“Aqrarkredit” 10,5 milyon manatlıq 44 əmlakını satacaq - HƏRRAC
“Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının balansında olan ümumilikdə 44 qeyri-yaşayış sahəsi hərraca çıxarılıb.
ENA.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elanlarında bildirilir.
Rəsmi siyahılar üzrə hesablamalara əsasən, satışa çıxarılan 44 əmlakın ümumi start qiyməti 10 milyon 467 min 784,9 manat, ümumi sahəsi isə 11 445,2 kvadratmetr təşkil edir.
Əmlaklardan 26-sı sentyabrın 16-da keçiriləcək iki ayrı hərracda satışa təqdim olunacaq. Saat 10:00-da keçiriləcək hərracda 8 əmlak satışa çıxarılacaq. Bu obyektlərin ümumi sahəsi 2 066,1 kvadratmetr, ümumi start qiyməti isə 2 milyon 787 min 75,9 manatdır.
Saat 10:30-da keçiriləcək digər hərracda isə 18 əmlak satışa çıxarılacaq. Onların ümumi sahəsi 5 255,4 kvadratmetr, start qiymətlərinin cəmi isə 5 milyon 569 min 830 manat təşkil edir.
Daha 18 qeyri-yaşayış sahəsi oktyabrın 6-da saat 11:00-da hərraca çıxarılacaq. Bu əmlakların ümumi sahəsi 4 123,7 kvadratmetr, ümumi start qiyməti isə 2 milyon 110 min 879 manatdır.
Beləliklə, üç hərrac üzrə “Aqrarkredit”in balansında olan əmlakların ümumi start qiyməti təxminən 10,5 milyon manat təşkil edir.


















