Neft qiymətləri 100 dollar olacaq - PROQNOZ
“Bank of America”nın analitikləri yaxın bir neçə ildə neft qiymətlərinin bir barrel üçün 100 dollardan yüksək səviyyəyə qalxacağını proqnozlaşdırıblar.
ENA.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Onların sözlərinə görə, bu artım uzunmüddətli perspektivdə dünyanın bir çox ölkəsində fundamental göstəricilərin yaxşılaşması və iqtisadi stimullaşdırma proqramlarının tətbiqi sayəsində mümkündür.
Eyni zamanda, mütəxəssislər bu il “Brent” markalı neftin qiymətləri ilə bağlı proqnozlarını artırıblar. Havanın kəskin soyuması səbəbindən ABŞ-ın Texas ştatında xam neftin istehsalı dayandırılıb ki, bu da neftin qiymətinə təsir göstərə bilər.
“Bank of America”nın yeni proqnozuna görə, 2021-ci ildə “Brent” markalı neftin orta qiyməti bir barrel üçün 60 dollar olacaq. Onların fikrincə, bu ilin ikinci rübündə qiymətlərin müvəqqəti olaraq 70 dollara qədər artması gözlənilir.
Qeyd edək ki, yaxın illərdə neftin 100 dollardan yuxarı qalxacağını yalnız “Bank of America” deyil, həmçinin digər təşkilatlar da gözləyir. Məsələn, “Socar Trading SA” “Brent”in 1.5-2 il ərzində üç rəqəmli göstəricilərə qədər böyüyə biləcəyini proqnoz edir.
Bu həftə “Goldman Sachs” “Brent” neftinin qiymətləri ilə bağlı proqnozunu artırıb – ikinci rübdə neftin qiyməti orta hesabla 70 dollar olacaq. Üçüncü rübdə mütəxəssislər xammalın 75 dollar olacağını gözləyirlər.
Buna baxmayaraq, neftin bir barrel üçün 100 dollar səviyyəsinə çatması ilə bağlı proqnozlar “Bloomberg” tərəfindən sorğu edilən analitiklərin ehtimallarından əhəmiyyətli dərəcədə fərqlənir. Məsələn, əmtəə bazarları mütəxəssislərinin son sorğusuna görə, 2025-ci ilə qədər “Brent” neftinin bir barreli 65 dollar olacaq.