Aqrar

Şərabçıların anbarı doludur, üzümü almağa isə pul yoxdur

Azərbaycanın şərabçılıq şirkətləri dövriyyə vəsaiti çatışmazlığı ilə üzləşiblər. Buna görə də əhalidən üzümü almaqda çətinlik çəkirlər. Əsas səbəb də budur ki, şərabçıların anbarları məhsulla doludur, sata bilmədikləri üçün əhalidən üzümü almağa vəsaiti yoxdur.  

ENA.az olaraq qeyd edək ki, hazırda üzüm şərabı üçün üzümün topdansatış qiyməti 15-22 qəpik arasında formalaşır. Kəndli isə əziyyətlə becərdiyi üzümü bu qiymətə satmaq istəmir.

Şərabçılar məhsulu sata bilməmələrinə səbəblər kimi bir neçə məsələni önə çəkirlər. Belə ki, ilk növbədə sərhədlərin bağlanması şərab ixracında müəyyən əziflik yaratdı. Eyni zamanda Azərbaycanda toyların qadağan olunması şərabın satılmasında ciddi problem yaradıb.

Statistikaya görə, Azərbaycan 2020-ci ilin birinci yarısında 1 milyon 546,51 min dollar dəyərində 110,53 min dekalitr şərab və üzüm suslosu ixrac edib. Bu 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcminin miqdar ifadəsində 52,2%, dəyər ifadəsində 48,2% azalması deməkdir.

Hesabat dövründə ixracın 71,7%-i Rusiyanın payına düşüb. Belə ki, yanvar-iyun aylarında bu ölkəyə 1 milyon 108,93 min dollar dəyərində (azalma 54,7%) 95,6 min dekalitr (azalma 56,1%) şərab ixrac edilib.

Bundan başqa, hesabat dövründə Azərbaycandan Çin, Estoniya, İsrail, Polşa və s. ölkələrə şərab və üzüm suslosu ixrac edilib.

2019-cu ildə Azərbaycan ümumilikdə xaricə 7 milyon 309 min dollar dəyərində şərab və üzüm suslosu satmışdı.

Dövlət proqramına əsasən, 2026-cı ilədək şərabçılıq məhsullarının ixrac həcmi 1,875 milyon dekalitrə qədər artırılmalıdır.

Maraqlı bir fakt da var ki, bu ilin yanvar-may ayları ərzində Gürcüstanın Azərbaycana şərab ixracı illik müqayisədə 14,1 ton və ya 52,4% artaraq 41 tona çatıb.

Gürcüstan Milli Statistika İdarəsinin məlumatına görə, hesabat dövründə Azərbaycana ixrac edilən məhsulun dəyəri isə illik müqayisədə 65,8%  və ya 65,6 min ABŞ dolları artaraq 165,2 min dollara çatıb.

Demək belə bir qənaətə gəlmək olar ki, ölkəmizdə şərabçılığın əsas problemlərindən biri də satış bacarıqlarının olmamasıdır. Əks halda gürcü çaxırının yerini öz çaxırımız tuta bilərdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)