Təhsil Nazirliy iAzərbaycanda təhsillə bağlı yeni qurum yaradıldı
Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Peşə Təhsilinin İnkişafı Fondu yaradılıb.
Banker.az bildirir ki, Nazirlər Kabineti bu barədə müvafiq qərar qəbul edib.
“Peşə Təhsilinin İnkişafı Fondu” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilib, Fondun işçilərinin say həddi 9 ştat vahidi müəyyən edilib.
Fondun təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:
Nazirlər Kabinetinə:
– Fondun nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
– idarəetmə orqanlarının yaradılması;
– “Publik hüquqi şəxslər haqqında” qanunda nəzərdə tutulmuş qərarın qəbul edilməsi;
– Fondun yenidən təşkili və ləğv edilməsi;
Təhsil Nazirliyinə:
– “Publik hüquqi şəxslər haqqında” qanunda publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
Təhsil Nazirliyi peşə təhsili müəssisələrinin gəlir və xərclərinin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasını və onlar arasında ədalətli bölgüsünü təmin etmək üçün onların maliyyə vəziyyəti nəzərə alınmaqla əldə etdikləri büdcədənkənar vəsaitdən Peşə Təhsilinin İnkişafı Fonduna ayırmaların məbləğini müəyyən etməlidir.
Qurumun Nizamnaməsinə görə, Fondun nizamnamə fondunun məbləği 1 milyon manatdır. Onun vəzifələri sırasına peşə təhsili müəssisələrinin maddi-texniki, tədris-metodiki bazasının möhkəmləndirilməsi tədbirlərini dəstəkləmək, peşə təhsili sahəsində təhsilalanların və təhsilverənlərin fəaliyyətini stimullaşdırmaq, peşə təhsili sahəsində gəlirlərin və xərclərin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasını təmin etmək, peşə təhsili müəssisələrinə qrant verilməsi məqsədilə onlar arasında müsabiqələr təşkil etməkdir.