“Mediasiya Qanun"un iqtisadi mübahisələrlə bağlı bəndləri gələn ilin iyuldan qüvvəyə minəcək
Milli Məclis “Mediasiya haqqında” Qanunun bir sıra bəndlərinin qüvvəyə minməsini təxirə salıb.
Milli Məclisin bu gün keçirilən plenar iclasında qəbul edilmiş dəyişikliyə əsasən, qanunun iqtisadi mübahisələr üzrə ilkin və növbəti mediasiya sessiyalarında iştirakın tənzimlənməsi ilə bağlı bəndləri 1 iyul 2021-ci il tarixindən etibarən qüvvəyə minəcək.
Daha əvvəl sözügedən bəndlər 1 yanvar 2021-ci il tarixindən etibarən qüvvəyə minməli idi.
Prezident İlham Əliyev 2019-cu ilin aprel ayında mediatorun vasitəçiliyi ilə mübahisələrin alternativ həlli üsullarını tənzimləyən “Mediasiya haqqında” Qanunu təsdiq edib.
Bu Qanun mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir.
Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: mülki işlər və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla); ailə münasibətlərindən irəli gələn mübahisələr; əmək münasibətlərindən irəli gələn mübahisələr; inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr.
Mediasiya aşağıdakı prinsiplər əsasında həyata keçirilir: könüllülük; tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı; mediatorların qərəzsizliyi və müstəqilliyi; mediasiya prosesinə müdaxilənin yolverilməzliyi; konfidensiallıq.
Mediator olmaq istəyən fiziki şəxs aşağıdakı tələblərə cavab verməlidir: ali təhsilə malik olmalıdır; 25 yaşı tamam olmalıdır; ən azı 3 illik iş stajına malik olmalıdır.
Aşağıdakı fiziki şəxslər mediator ola bilməzlər: məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər; barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər; məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər.
Bundan başqa, “Mediasiya haqqında” Qanun mediasiya təşkilatları və Mediasiya Şurasının fəaliyyətini, funksiyalarını və vəzifələrini tənzimləyir.