“Bakı Telefon Rabitəsi”nin xalis mənfəəti artıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 112,036 mln. manat təşkil edib.
“BI” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 11% çoxdur.
Hesabat dövründə “Bakı Telefon Rabitəsi”nin cəmi kapitalı 13,8% artaraq 86,013 mln. manata, o cümlədən nizamnamə kapitalı 27,5% artaraq 41,553 mln. manata, cəmi öhdəlikləri isə 2,6% artaraq 26,023 mln. manata çatıb.
2017-ci ildə şirkətin göstərdiyi xidmətlərdən gəliri 67,945 mln. manat (2016-cı ilə nisbətən 1,3% az), xidmətlərinin maya dəyəri 35,325 mln. manat (9,9% az), ümumi, inzibati və digər əməliyyat xərcləri 30,249 mln. manat (66,5% çox), digər əməliyyat gəlirləri 13,642 mln. manat (3,9 dəfə çox), maliyyə xərcləri 415 min manat (48,6% az) təşkil edib. Son nəticədə ötən il rabitə müəssisəsinin vergiöncəsi mənfəəti 15,598 mln. manat (10,5% çox) olub.
2017-ci ildə “Bakı Telefon Rabitəsi” 2016-cı illə müqayisədə 22,1% çox – 5,354 mln. manat mənfəət vergisi ödəyib və ili 10,244 mln. manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 5,3% çoxdur.
Xatırladaq ki, “Bakı Telefon Rabitəsi” MMC 1997-ci ildən fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) bazasında ötən il yaradılıb.