Azərbaycan və Qazaxıstan Xəzər üzərindən sərnişin reyslərini bərpa edir
Bu barədə Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel məlumat verib. Diplomatın sözlərinə görə, Qazaxıstan tərəfi Azərbaycana Kurık limanı – Bakı limanı – Kurık limanı bərə xətti üzrə sərnişin daşımalarının bərpa edilməsini təklif edib. Bu daşımalar 2020-ci ilə qədər həyata keçirilib və COVID-19 pandemiyası ilə əlaqədar dayandırılıb.
Alim Bayel, sərnişin daşımalarının dayandırılmasına qədər Xəzər dənizi üzərindən bu marşrutdan ildə təxminən 1500 sərnişin istifadə etdiyini qeyd edib. O, qarşıdakı dövrdə bu marşrutla səyahət etmək istəyənlərin sayının daha çox olacağına əminliyini ifadə edib. Bərə xəttinin yenidən fəaliyyətə başlaması iki ölkə arasında sərnişin əlaqələrinin inkişafına təkan verəcək, turizm mübadiləsini gücləndirəcək və Orta Dəhlizin imkanlarını genişləndirəcək.


















