "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən Ədliyyə Nazirliyi:
- Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli;
- Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün DÖVLƏT PROQRAMI
Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 18 dekabr tarixli Sərəncamı
ilə təsdiq edilmişdir
1. Giriş
Qanunun aliliyi, insan hüquq və azadlıqlarının etibarlı təmin olunması, hüquq institutlarının möhkəmləndirilməsi, əhaliyə yüksək keyfiyyətli hüquqi xidmətlər göstərilməsi, vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması Azərbaycan dövlətinin hüquq siyasətinin prioritetlərindəndir.
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli 132 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009–2013-cü illər üçün Dövlət Proqramı” ölkəmizdə məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi, hüquq sisteminin müasirləşdirilməsi, ədliyyə orqanlarının və məhkəmələrin işinin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil edilməsi, regionlarda hüquq infrastrukturunun genişləndirilməsi, yeni nəsil hüquqşünasların və ədliyyə orqanları işçilərinin formalaşdırılması üzrə həyata keçirilən siyasətin davamı olmuş və bu sahədə nailiyyətlər əldə edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ədliyyə sahəsində islahatların davamlılığının təmin olunmasını şərtləndirir. Bu məqsədlərə xidmət edən “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) həyata keçirilməli olan zəruri tədbirləri müəyyən edir.
2. Dövlət Proqramının məqsədi
Dövlət Proqramının məqsədi ədliyyə sahəsində həyata keçirilən islahatların davam etdirilməsini, ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətinin daha da təkmilləşdirilməsini təmin etməkdən ibarətdir.
3. Dövlət Proqramının əsas istiqamətləri
3.0. Dövlət Proqramında Azərbaycan ədliyyəsinin 2019–2023-cü illərdə aşağıdakı əsas istiqamətlərdə inkişaf etdirilməsi nəzərdə tutulur:
3.0.1. ədliyyə və məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi;
3.0.2. ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətində insan hüquq və azadlıqlarının, şəffaflıq prinsiplərinin təmin olunması;
3.0.3. beynəlxalq əməkdaşlığın genişləndirilməsi;
3.0.4. vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsi;
3.0.5. ədliyyə orqanlarının və məhkəmələrin infrastrukturunun və maddi-texniki bazasının yaxşılaşdırılması, həmin qurumların vətəndaşlar üçün əlçatanlığının təmin edilməsi;
3.0.6. ədliyyə sahəsində vətəndaş məmnunluğunun yüksəldilməsi;
3.0.7. ədliyyə orqanlarının institusional və kadr potensialının gücləndirilməsi;
3.0.8. ədliyyə sistemində İKT-nin tətbiqinin genişləndirilməsi, rəqəmsal hökumətə keçidin təmin edilməsi;
3.0.9. ədliyyə sahəsində müasir üsullar tətbiq olunmaqla, tədrisin və hüquqi maarifləndirmənin gücləndirilməsi;
3.0.10. cəzaların icrası sisteminin təkmilləşdirilməsi, islah işinin səmərəliliyinin artırılması;
3.0.11. məhkəmə ekspertizası fəaliyyətində müasir elmi və texniki nailiyyətlərin tətbiqinin genişləndirilməsi;
3.0.12. məhkəmə fəaliyyətinin müasir tələblər səviyyəsində həyata keçirilməsinin təmin olunması;
3.0.13. ədliyyə orqanları işçilərinin və hakimlərin sosial müdafiəsinin yaxşılaşdırılması;
3.0.14. yerli idarəetmənin inkişafında ədliyyə orqanlarının iştirakının səmərəliliyinin artırılması.
4. Gözlənilən nəticələr
4.0. Dövlət Proqramının yerinə yetirilməsi aşağıdakı nəticələri əldə etməyə imkan verəcəkdir:
4.0.1. ədliyyə sahəsinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi;
4.0.2. ölkəmizin tərəfdar çıxdığı aidiyyəti beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, qanunvericiliyin beynəlxalq norma və prinsiplərə uyğunlaşdırılması;
4.0.3. ədliyyə orqanlarında və məhkəmələrdə müasir İKT-nin və elektron sistemlərin tətbiqinin genişləndirilməsi;
4.0.4. ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması və həmin qurumların vətəndaşlar üçün əlçatanlığına nail olunması;
4.0.5. ədliyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir infrastrukturun yaradılması;
4.0.6. vətəndaşların (xüsusən bölgələrdə yaşayanların) hüquqi biliklərinin artırılması;
4.0.7. penitensiar və tibb sahələrində fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinin genişləndirilməsi;
4.0.8. məhkəmə ekspertizası tədqiqatlarında müasir metod və qabaqcıl təcrübənin tətbiqi;
4.0.9. ədliyyə sistemində kadr potensialının, ədliyyə orqanları işçilərinin və hakimlərin sosial müdafiəsi sisteminin gücləndirilməsi.
5. Dövlət Proqramının maliyyə təminatı
5.0. Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:
5.0.1. Azərbaycan Respublikasının dövlət büdcəsi;
5.0.2. dövlət investisiya xərcləri;
5.0.3. beynəlxalq təşkilatların maliyyə vəsaiti;
5.0.4 qanunla qadağan olunmayan digər mənbələr.