TURİZM

Dünyanın piyada-dostu şəhərləri açıqlanıb - SİYAHI

Şəhəri avtomobilsiz, taksisiz və metroya ehtiyac olmadan gəzmək istəyən turistlər üçün yeni reytinq hazırlanıb. Siyahının ilk 10-luğunda Avropa şəhərləri üstünlük təşkil edib. Azərbaycanın qonşusu Türkiyənin Bursa şəhəri də reytinqə daxil olub.

Səyahət zamanı şəhəri piyada kəşf etmək həm nəqliyyat xərclərini azaltmağa, həm də turistə həmin şəhərin gündəlik həyatını daha yaxından görməyə imkan verir. Bu baxımdan dünyanın hansı şəhərlərinin piyada gəzmək üçün daha əlverişli olduğu ilə bağlı yeni reytinq açıqlanıb.

Skyscanner platformasının hazırladığı indeksdə şəhərlərin piyada əlçatanlığı qiymətləndirilib. Araşdırmada əsas turistik məkanlar arasındakı məsafə, bu məsafəni piyada qət etmək üçün lazım olan vaxt və addımların sayı, piyada yollarının sayı, orta yüksəklik, hava keyfiyyəti, təhlükəsizlik, əhalinin sıxlığı və şəhərdəki turistik məkanların sayı daxil olmaqla 14 fərqli göstərici nəzərə alınıb.

Dünyanın ən piyada-dostu 10 şəhərinin Siyahısını Skyscanner-in 2026-cı il reytinqinə əsasən təqdim edirik:

Kordoba, İspaniya

Naqasaki, Yaponiya

Hiroşima, Yaponiya

Recco Kalabriya, İtaliya

Monte Karlo, Monako

Tartu, Estoniya

Bursa, Türkiyə

Bolzano, İtaliya

Sarayevo, Bosniya və Herseqovina

Viktoriya, Kanada

Kordoba – əsas görməli yerlər 26 dəqiqəlik məsafədə

Reytinqin lideri İspaniyanın Kordoba şəhəridir. Əndəlusun mərkəzində yerləşən Kordoba vaxtilə Roma imperiyasının mühüm şəhərlərindən biri, daha sonra isə İslam dünyasının əhəmiyyətli mədəniyyət mərkəzlərindən olub. Şəhərin əsas üstünlüklərindən biri tarixi və turistik məkanların bir-birinə yaxın yerləşməsidir. Skyscanner hesablamalarına görə, əsas görməli yerlər arasında piyada hərəkət etmək cəmi 26 dəqiqə çəkir. Şəhərdə və onun ətrafında 29 piyada marşrutu da mövcuddur. Kordobaya gələn turistlərin əsas dayanacaqları arasında UNESCO-nun Dünya İrsi siyahısında olan tarixi şəhər mərkəzi, məşhur Mezquita məscid-kilsəsi, Palacio de Viana, Yəhudi məhəlləsi və Alcázar de los Reyes Cristianos sarayı var.

Recco Kalabriya – 25 dəqiqəyə şəhəri piyada kəşf etmək mümkündür

İtaliyanın cənubundakı Recco Kalabriya da turistlərin diqqətindən kənarda qalan, lakin piyada gəzmək üçün əlverişli şəhərlərdən biridir. Messina boğazının qarşı tərəfində, Siciliyanın düz yaxınlığında yerləşən şəhər dəniz mənzərələri və çimərlikləri ilə seçilir. Şəhərin əsas turistik məkanları arasında dənizkənarı ərazi, Via Marina küçəsindəki Rabarama heykəlləri və Magna Grecia Milli Arxeologiya Muzeyi var. Əsas görməli yerləri piyada gəzmək üçün təxminən 25 dəqiqə və 2 321 addım kifayətdir.

Monte Karlo – lüks avtomobillər şəhəri piyada gəzmək üçün də əlverişlidir

Monte Karlo deyəndə ilk ağla lüks avtomobillər, yaxtalar və kazino gəlir. Lakin Monakonun bu məşhur ərazisi piyada səyahət üçün də əlverişli şəhərlərdən biridir. Bunun əsas səbəbi ərazinin olduqca kiçik olmasıdır. Şəhərin sahəsi 1 kvadrat kilometrdən də azdır. Turistlər dizayner mağazalarının yerləşdiyi küçələrdən keçərək dəniz mənzərələrinə baxa, məşhur limanı, Okeanoqrafiya Muzeyini, Casino Square-i və Monako knyazının avtomobil kolleksiyasını ziyarət edə bilərlər. Lakin bir problem var: şəhər kiçik olsa da, kifayət qədər təpəlidir. Buna görə piyada səyahət edənləri bəzi yerlərdə ciddi yoxuşlar gözləyir.

Tartu – Avropanın ən yaşıl və təmiz şəhərlərindən biri

Estoniyanın ikinci böyük şəhəri olan Tartu siyahıda 6-cı yerdədir. Şəhər 2024-cü ildə Avropa Mədəniyyət Paytaxtı olub. Buna baxmayaraq, Avropanın digər məşhur turizm mərkəzləri ilə müqayisədə Tartu hələ də nisbətən az tanınır. Tartu qədim şəhər mərkəzi, taxta evləri, parkları, çaykənarı gəzinti yolları və küçə incəsənəti ilə seçilir. Şəhərin mühüm üstünlüklərindən biri isə hava keyfiyyətidir. Skyscanner məlumatlarına görə, reytinqə daxil edilən şəhərlər arasında ən aşağı hava çirklənməsi Tartu şəhərindədir. Turistlərin ziyarət edə biləcəyi əsas məkanlar arasında Estoniya Milli Muzeyi, Town Hall Square və Tartu Universitetinin Botanika bağı var.

Bursa – Türkiyənin ilk paytaxtı reytinqdə 7-ci yerdə

Siyahıda Azərbaycan oxucusu üçün ən maraqlı şəhərlərdən biri Bursadır. Türkiyənin şimal-qərbində yerləşən Bursa Osmanlı imperiyasının ilk paytaxtı olub. Şəhərdə Osmanlı irsinin izləri bu gün də qorunub saxlanılır. Bursa həmçinin Roma və Bizans dövründən bəri məşhur olan termal suları ilə tanınır. Şəhərin tarixi bazarları, təbii gözəllikləri, Osman Qazi türbəsi, Ulu Cami və Koza Han əsas turistik məkanlar sırasındadır. Skyscanner hesablamalarına görə, Bursada əsas görməli yerlər arasında piyada hərəkət etmək təxminən 1 saat çəkir.

Bolzano – Dolomitlərin qapısından daha çoxu

İtaliyanın Alto Adice bölgəsinin paytaxtı olan Bolzano Dolomitlərə gedən turistlər üçün əsas keçid məntəqələrindən biridir. Lakin şəhər yalnız dağlara gedən yol üzərində yerləşən dayanacaq deyil. Piazza Walther, Via dei Portici və Cənubi Tirol Arxeologiya Muzeyi kimi əsas məkanları təxminən 1 saat ərzində piyada gəzmək mümkündür. Şəhərin ətrafında 505 piyada marşrutu var. Bolzano həmçinin reytinqə daxil edilən şəhərlər arasında təhlükəsizlik göstəricisi ilə seçilir.

Sarayevo – tarixlə iç-içə piyada səyahət

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo da dünyanın ən piyada-dostu şəhərləri sırasında yer alıb. Miljacka çayının sahilində və Dinar Alplarının əhatəsində yerləşən şəhər daş döşənmiş küçələri, Osmanlı memarlığı və fərqli tarixi dövrlərin izlərini bir arada saxlaması ilə diqqət çəkir. Piyada tur zamanı Sarayevo şəhər meriyası, Baščaršija bazarı və Latın körpüsü əsas dayanacaqlar ola bilər. Şəhərin tarixi ilə daha yaxından tanış olmaq istəyən turistlər İnsanlığa Qarşı Cinayətlər və Soyqırım Muzeyini, eləcə də War Childhood Museumu ziyarət edə bilərlər.

Piyada gəzmək artıq turist seçiminə çevrilir

Yeni reytinq bir daha göstərir ki, şəhərin turist üçün cəlbediciliyi yalnız məşhur abidələrin sayı ilə ölçülmür. Kompakt şəhər planlaması, təhlükəsiz küçələr, piyada infrastrukturu, aşağı çirklənmə və turistik məkanların bir-birinə yaxınlığı şəhəri daha rahat səyahət məkanına çevirən əsas amillər sırasındadır.

Maraqlıdır ki, reytinqdə dünyanın ən məşhur turizm mərkəzləri deyil, daha çox “gizli qalmış” və inkişaf etməkdə olan şəhərlər önə çıxarılıb. Bu isə turistlərin gələcəkdə yalnız Paris, Roma və London kimi klassik istiqamətlərə deyil, daha kiçik və piyada gəzməyə əlverişli şəhərlərə də maraq göstərə biləcəyinə işarə edir.

Belə şəhərlərdə turist üçün ən böyük üstünlük isə sadədir: şəhəri görmək üçün nə avtomobil, nə taksi, nə də mürəkkəb nəqliyyat xəritəsi lazımdır – rahat ayaqqabı kifayətdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)