Gündəlik kreditlərdə yeni mərhələ başlayır: borcu uzatmaq olar, amma şərtlərlə. Dəyişiklik nəyi nəzərdə tutur?
Mərkəzi Bank gündəlik kreditlərlə bağlı qaydaları sərtləşdirərkən eyni zamanda borcalana məhdud restrukturizasiya imkanı yaradıb. Yeni modeldə kredit yalnız bir dəfə və müəyyən şərtlərlə uzadıla biləcək. Bu, xüsusilə yüksək riskli qısamüddətli borclanma bazarında mühüm dəyişiklikdir. Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi gündəlik kreditlərlə bağlı qaydalara yeni dəyişikliklər edib.
Dəyişiklik ilk baxışda ziddiyyətli görünür: bir tərəfdən restrukturizasiya imkanları sərtləşdirilir, digər tərəfdən isə əvvəllər ümumiyyətlə mümkün olmayan restrukturizasiyaya icazə verilir.
Əslində isə AMB-nin yeni yanaşması gündəlik kredit bazarında iki problemi eyni vaxtda həll etməyə hesablanıb: borcalanın qısa müddətli maliyyə sıxıntısına müəyyən çıxış yolu yaratmaq və kreditin sonsuz şəkildə uzadılmasının qarşısını almaq.
Əvvəllər gündəlik kredit restrukturizasiya edilə bilmirdi
2024-cü ilin noyabrında BOKT-lər üçün müəyyən edilən qaydalara əsasən, gündəlik kreditlər milli valyutada verilir, maksimum 500 manat təşkil edir, gündəlik faiz dərəcəsi 0,3%-dən, müddəti isə 45 gündən çox ola bilməzdi. Bundan başqa, kredit üzrə bütün ödənişlərin ümumi məbləği əsas borcun 100%-dən çox ola bilməzdi. Həmin modeldə gündəlik kreditlərin restrukturizasiyasına icazə verilmirdi. İndi isə yanaşma dəyişir.
Yeni qayda nə deyir?
AMB-nin son dəyişikliklərinə əsasən, gündəlik kredit yalnız bir dəfə restrukturizasiya edilə biləcək. Bunun üçün əsas şərt borcalanın kreditin əsas məbləğinin ən azı 20%-ni ödəməsidir. Restrukturizasiya maksimum 45 gün müddətinə həyata keçirilə bilər. Ən mühüm məqamlardan biri isə budur ki, restrukturizasiya müddətində gecikməyə görə əlavə faiz və ya dəbbə pulu tətbiq edilməyəcək. Yəni borcalan 45 günlük kredit müddətinin sonunda borcu tam bağlaya bilməyibsə, müəyyən şərtlərlə ona əlavə vaxt veriləcək. Lakin bu, kreditin istənilən sayda dövr etdirilməsi anlamına gəlmir.
Məsələn, 500 manatlıq kreditdə nə baş verir?
Tutaq ki, şəxs BOKT-dən 500 manat gündəlik kredit götürüb. Yeni qaydaya görə restrukturizasiyadan yararlanmaq üçün əvvəlcə əsas borcun ən azı 20%-ni, yəni 100 manatı ödəməlidir. Bu halda restrukturizasiya zamanı əsas borcun qalan hissəsi 400 manat ola bilər. Ancaq burada mühüm məqam var: bu imkan yalnız bir dəfə verilir və maksimum 45 gün müddətinədir. Beləliklə, yeni mexanizm “borcu bağlamaq üçün yeni kredit götürmək” və ya borcu dəfələrlə çevirmək əvəzinə, borcalana mövcud öhdəliyini müəyyən müddət ərzində bağlamaq üçün kontrollu əlavə vaxt yaradır.
AMB niyə bunu edir?
Burada əsas məsələ gündəlik kreditlərin xarakteridir. Bu məhsullar uzunmüddətli maliyyələşmə deyil. Onlar kiçik məbləğə, qısa müddətə və sürətli əldə edilən kreditlərdir. Buna görə də borcalanın gəlirində qısa müddətli problem yaranması belə onun borcu vaxtında bağlamasına mane ola bilər.
2024-cü il qaydalarında gündəlik kreditin verilməsi zamanı borcalanın riskinin məhdudlaşdırılması üçün bir sıra sərt tələblər müəyyən edilmişdi. Məsələn, gündəlik kredit üzrə borcu olan şəxsə yeni gündəlik kredit verilə bilməz və əvvəlki kredit tam ödənildikdən yalnız 3 iş günü sonra yeni gündəlik kredit götürmək mümkündür. Bu yanaşmanın arxasında sadə məntiq dayanır: köhnə borcu bağlamaq üçün yeni borc götürülməsinin qarşısı alınmalıdır. Yeni restrukturizasiya mexanizmi də eyni məntiqi davam etdirir.
Əsas dəyişiklik: “borcun borcla bağlanması” əvəzinə “nəzarətli uzatma”
Yeni modeldə borcalana əlavə vaxt verilir, amma bunun üçün o, əvvəlcə borcunun müəyyən hissəsini real olaraq ödəməlidir. Bu, mühüm fərqdir. Çünki borcalan heç bir ödəniş etmədən kreditin müddətini yenidən uzada bilməyəcək. Ən azı 20% əsas borcun ödənilməsi şərti onun borca müəyyən qədər xidmət etdiyini göstərməlidir. Digər tərəfdən, restrukturizasiyanın yalnız bir dəfə mümkün olması borcun aylarla və ya dəfələrlə “çevrilməsi” riskini azaldır.
Kredit riski baxımından daha sərt yanaşma
AMB paralel olaraq gündəlik kreditlərin restrukturizasiyası zamanı onların təsnifləşdirilməsinə də yeni yanaşma gətirir. Ümumilikdə, restrukturizasiya kredit təşkilatı üçün kreditin riskinin artması siqnalıdır. Mövcud prudensial yanaşmada restrukturizasiya olunmuş aktivlərin təsnifatının avtomatik şəkildə yaxşılaşdırılmasına imkan verilmir. Yeni dəyişikliklə gündəlik kreditlər üçün də bu risk daha aydın şəkildə nəzərə alınır: kredit bir dəfə restrukturizasiya ediləndə onun restrukturizasiya anındakı kateqoriyasından daha yaxşı kateqoriyaya keçirilməsinə imkan verilməyəcək. İki və daha çox restrukturizasiya isə ən azı “qeyri-qənaətbəxş aktiv” yanaşmasına səbəb olacaq.
Bu, BOKT-lər üçün mühüm siqnaldır. Çünki restrukturizasiya artıq sadəcə müştəriyə verilən əlavə vaxt deyil, eyni zamanda həmin kreditin risk profilinin pisləşməsi kimi qiymətləndirilir.
100%-lik limit də qüvvədə qalır
Dəyişikliyin digər mühüm tərəfi odur ki, gündəlik kredit üzrə bütün ödənişlərin ümumi məbləği əsas borcun 100%-ni keçməməlidir. Bu məhdudiyyət gündəlik kreditin borcalan üçün ümumi xərcinin nə qədər arta biləcəyinə yuxarı hədd qoyur. Bu tələb 2024-cü ildə gündəlik kreditlər üçün müəyyən edilmiş əsas şərtlərdən biri idi. Başqa sözlə, AMB yalnız “kreditin nə vaxt qaytarılmasını” deyil, borcalanın ümumilikdə nə qədər ödəyəcəyini də nəzarətdə saxlayır.
BOKT-lər üçün mesaj nədir?
Yeni qaydalar BOKT-lər üçün də daha yüksək risk intizamı deməkdir. Gündəlik kredit məhsulu kiçik məbləğli olsa da, çoxsaylı borcalanlar hesabına BOKT-lərin kredit portfelində əhəmiyyətli risk yarada bilər. Ona görə AMB-nin yanaşması belə oxunur:
“Müştəriyə bir dəfə nəfəs almaq imkanı ver, problemi yeni borcla sonsuz şəkildə təxirə salma.”
Bu, həm istehlakçının müdafiəsi, həm də BOKT-lərin kredit risklərinin idarə edilməsi baxımından balanslaşdırılmış yanaşmadır.
Əslində sərtləşmə haradadır?
Başlıqda “restrukturizasiya şərtlərinin sərtləşdirilməsi” ifadəsi diqqət çəkir. Lakin daha dərindən baxanda dəyişiklik yalnız sərtləşdirmə deyil. Əksinə, burada “qadağadan məhdud icazəyə keçid” var. 2024-cü ildə gündəlik kredit restrukturizasiya olunmurdu. İndi isə yalnız bir dəfə, əsas borcun ən azı 20%-i ödənildikdən sonra, maksimum 45 gün müddətinə, gecikməyə görə əlavə faiz və dəbbə pulu tətbiq edilmədən, kredit riskinin təsnifatına mənfi təsirlə restrukturizasiyaya icazə verilir. Bu baxımdan AMB-nin yeni qərarını gündəlik kredit bazarında “yumşalma və riskə qarşı daha sərt prudensial çərçivə” kimi xarakterizə etmək daha doğru olar.
Əsas sual bundan sonra olacaq
Yeni qaydanın effektivliyini müəyyən edəcək əsas göstərici restrukturizasiya edilən gündəlik kreditlərin sayı deyil. Əsas məsələ bu kreditlərin restrukturizasiyadan sonra neçə faizinin real olaraq bağlanacağıdır.
Əgər borcalan bir dəfə əlavə 45 gün əldə etdikdən sonra krediti bağlaya bilirsə, yeni mexanizm problemli borcun idarə olunması üçün işlək alətə çevrilə bilər. Əksinə, restrukturizasiya edilən kreditlərin böyük hissəsi yenidən gecikməyə düşərsə, bu, gündəlik kreditlər üzrə daha dərin ödəmə qabiliyyəti probleminin göstəricisi olacaq.
















