Azərbaycan iqtisadiyyatı üçün ciddi siqnal: qeyri-neft ÜDM həm real, həm də nominal ifadədə aşağı düşür
Maliyyə Nazirliyinin 2026-cı il üzrə yenilənmiş makroiqtisadi proqnozları Azərbaycan iqtisadiyyatında maraqlı paradoksu üzə çıxarır: neft bazarında qiymət gözləntiləri əvvəlkindən daha əlverişli olsa da, qeyri-neft-qaz sektorunun artım perspektivi əhəmiyyətli dərəcədə pisləşib.
Yenilənmiş hesablamalara əsasən, 2026-cı ildə Azərbaycanın ÜDM-i real ifadədə 1,7% artaraq 138 milyard manata çatacaq. Bu, dövlət büdcəsinin layihəsi hazırlanarkən nəzərdə tutulan əvvəlki proqnozdan nominal olaraq 3,9 milyard manat çoxdur. İlk baxışdan bu, müsbət xəbər təsiri bağışlayır. Lakin rəqəmlərin strukturuna baxdıqda daha fərqli mənzərə yaranır.
Əsas diqqət çəkən göstərici qeyri-neft-qaz sektorunun real artım proqnozunun 5%-dən 3,1%-ə endirilməsidir. Bu, 1,9 faiz bəndlik və ya təxminən 38%-lik aşağı düzəlişdir. Başqa sözlə, ilin əvvəlində qeyri-neft iqtisadiyyatından gözlənilən artımın əhəmiyyətli hissəsi artıq proqnozlardan çıxarılıb.
Ən ciddi siqnal: qeyri-neft ÜDM həm real, həm də nominal ifadədə aşağı düşür
Burada daha maraqlı məqam var. Nazirliyin yeni proqnozunda qeyri-neft ÜDM-in nominal həcmi 100 milyard manat göstərilir. Əvvəlki proqnoz isə 101,7 milyard manat idi.
Yəni qeyri-neft ÜDM üzrə:
|
Göstərici |
Əvvəlki proqnoz |
Yeni proqnoz |
Dəyişiklik |
|
Qeyri-neft-qaz ÜDM-in real artımı |
5,0% |
3,1% |
-1,9 f.b. |
|
Qeyri-neft ÜDM-in nominal həcmi |
101,7 mlrd manat |
100,0 mlrd manat |
-1,7 mlrd manat |
|
Ümumi ÜDM-in nominal həcmi |
134,1 mlrd manat |
138,0 mlrd manat |
+3,9 mlrd manat |
|
Orta illik inflyasiya |
4,8% |
5,7% |
+0,9 f.b. |
Bu rəqəmlər belə mühüm bir nəticəyə gətirir ki, ümumi iqtisadiyyat üzrə nominal proqnoz yüksəldiyi halda, qeyri-neft iqtisadiyyatı üzrə nominal proqnoz aşağı salınır. Deməli, ümumi ÜDM-in yuxarı istiqamətli düzəlişi əsasən qeyri-neft sektorunun güclənməsi ilə izah olunmur.
Qeyri-neft sektoru niyə zəifləyir?
Burada Azərbaycanın iqtisadi modelinin mühüm xüsusiyyəti ortaya çıxır. Beynəlxalq maliyyə institutları və agentlikləri neftin orta illik qiymətinin 82-94 dollar arasında olacağını gözləyirlər. Bu, Azərbaycan üçün kifayət qədər əlverişli xarici qiymət mühitidir.
Lakin neftin bahalaşması ilə qeyri-neft sektorunun avtomatik olaraq sürətlənməsi arasında birbaşa əlaqə yoxdur. Əksinə, neft qiymətlərinin yüksəlməsi müəyyən kanallarla iqtisadiyyatın xərc strukturuna da təsir edə bilər.
Məsələn, yüksək enerji qiymətləri qlobal əmtəə qiymətlərində artıma bu da idxal xərclərinin yüksəlməsinə, daxili qiymət təzyiqinin artmasına və real gəlirlərin, tələbin zəifləməsinə səbəb olur. Maliyyə Nazirliyinin inflyasiya proqnozunu 4,8%-dən 5,7%-ə qaldırması da məhz bu baxımdan diqqət çəkir. Yəni Azərbaycan bir tərəfdən yüksək neft qiymətlərindən faydalanır, digər tərəfdən həmin qlobal qiymət şokunun yaratdığı inflyasiya və xərc təzyiqləri ilə üzləşir.
Tikinti və turizm: qeyri-neft artımının zəif nöqtələri
Nazirlik qeyri-neft-qaz sektorunun artım proqnozunun aşağı salınmasını konkret olaraq tikinti və turizm sektorlarında gözlənilən nisbətən aşağı artım templəri ilə əlaqələndirir. Bu, çox vacib məqamdır. Tikinti sektoru Azərbaycan iqtisadiyyatında sadəcə bir sektor deyil. O, çoxsaylı digər sahələr üçün tələb yaradır. Yəni tikinti sektoru özünə çoxlu yan sektorları birləşdirir. Tikinti materialları, nəqliyyat, bank kreditləri, daşınmaz əmlak, xidmətlər, məşğulluq və s. Ona görə tikintidə zəifləmə multiplikativ təsir vasitəsilə digər qeyri-neft sahələrinə də keçə bilər. Əgər tikinti sektorunda əvvəl gözlənilən artım baş vermirsə, iqtisadiyyatın investisiya komponentində də müəyyən zəifləmə yaranır.
Turizmin əhəmiyyəti isə başqa istiqamətdədir. Turizm Azərbaycanın qeyri-neft xidmət ixracının əsas komponentlərindən biridir. Turizmdə zəifləmə xidmət ixracını, xarici valyuta daxilolmalarını, regionlarda iqtisadi aktivliyi, mehmanxana və ictimai iaşə sektorunu, nəqliyyat xidmətlərini təsirləndirə bilər. Deməli, Maliyyə Nazirliyinin tikinti və turizmi ayrıca vurğulaması qeyri-neft sektorunun artımının niyə aşağı salındığını anlamaq üçün əsas ipucudur.
Əsl problem 3,1%-lik artım deyil, artımın keyfiyyətidir
Burada daha fundamental məsələ var. Nəzərə alsaq ki, 3,1%-lik qeyri-neft artımı öz-özlüyündə pis göstərici deyil. Problem ondadır ki, əvvəlki gözlənti 5% idi. Yəni iqtisadi siyasətin əvvəlki hesablamasında qeyri-neft sektorunun daha yüksək sürətlə böyüməsi gözlənilirdi. İndi isə həmin gözlənti əhəmiyyətli dərəcədə aşağı salınır. Bu, Azərbaycanın iqtisadi diversifikasiyası baxımından mühüm siqnaldır. Çünki uzunmüddətli perspektivdə Azərbaycanın iqtisadi artımını neft hasilatının və neft qiymətlərinin deyil, məhz sənayenin, kənd təsərrüfatının, tikintinin, turizmin, logistikanın, İKT-nin, maliyyə xidmətlərinin, qeyri-neft ixracının artımı müəyyən etməlidir.
Əgər neft qiyməti 80-90 dollar ətrafında olduğu halda qeyri-neft sektorunun artımı 5%-dən 3,1%-ə düşürsə, burada əsas sual “neft gəlirləri nə qədər olacaq?” yox, “neft gəlirləri qeyri-neft iqtisadiyyatında hansı əlavə dəyəri yaradır?” olmalıdır.
ÜDM-dəki 3,9 milyard manatlıq artım bizi yanıltmasın
Maliyyə Nazirliyinin verdiyi digər rəqəm də maraqlıdır. Belə ki, ÜDM-in nominal həcmi əvvəlki proqnozdan 3,9 milyard manat çox, 138 milyard manat olacaq. Amma eyni vaxtda orta illik inflyasiya proqnozu 0,9 faiz bəndi artırılaraq 5,7%-ə çatdırılıb. Bu səbəbdən nominal ÜDM artımını real iqtisadi genişlənmə kimi qəbul etmək olmaz. Çünki nominal böyümə ilə real böyüməni bir-birindən ayırmaq lazımdır.
Qiymətlər yüksəldikcə iqtisadiyyatın manat ifadəsində həcmi arta bilər. Amma bu, ölkənin daha çox mal və xidmət istehsal etdiyi anlamına gəlmir. Ona görə də 2026-cı il üçün 1,7%-lik real ÜDM artımı daha vacib göstəricidir.
Bir başqa paradoks: qlobal artım zəifləyir, neft bahalaşır
Maliyyə Nazirliyinin proqnozlarında iki fərqli qlobal tendensiya paralel görünür. Qlobal artımı BVF – 3,0%, Dünya Bankı – 2,5% qeyd edir. Amma neft üzrə proqnozlar 82-94 dollar diapazonundadır. Bu göstərir ki, qlobal iqtisadiyyat zəifləyir, neft qiymətləri isə yüksəkdir.
Bu vəziyyətdə Azərbaycan neft ixracatçısı kimi bir tərəfdən üstünlük qazanır, digər tərəfdən isə qeyri-neft ixracatçısı kimi qlobal tələbin zəifləməsi riskini daşıyır. Məsələn, qlobal iqtisadi artımın zəifləməsi Azərbaycanın qeyri-neft məhsullarına və xidmətlərinə xarici tələbi də məhdudlaşdıra bilər. Beləliklə, neft sektoru ilə qeyri-neft sektorunun xarici mühitdən aldığı siqnallar eyni deyil.
2026-cı ilin əsas iqtisadi testi
Nəticə etibarilə, Azərbaycanın 2026-cı ildə əsas iqtisadi problemi gəlir çatışmazlığı deyil, real qeyri-neft artımının sürətidir.
Neftin qiyməti yüksək olduqda dövlətin fiskal imkanları nisbətən genişlənir. Amma bu, iqtisadiyyatın struktur transformasiyasını təmin etmir. Əgər odur ki, fiskal imkanlar investisiyaya, məhsuldarlığa, istehsala, ixraca, qeyri-neft gəlirlərinə çevrilsin. Əgər bu zəncir effektiv işləmirsə, yüksək neft gəlirlərinin iqtisadiyyata təsiri daha çox fiskal və istehlak kanalı ilə məhdudlaşa bilər.
Beləliklə, Maliyyə Nazirliyinin yeni proqnozlarında ən mühüm rəqəm 1,7%-lik ÜDM artımı deyil, 5%-dən 3,1%-ə endirilən qeyri-neft-qaz artımıdır. Ona görə 3,1% rəqəmini yalnız “proqnoz aşağı salındı” kimi yox, iqtisadi diversifikasiyanın real vəziyyətinə dair siqnal kimi oxumaq lazımdır.
Və 2026-cı ilin sonunda əsas sual belə olacaq: Azərbaycan yüksək neft qiymətlərindən əldə etdiyi üstünlüyü qeyri-neft sektorunda daha yüksək və dayanıqlı real artıma çevirə bildimi? Etiraf edək ki, bu sual ümumilikdə neft gəlirlərinin yüksək olduğu bütün dövrlərə aiddir.


















