Dollar zəifləyir, kənd təsərrüfatı məhsulları bahalaşır – Azərbaycan üçün nə deməkdir?
Qlobal əmtəə bazarında qiymətlər ötən həftə yüksəlib. Dolların zəifləməsi metallara dəstək verərkən, Yaxın Şərqdə təchizat risklərinin artması enerji qiymətlərini, hava şəraiti və məhsuldarlıqla bağlı narahatlıqlar isə kənd təsərrüfatı məhsullarını bahalaşdırıb.
ABŞ dollarının dəyər itirməsi və qlobal təkliflə bağlı narahatlıqlar əmtəə bazarlarında qiymət artımını sürətləndirib.
ABŞ Xəzinədarlığının uzunmüddətli istiqrazlarda likvidliyi dəstəkləmək məqsədilə bir əməliyyat üzrə geri alış limitini 2 milyard dollardan ən azı 4 milyard dollara yüksəldəcəyini açıqlaması uzunmüddətli istiqraz gəlirliliklərinin və dolların geriləməsinə səbəb olub.
Nəticədə dollar indeksi həftəni 0,8% azalaraq 98,8 bənddə başa vurub. Dollarla qiymətləndirilən əmtəələr üçün bu, qiymətləri dəstəkləyən amilə çevrilib.
Qızıl və gümüşdə kəskin artım
Dolların zəifləməsi və ABŞ-ın borclanma perspektivləri ilə bağlı narahatlıqlar qiymətli metallara marağı artırıb.
Həftə ərzində unsiya ifadəsində platin 7,5%, gümüş 6,7%, qızıl 5,2%, paladium 2,6% bahalaşıb.
Analitiklər qızıldakı artımın əsas səbəblərindən biri kimi dolların ucuzlaşmasını göstərirlər. Goldman Sachs isə makroiqtisadi siyasətlə bağlı risklərdən qorunmaq məqsədilə qızıla tələbin artdığına diqqət çəkib.
Neft və qazda əsas risk Hörmüz boğazıdır
Enerji bazarında isə əsas diqqət İran müharibəsi fonunda Hörmüz boğazından keçən daşımaların azalmasına yönəlib.
Müharibədən əvvəl qlobal neft və neft məhsulları istehlakının təxminən beşdə birinə, dünya mayeləşdirilmiş təbii qaz ticarətinin isə təxminən beşdə birinə uyğun gələn daşımalar bu marşrutdan keçirdi.
Daşımaların əvvəlki səviyyələrə qayıtmaması bazarda təchizat risklərini yüksək saxlayır.
Nəticədə həftə ərzində Brent nefti 5,9%, təbii qaz isə 4,5% bahalaşıb.
ABŞ-da xam neft ehtiyatlarının 4,4 milyon barel artaraq 428,8 milyon barelə yüksəlməsi isə neft qiymətlərindəki artımı müəyyən qədər məhdudlaşdırıb.
Ərzaq bazarında yeni risk: hava şəraiti qiymətləri artırır
Əmtəə bazarının digər mühüm seqmentində – kənd təsərrüfatı məhsullarında – qiymət artımının əsas səbəbləri ABŞ-da məhsul vəziyyəti, ixrac tələbi, Qara dəniz regionunda daşınmalarla bağlı risklər və El Nino hava hadisəsinin güclənməsi olub.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin son dünya kənd təsərrüfatı üzrə tələb və təklif proqnozlarında qarğıdalının məhsuldarlıq göstəricisi azaldılıb. Eyni zamanda mövsüm sonu ehtiyatlarına dair proqnoz da aşağı salınıb. Bu dəyişikliklər qarğıdalı qiymətlərinin yüksəlməsinə təsir edib.
Həftə ərzində Çikaqo Əmtəə Birjasında
- qarğıdalı 5,2%,
- düyü 5,1%,
- soya 4%,
- buğda 1,5% bahalaşıb.
Soya bazarında Çin faktoru
Soya bazarında ABŞ-ın Çinə 2026–2027-ci mövsümündə çatdırılmaq üçün 136 min tonluq satış həyata keçirməsi diqqət çəkib. Bu, dünyanın ən böyük kənd təsərrüfatı məhsulları bazarlarından biri olan Çinin tələbinin qiymətlər üçün nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir.
El Nino düyü bazarını da təhdid edir
Düyü bazarında isə əsas risk El Nino hadisəsinin güclənməsi ilə bağlıdır.
Analitik qiymətləndirmələrə görə, El Nino Cənubi və Cənub-Şərqi Asiyada quraqlıq riskini artırarsa, düyü istehsalına və qlobal təklifə təzyiq yarana bilər. Bu gözləntilər artıq qiymətlərə təsir göstərir.
Şəkər, qəhvə və kakao da bahalaşıb
Şəkər bazarında Hindistanın daxili tələbatı qarşılamaq üçün 1 milyon ton xam şəkəri gömrüksüz idxal etmək qərarı qlobal tələbin artacağı gözləntilərini gücləndirib.
Bundan əlavə, El Nino-nun Hindistan və Taylandda yağıntıları azaltması ehtimalı şəkər təklifinə dair narahatlıqları artırıb.
Qəhvə bazarında Kolumbiya Milli Qəhvə İstehsalçıları Federasiyası əvvəlki dövrdə həddindən artıq yağıntılar və El Niño səbəbindən ölkənin qəhvə istehsalının bu il 8% azalaraq 12,5 milyon kisəyə düşə biləcəyini açıqlayıb.
Kakao bazarında isə Qana Kakao Şurasının 2026–2027-ci mövsüm üçün istehsal proqnozunu 750 min tondan 650 min tona endirməsi qiymətləri dəstəkləyib.
Həftə ərzində Intercontinental Exchange-də:
- şəkər 6%,
- pambıq 4,1%,
- qəhvə 3,4% bahalaşıb.
- Kakaonun ton qiyməti isə 3,6% yüksəlib.
Azərbaycan üçün kənd təsərrüfatı qiymətlərindəki artım nə deməkdir?
Qlobal kənd təsərrüfatı əmtəələrinin bahalaşması Azərbaycan üçün ikitərəfli təsir yarada bilər. Bir tərəfdən, Azərbaycan pambıq, meyvə-tərəvəz, şəkər və digər aqrar məhsulların ixracatçısıdır. Dünya qiymətlərinin yüksəlməsi ixracatçıların dollar gəlirlərini artıra bilər.
Məsələn, Azərbaycan şirkəti xaricə 100 min ton deyil, 100 min dollarlıq məhsul satırsa və həmin məhsulun dünya qiyməti 10% yüksəlirsə, şirkət eyni fiziki həcmdə məhsul sataraq daha çox ixrac gəliri əldə edə bilər.
Digər tərəfdən, Azərbaycan bəzi ərzaq və kənd təsərrüfatı məhsullarını xaricdən idxal edir. Qlobal qiymətlərin yüksəlməsi idxal xərclərini artıraraq daxili bazarda ərzaq inflyasiyasına əlavə təzyiq yarada bilər.
Bu baxımdan qlobal kənd təsərrüfatı qiymətlərində artım Azərbaycan üçün həm ixrac gəliri, həm də inflyasiya riski deməkdir.
Əsas risk artıq yalnız neft deyil
Qlobal əmtəə bazarında hazırkı mənzərə bir neçə riskin eyni vaxtda gücləndiyini göstərir. Dollar zəifləyir, əmtəələr üçün qiymət dəstəyi yaranır.
Hörmüzdə daşımalar azalır, enerji təchizatı riski artır. El Nino güclənir, kənd təsərrüfatı məhsullarının təklifi üçün risk yaranır. Qara dənizdə logistika riskləri qalır, taxıl bazarında əlavə qeyri-müəyyənlik yaranır. Bütün bunlar isə qlobal inflyasiya üçün yeni risk yarada bilər.
Xüsusilə ərzaq və enerji qiymətlərinin eyni vaxtda yüksəlməsi mərkəzi bankların işini çətinləşdirir. Çünki belə vəziyyətdə inflyasiya yüksəlir, lakin iqtisadi artım üzərində də təzyiq yarana bilər.
Azərbaycan üçün də əsas məsələ bu qlobal qiymət dalğasının daxili inflyasiyaya hansı sürətlə ötürüləcəyidir. Əgər kənd təsərrüfatı məhsullarının dünya qiymətləri yüksəlməkdə davam edərsə, idxaldan asılı olan məhsullar üzrə qiymət təzyiqi arta bilər. Əksinə, Azərbaycanın ixrac etdiyi aqrar məhsulların qiymətlərinin yüksəlməsi isə qeyri-neft ixracatçıları üçün əlavə gəlir imkanları yarada bilər.
Yəni qlobal əmtəə bazarında baş verən son dəyişikliklər Azərbaycan üçün sadəcə “əmtəə qiymətləri bahalaşır” xəbəri deyil. Bu, eyni zamanda ixrac gəlirləri, ərzaq inflyasiyası, qeyri-neft sektorunun rəqabət qabiliyyəti və manatın real effektiv məzənnəsi baxımından izlənməli mühüm prosesdir.


















