Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 31 %-dən çox azalıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin dəyəri 2 milyard 109 milyon 757 min ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 959 milyon 968 min ABŞ dolları (31,2 %) azdır.
Son 1 ildə Azərbaycanın Rusiyaya ixracının dəyəri 3,9 % artaraq 749 milyon 550 min ABŞ dolları, idxalının dəyəri isə 42 % azalaraq 1 milyard 360 milyon 207 min ABŞ dolları olub.
Hesabat dövründə Rusiya ilə ticarət ümumi dövriyyənin 7,2 %-i qədər olub. O cümlədən, ixrac ümumi ixracın 3,8 %-ni, Rusiyadan idxal isə ümumi idxalın 13,7 %-ni təşkil edib.
7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb. Son nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.


















